Çip beynimizə necə yerləşdiriləcək? - İnkişaf və fəsadlar

Çip beynimizə necə yerləşdiriləcək? - İnkişaf və fəsadlar
12 yanvar 2021
# 17:19

Kulis.az Simran Qədimin "“Neuralink” və ya beynimizin çiplənməsi" essesini təqdim edir.

Elmi-texniki yeniliklər həmişə inqilab yaradıb, sanki insanlar heç gözlənilmədən, nə baş verdiyinin fərqinə varmadan bir aləmdən çıxıb tamam başqa, paralel dünyalara keçid ediblər.

Avtomobilin, qatarın, təyyarənin kəşfi nəqliyyat sistemində köklü dəyişikliklər edərək, Yer kürəsinin sərhədlərini təsvirəgəlməz ölçüdə daraldıb. Sənayedə istifadə olunan cürbəcür texnologiyalar, kompüterləşmə insan əməyini qatbaqat yüngülləşdirib, istehsalın həcmi artıb, maliyyəti azalıb. Mobil telefonlar, “rəngarəng” qadcetlər, internet, sosial şəbəkələr həyatımızı təzədən şəkilləndirib, informasiya əlçatan olub. İşıq sürətli bir tor – şəbəkə mexanizmiylə dünya evimizdəcə cəmlənib. Son 30-40 ildə texnologiyalar həyatımıza elə dərindən nüfuz edib ki, bizi sıxışdırıb yerimizə keçəcək deyə düşünməyə bilmirsən.

Bu gün daha bir sıra yeniliklərin yaşandığı, belə demək mümkünsə, zamandan irəli atıldığımız tarixi proseslərin içindəyik. “Forbes” jurnalına görə, 167,2 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin 2-ci adamı olan eksentrik sahibkar, investor İlon Mask hamını təəccübləndirməyə davam edir. Kosmosu su yoluna döndərib, Marsda koloniyalar qurmağı hədəfləyən “SpaceX”, ekoloji zərərli avtomobilləri avtonom idarə edilə bilən elektromobillərlə əvəzləyən “Tesla”, havayı havaya sovrulan Günəş enerjisini elektrik enerjisinə çevirən “SolarCity”, təyyarədən sürətli, qatardan ucuz yeni nəqliyyat sistemiylə uzaq məsafələri yaxın etməyi planlaşdıran “Hyperloop” şirkətləri... və “Neuralink!..”

“Neuralink” layihəsinin məqsədləri

Keçən aylarda səs-küylü hadisəyə – “Neuralink” layihəsinin canlı varlıq üzərində sınaqdan keçirildiyi təqdimat mərasiminə şahidlik etdik. Dünyanın bir çox nüfuzlu kanalları, yutuberləri tədbiri birbaşa yayımladılar. Donuz üzərində uğurla nümayiş olunan, tezliklə insanlarda da testdən keçirilməsi planlaşdırılan layihənin bir çox məqsədləri var:

1. Tibbin inkişafı: onurğa beyni xəsarətlərinin, iflicin, altşeymer, parkinson, depressiya, yuxusuzluq kimi xəstəliklərin, görmə, eşitmə, yaddaş itkisinin müalicəsi.

2. Texnologiyanın inkişafı: beynimizi kompüter sisteminə birləşdirəcək simbioz bir mexanizmin – beyin-kompüter interfeysinin yaradılması.

Mütəxəssislər bildirirlər ki, saç telindən dəfələrlə incə 1024 elektrod lifi xüsusi qurğuyla beyinə yerləşdirilib – “əkilib”, iyirmiqəpiklik boyda çipə birləşdiriləcək. Beləliklə, beynimizlə, düşüncələrimizlə hər növ cihazları, hətta avtomobilimizi də idarə edə biləcəyik. Qısası, bütün texnologiyalara inteqrasiya olunan insan-maşın konstruksiyaları yaradılacaq.

Layihənin davamı olaraq bir çox futuristik ideyalar səsləndirilir:

1. İlon Mask dəfələrlə vurğulayıb ki, süni zəka bir gün bəşəriyyətə zərər verməyə başlaya bilər. Məhz bunun qarşısını almaqdan, necə deyərlər, robotların əsarəti altına düşməməkdən ötrü beyin imkanlarımızı genişləndirəcək vasitələr yaratmalıyıq. Bizi daha ağıllı, güclü, bacarıqlı bir varlığa çevirəcək “Neuralink”in də digər məqsədi budur.

2. İnsan öləndə beyni də içindəkilərlə birgə məhv olur. Halbuki doğulan gündən valideynlərimizin, ata-babalarımızın beyinləri içindəki “material”larla – bilgi və bacarıqlarla bizə ötürülsə, necə də möhtəşəm olardı. Ömrümüzün uzun bir hissəsini artıq bilinən şeyləri mənimsəməyə çalışmaq əvəzinə, hazır bilgilərin üstünə nəsə qoyar, yeni-yeni şeylər kəşf edərdik. Bu zaman sivilizasiyamızın inkişaf sürəti birə-min artıb kosmik sürət alardı.

3. Beynimizin, yaddaşımızın – xatirələr, xəyallar, emosiyalarla - köçürülməsi mövzusunu bir azca da təkmilləşdirək. Məsələn, kompüterin sərt diskinə kopyalanan insan beyni avatar-robot bədənlərə birləşdirilə bilər. Nəticədə, büsbütün rəqəmsallaşaraq ölümsüzlüyə qovuşarıq. Nyutonun, Eynşteynin, Dekartın, Kantın beyinlərinin başqa bədənlərə köçürülüb, ömürlərinin uzadıldığını düşünün. Nə qədər inanılmaz kəşflər edilmiş, əsərlər yazılmışdı indiyə kimi.

4. İnsanlarla şimpanzelər arasındakı 2 %-lik DNT fərqi mədəniyyətlər qurmağımıza, kosmosa çıxıb, robotlar düzəltməyimizə yetərli oldu. Bəs “Neuralink” kimi çiplərlə, biotexnologiyalarla, eyni zamanda, gen mühəndisliyi ilə daha 2 %-lik inkişafa nail olsaq, nələr edə bilərik? Bəlkə də, qalaktikaları, kainatı fəth edər, yaşamın bütün sirlərini açarıq.

Digər yandan bu mövzuları araşdıran alimlər, yazıçılar, filosoflar həyəcan təbili çalır:

1. İnsan beyni min illər boyu instinktlərdən ibarət - limbik və rasional mərkəzlərin birgə fəaliyyətiylə mövcud olub. Beyinə rəqəmsal mərkəzin qoşulması onun normal işləməsinə mane ola bilər, heç kəsin nəzərə almadığı bir çox fəsadlar, yan təsirlər baş qaldırar.

2. Az qala bədənimizin bir üzvünə çevrilən, gecə-gündüz əlimizdən yerə qoymadığımız smartfonlardan fərqli olaraq “Neuralink” çipləri, sözün həqiqi mənasında, bədən üzvümüzə, beynimizin bir parçasına çevriləcək. Onsuz da həyatımızı reallıqdan uzaq keçiririk: ya yuxuda, ya da cürbəcür ekranlara - televizora, kompüterə, telefona baxaraq. Bəs reallıqdan daha da qopub, tamam virtuallaşmağımız insanlığın sonu demək deyil ki?

3. “Neuralink” çipləri qısa zamanda dünyadakı bütün insanlara implant ediləcək. Toplu şəkildə ən kiçik düşüncələrimizə, hisslərimizə, arzu-xəyallarımıza qədər nəzarət altına alına, haker hücumlarına məruz qalıb zombiləşə, başqaları tərəfindən idarə oluna bilərik.

4. Elmin bu inkişafı apokaliptik, qorxu-dəhşət saçan fantastik filmlərdəki kimi, insanlığın öz-özünü məhvinə gətirib çıxaracaq. Atom bombaları, nüvə texnologiyları bunun başlanğıcıdır. Eynşteyn deyirdi: “Üçüncü Dünya müharibəsində hansı silahdan istifadə ediləcəyini bilmirəm, amma dördüncüsü daş-dəyənəklə olacaq”.

Bəs müsbət cəhətlərinə görə elmi-texniki inkişafı davam etdirməli, yoxsa mənfiliklərindən qorxub dayandırmalıyıq?

