Bu gün ədəbiyyat üzrə Nobeli kim alacaq? - Proqnoz

Bu gün ədəbiyyat üzrə Nobeli kim alacaq? - Proqnoz
7 oktyabr 2021
# 11:15

Bu mükafatla bağlı proqnoz verənlər, obrazlı desək, sanki bir növ sirkdə başlarını şirin ağzına soxurlar. Şir də hər dəfə ağzını bağlayıb başlarını qoparır. Hər il dostlarla potensial qalib haqqında öz aramızda proqnozlar veririk, mən cəmi bir dəfə uduşlu bilet çəkə bilmişəm—Tokarçukun udacağını deyəndə. Bütün qalan hallarda oxum daşa dəyib.

Proqnoz vermək üçün ilk növbədə bu mükafatın hansı prinsiplərlə verildiyini başa düşməliyik. Son illərə baxanda mən iki və yarım təmayül müşahidə edə bilmişəm:

a) Yaxşı yazıçı hesab olunan, amma öz ölkələrindən kənarda çox da tanınmayan adamlar: Qlük, Modiano, İşiquro.

b) Ədəbiyyat isteblişmentinin yazıçı kimi qəbul etmədiyi və ya canceletdiyi adamlar: Dilan, Alekseyeviç, Handke. Nəhayət, İsveç akademiyasında qalmaqaldan sonra yaranmaqda olan yarım təmayül:

c) Dövrün proqressiv ruhuna cavab verən aktivist tipli, amma yenə də yaxşı yazıçılar (qadın, qara və qaçqın olsalar lap yaxşı olar): Tokarçuk.

Bu iki və yarım təmayülü əsas götürüb nə proqnoz vermək olar?

Qatarı gedənlər: Milan Kundera, Ismail Kadare, A.B. Yehoshua, Adunis, Salman Rushdie—Nobel mükafatı daha lifetime achievement mükafatı sayılmır. Əgər kimlərsə hələ də bu dinozavrların mükafat alacağını düşünürsə, deməli, Philip Roth-un müsibətindən dərs çıxarmayıb. Bu insanlara faktiki olaraq deyirlər ki, siz korifey sənətkarlarsız, bütün dünyada tanınırsız, Nobelsiz də sizin tacınız var. İnciməyin, amma Nobelə sizdən daha çox ehtiyacı olan yazıçılar var.

Mediada yazırlar ki, Annie Ernaux favoritdir, ruslar da Ulitskaya haqqında elə deyir. Əslində heç birinin Nobel alacağını düşünmürəm. Niyə sualına bir müəyyənedici cavabları yoxdur. Nədir onları başqa namizədlərdən fərqləndirən? Modiano kimi ancaq bir ölkəyə həbs olunmaq? Tokarçuk kimi proqressiv etirazçılıq? Handtke kimi qalmaqallı reputasiya? Keçən il Javier Marías haqqında da eyni formada reklam gedirdi, amma boş çıxdı.

Thomas Pynchon, Don DeLillo, Jonathan Franzen də mükafatı ala bilməyəcək. Mənim arqumentim—İsveç Akademiyası onların başının üstündən iki dəfə keçib Dilan və Qlükü seçdisə, deməli bu şəxslər nə qədər böyük yazıçı olsalar da, Akademiyanı qane etmirlər.

Eyni qaydada nə Hilary Mantel, nə Julian Barnes. Hərçənd mənə görə bu dəqiqə Nobelə ən layiqli namizəd Julian Barnes-dir. Qalib gəlsə dəhşət sevinərəm, amma sıfır gözləntim var. Niyəsi uzundur, burada yeri deyil.

Margaret Atwood—yaxşı yazıçıdır, aktivistdir, feministdir, kanadalıdır, üstəlik əgər mükafatı alsa, lifetime achievement də sayıla bilər və bəzi bədxah tənqidçilərin də ağzı yumular. Əleyhinə arqument—artıq dünyada kifayət qədər tanınır. Ona görə də, məsələn, Atwood əvəzinə Bernardine Evaristo və ya Scholastique Mukasonga kimi onun tipində, amma nisbətən cavan və az tanınan yazıçı ola bilər.

Anne Carson-un da şansı var, həm kanadalı olduğuna görə və bir də əgər Akademiya iki il dalbadal şairlərə mükafat verməyi məqbul saysa.

David Grossman—dövrün proqressiv ruhuna cavan verən növbəti aktivist tipli yazıçı. İsrail dövlətinin Fələstin siyasətini ardıcıl tənqid edir. Üstəlik, İsraildən laureat uzun müddət olmayıb. Həm də Amos Oza görə bir növ israillilər qarşısında üzrxahlıq edərlər.

Ngũgĩ wa Thiong’o—Afrikadan üç yazıçı Nobel alıb, onların ancaq biri ağdır (Məhfuzu, Kamyunu və Simonu da saysaq 1/6). Digər namizəd– əslən Somalidən Nuruddin Farah. Hər ikisinin yaxşı ədəbi tərcümeyi-halı var. Yaşları da keçir, biri 83, o birisi 75.

Nobel ədəbiyyat mükafatı alan sonuncu qaradərili yazıçı 1993-cü ildə Toni Morrison olub. Ona görə də əslində fransız Maryse Condé-nin də şansı böyük idi. Amma Maryse xanım İsveç Akademiyasına etiraz olaraq yaradılmış Yeni Akademiyanın mükafatını alıb. İndi İsveç Akademiyası ona Nobel versə, etiraf etmiş olacaq ki, biz səhv idik, yeniakademiyaçılar düz. Mən isveçli deyiləm, isveçlilərin xarakterini bilmirəm, amma bəlkə Akademiyada etiraf və tövbə kültürü o dərəcədədir ki, yeniakademiyaçıların düz olduğunu qəbul edəcəklər?

Afrikalı yazıçılar və Maryse Condé alınmasa, onda ehtiyat variant: Jamaica Kincaid.

İki macar yazıçısının adını da çəkirlər: KrasznahorkaiNádas. Heç birini oxumamışam, həyat və yaradıcılıqları ilə tanış deyiləm. Əgər Orbana qarşı aşkar müxalif mövqeləri varsa, mükafatı onlardan birinə də verə bilərlər. Orban qərbi avropalıları boğaza yığıb. Ona yaxşı bir çırtma vurmaq lazımdır.

Nəhayət, Jon Fosse—son onillikdə Skandinaviya ədəbiyyatı bütün dünyada qələbə yürüşünə çıxıb. Ona görə də skandinaviyalılar bu dəfə utanmadan, çəkinmədən, rahat vicdanla özlərinə mükafat verə bilərlər. Niyə Knausqor yox, Fosse? Knausqor bütün günü mətbuatın səhifələrindən düşmür, təvazökar deyil, bütün dünyada tanınır, həm də cavandır, səhvlərini düzəltməyə vaxtı var. Fosse isə Avstriya-Slovakiya sərhədində balaca bir qəsəbədə sakit həyat tərzi keçirir. Dramaturq olduğuna görə, bu da bir üstünlük. Son mükafat alan dramaturq da 15 il əvvəl Pinter olub.

Mənbə: Əli Novruzovun Telegram kanalı

# 2023 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #