Çində "Nizami irsi" layihəsinə strat verildi

Çində "Nizami irsi" layihəsinə strat verildi
27 yanvar 2021
# 14:46

Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrası ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması münasibətilə "Nizami irsi" layihəsinə start verib.

Kulis.az xəbər verir ki, bu barədə kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev məlumat verib. O bildirib ki, layihə bir il ərzində həyata keçiriləcək tərdbirlər silsiləsindən ibarət olacaq. Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda Çin-Azərbaycan ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

A.Əliyevin sözlərinə görə, il ərzində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi və publisistik məqalələrin dərci, sərgi və elmi konfransın təşkili, Nizaminin əsərlərinin Çin dilinə tərcüməsi, Azərbaycan və dünya nizamişünaslığına aid elmi araşdırmaların Çin dilinə tərcüməsi həyata keçiriləcək, habelə Çində nizamişünaslığın yaranması və inkişafı problemləri tədqiq ediləcək.

Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrlar hazırlanmasına başlanılıb. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan dili kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr icra olunub. "Nəsimi ili" çərçivəsində 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı sərgisi də keçirilib.

# 1837 dəfə oxunub

Müəllifin son yazıları

# # #