İnsanlar ta mağara dövrlərindən bu yana yeniliklərdən qorxub, bilmədikləri, tanımadıqları, mahiyyətini anlamadıqları şeylərdən ehtiyatlanıblar. Tarixdə atılan müəyyən addımlar faciələrə yol açsa da, inkişafın qabağını almaq mümkün olmayıb. Əgər bu günəcən elmin qarşısını kəsib yerimizdə saysaydıq, indi nə orta yaş həddini artıran müasir tibb yaranardı, nə həyatımızı asanlaşdıran texnologiyalar, nə də fizika, biologiya, astronomiya kimi elm sahələri.

“Yeni texnologiyalar yaratmaqla yanaşı, ondan ağılla, ehtiyatla, yalnız xeyir əməllər üçün istifadə etməyi öyrənməliyik”.

Dördüncü Sənaye inqilabı

Son üç əsrdə dünyanı dəyişən əsas faktorlardan biri, bəlkə də, birincisi sənaye inqilabları olub:
XVlll əsrin ikinci yarısından etibarən toxuculuğun inkişafı, buxar maşınlarının kəşf edilib istehsalın mexanikləşdirilməsi, manufakturaların fabriklərə keçidiylə Birinci, XlX əsrin sonları, XX əsrin əvvəllərində polad istehsalının təkmilləşdirilməsi, dəmir yollarının yayılması, konveyer üsulunun tətbiqi, maşınqayırmanın aktivləşməsi, elektrikləşmə, teleqrafın, radionun icadıyla İkinci, XX əsrin sonlarında kompüterlərin, rəqəmsallaşmanın, internetin, robototexnikanın yaranmasıyla Üçüncü Sənaye inqilabı baş verdi.

Bu gün isə süni zəka, 3D printerlər, əşyaların interneti, “Big data”, kvant fizikası, nanotexnologiyalar və gen mühəndisliyi kimi yeniliklərlə Dördüncü Sənaye inqilabını yaşamaqdayıq. İndiki şəraitdə geriyə yol yoxdur, dünya innovasiyalarla, startaplarla günbəgün dəyişir. Nəyəsə nail olmaq üçünsə ancaq zəkaya, elm və biliyə arxalanmalıyıq. Gərək keçmişin nostalgiyasından qurtulub, gələcəyin işığına tərəf yönələk.

Kaliforniyada, “Silikon Vadisi” adlanan bölgə var. Orada toplaşan “Amazon”, “Apple”, “Google”, “Facebook”, “Twitter”, “Tesla”, “SolarCity” kimi texnologiya nəhəngləri bu gün dünyada söz sahibidirlər. Amma “Silikon Vadisi” tək konkret coğrafiyada yox, hər birimizin beynində, şüurumuzun dərinliklərində yaranmalıdır. Dövrümüzdə elmi savadlılığın artırılıb prioritetə çevrilməsi, özünütənqidlə özünüinkişaf yoluna qədəm qoyulması hər kəs üçün hədsiz böyük önəm daşıyır.

Tez-tez gündəmə gətirilən elmi-texniki yeniliklərdən böyük gözləntilər olsa da, üç-beş ilin içindəcə göydə maşınların uçacağını, insanların kiborqlara çevrilib, “Qalaktika imperiya”ları quracağını düşünə bilmərik. Yəqin ki, bunlar gələcəkdə, ola bilsin, minilliklər, əsrlər uzaqlığında olmayan yaxın gələcəkdə hansısa formada reallaşacaq. Amma tələsməyə ehtiyac yoxdur, inamlı, dəqiq addımların atılmasına həmişə zaman lazım olur.

Bizi digər canlılardan fərqləndirən əsas şeyi - beynimizi nəyləsə əvəzləmək, ona müdaxilə etmək, onu anlamaq, bəlkə də, insanlığın ən son, ən ali mərhələsidir. Bizi “biz” olmaqdan çıxaracaq, paralel dünyalara salıb, heç təsəvvürümüzə belə gətirmədiyimiz bir varlığa, superinsana çevirəcək bu proses isə artıq başlayıb.

# 3574 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #