İsanın yatağındakı ilahə MƏTN

İsanın yatağındakı ilahə MƏTN
25 sentyabr 2013
# 07:30

Kulis.Az Səidə Haqverdiyevanın “Yalan” povestini təqdim edir.

Əlləriylə qarnına toxundu, diksindi... Ətrafına boylandı, sanki kimsə onu gördü, adeyalı tez qarnına çəkdi. Gözləri böyümüş halda qapıya, pəncərəyə baxdı. Onu görən olmadığına əmin olduqdan sonra ayağa qalxdı, güzgünün qarşısına keçdi. Paltarının ətəyini aşağı dartdı, qarnında qırışmış yerlərini sığallayıb düzəltdi. Baş barmağı ilə çatma qaşlarını hamarlayıb, iri dişli daraqla saçlarını daradı.

Qapının dəstəyindən tutub açmaq istərkən bir anlığa dayandı, əlini qapıdan çəkdi. Keçib yenidən çarpayının üstündə oturdu. Fikrə getdi. “Mən nə edirəm, nə vaxtacan özümü və başqalarını aldadacam? Məyər əvvəl-axır bu işin üstü açılmayacaq? “

O, əllərini sinəsində bir-birinə bərk-bərk sıxıb əsəbi halda boş otaqda ayaqlarının ucunda vargəl etməyə başladı. Birdən ağlına gələn dəhşətli bir fikirdən özü də diksinərək müvazinətini itirdi, səntirlədi, yıxılmamaq üçün çarpayının dəmir başlığından tutub birtəhər yanını ona söykəyə bildi. Dizləri taqətdən düşmüş kimi bədənini saxlaya bilmədi, sürüşüb döşəməyə oturdu… “Onu öldürmək?!”

Əvvəl fikirləşməyə belə qorxduğu bu iki kəlməni, o, sanki bir çıxış yolu tapıbmış kimi bir neçə dəfə pıçıldadı, sonra bir az da bərkdən dedi və qəfildən şaqqanaq çəkərək: “Əlbəttə, öldürməli! Əlbəttə, öldürməli!”- deyə qarnını döyəclədi. Gülə-gülə dediyi bu kəlmələr tədricən ağzında acılaşdı və o, üz-gözünü turşudub, onlardan iyrənirmiş kimi qışqırmağa başladı: “Öldürməli! Öldürməli!”

Durub mətbəxdən bıçağı götürdü, ucunu qarnına dayayıb qışqırdı: “Sən mənim başıma bəla olacaqsan! Sən mənim həyatımı alt-üst edəcəksən! Mən səni məhv etməsəm, sən məni məhv edəcəksən!”

Biz kimi nazik uclu bıçağı qarnına yeritdi. Əli qanla doldu. “Öldürdüm, öldürdüm səni! Bax beləcə ölərsən!” Bıçağı bir kənara tullayıb özünü həyətə atdı.

Üst-başı qan içində olan Fatiməni görən qonşular tələm-tələsik əl-ayağa düşdülər – biri təcili yardıma, biri polisə zəng etdi. Bir neçəsi də tez təmiz parça gətirib yarasına basdılar, əlinin qanını yudular.

“Öldürdüm! Öldürdüm!” deyə qışqıran Fatiməni sakitləşdirməyə çalışan Nisəbəyim xala sərin yaş dəsmalla onun alnının tərini silə-silə “Ay bala, kimi öldürdün, kimi?” deyib, cahıllara üzünü tutdu:

-A bala, bir içəri boylanın, görün nə baş verib orda? Ancaq ehtiyatlı olun!

Fatimənin mənzilinə daxil olan məhəllə cavanlarından ikisi az keçmiş bayıra çıxdı və orada heç kimin olmadığını bildirdilər. Elə bu zaman təcili yardım özünü yetirdi. Fatiməni xərəyə qoyub yenicə maşına mindirmişdilər ki, polislər həyətə daxil oldular. “Nə olub? Nə olub? Sizi kim vurub?” deyə Fatimənin başının üstünü alan kapitan rütbəli birisi digər polislərə də tələsik göstərişlər verib həkimlərə dedi: “Sürün, mən də sizinlə gedirəm!”

Məhəllədə qalan polis işçiləri ərazini müayinə edib əhali ilə söhbət edərkən, kapitan yolboyu Fatiməni sorğu-suala tutmuşdu.

Fatimə isə dinmir və heç bir suala cavab vermirdi. Kapitan üzünü xəstənin yarasını sarımaqla məşğul olan həkimə tutub soruşdu:

-Doktor, yarası necədi?

-Toya kimi sağalar…

55-60 yaşlı təcrübəli həkimin bu cavabı kapitanı bır az sakitləşdirdi. O, arxaya söykənib dərindən nəfəs aldı…

Xəstəxanada beş gün müalicə alan Fatimədən kapitan Nemətov ona lazım olan bir kəlmə belə sözü eşidə bilmədi. “Ayağım sürüşüb, mətbəxdə yıxılmışam” – deyən Fatiməni həkimlər bıçağın üzdən getdiyini və qarın nahiyəsində heç bir orqanı zədələmədiyini bildirərək evə buraxdılar.

…Axşam gözaydınlığına gələn qonşular çəkilib getdikdən sonra bu vaxtacan öz hərəkətini əməlli-başlı götürqoy edə bilməyən Fatimə, nəhayət ki, buna imkan tapdığına sevindi. Əlini qarnına çəkdi: “Bağışla məni, əziz balam, sənə qarşı cinayət işlətdim. Səni öldürmək istədim, mənim qəşəng qızım!”

“Nə? Qızım? Heç vaxt! O mənim taleyimi yaşamamalıdı! Sən oğlan olmalısan!”

Fatimə sanki kimdənsə küsmüş kimi üzünü divara çevirdi, qarnını qucaqlayıb yatmağa çalışdı və şirin bir yuxu onu qanadlarına alıb apardı. “O”nu, onunla keçirdiyi günləri, onun qoynuna sığınıb mışıl-mışıl yatdığı çağları, öpüşlərindən məst olub dünyanı vecinə almadığı anları, arzuların qanadlarında pərvazlandığı məqamları bir daha yaşadı.

Elə bu zaman “O” Fatiməyə bir dəstə çiçək və bir bağlama hədiyyə etdi. Fatimə tər çiçəkləri qoxulayıb, bağlamanı açdı. Açdı, açdı, açdı… bağlamanın özündən çox kağız çıxdı! Nəhayət, bapbalaca bir gəlincik çıxdı. Gəlinciyi bağrına basıb, “Bu mənəm, bu mənəm!” – deyə atılıb-düşdü. “O” isə: “Yox, bu sən deyilsən, bu sənin qızındı!” – dedi.

Fatimə gəlinciyi sinəsindən ayırıb, gözləri önündə saxladı və diqqətlə ona baxmağa başladı. “Doğurdan da o, bapbalaca qızdır…”

Gəlincik sanki elə bu sözə bənd imiş kimi bir andaca böyüməyə başladı. Böyüdü, böyüdü və gözəl, qəşəng bir qız oldu. Birdən o, əlini atıb Fatimənin boğazından yapışdı. Onu boğmağa başladı. Boğdu, boğdu və… Fatimənin nəfəsi kəsiləndə çırpınıb yuxudan oyandı.

Qantər içində olan Fatimə əlini atıb stulun başından dəsmalı götürdü və tərini sildi. Sanki kimsə görməsin deyə, gözünün ucu ilə tam etinasızcasına qarnına baxdı. Yataqdan durub xalatını geyindi, çarpayıda oturaraq başını əlləri arasına alıb fikrə getdi. “Çıxış yolu tapmaq lazımdı. Günahkar axtarmaq fikri ilə özümü daha da pis vəziyyətə salıram.”

Fatiməni ən çox sıxan o idi ki, dərdini deməyə bir canıyananı, sirrini açmağa bir sirdaşı yox idi. Nə ata vardı, nə ana, nə bacı vardı, nə qardaş… Bir də axı, bu sirri kimə açmaq olardı ki?!

Onun qarşısında iki yol vardı: ya abırsızlığı boynuna alıb, uşağı doğmaq – bununla da bütün məhəllədə, tanış-biliş arasında, yenicə işə düzəldiyi məktəbdə biabır olmaq, barmaqla göstərilmək və bununla da həyatın acılı-ağrılı zərbələrinə sinə gərmək, ya da buradan birdəfəlik köçmək, onu tanımayanların arasında yaşamaq, gəlişi gözlənilməyən bu uşağı dünyaya gətirməklə qəriblikdə ömür sürmək! Üçüncü yol cinayət yolu idi ki, elə ilk cəhddəcə uğursuzluğa düçar oldu…

Lakin hara getmək, kimə bel bağlamaq, hansı yalanları uydurmaq?

Birdən tələbə yoldaşı Xanımzərin qruplarındakı Şəmsəddin adlı bir oğlana dediyi söz yadına düşdü və istər-istəməz dodaqları qaçdı. Əslən Lerikdən olan Xanımzəri ələ almaq üçün maraqlı yalanlar uyduran Şəmsəddinə Xanımzər belə deyirdi: “Şəmi, sən bu yalanlarınla dünyanı gəzə bilərsən, ancaq bizim dağlara qalxa bilməzsən!”

“Ancaq bizim dağlara qalxa bilməzsən!”

“Bəlkə, icazə verəsən, mən qalxım, bacı! Mən yalanla dünyanı gəzmək istəmirəm, mən bircə yalanımın əsirinə çevrilib, məhkum həyatı yaşamaq istəyirəm!.. İcazə ver, mən qalxım…” Qəhər onu boğdu, göz yaşlarını saxlaya bilmədi, hönkürtü ilə üzüqoylu çarpayıya sərildi.

Bir saatdan sonra Fatimə telefon-danışıq məntəqəsində idi. Xanımzərə zəng vurub, qısaca olaraq onu baş verənlərdən agah etdi. Ən yaxın rəfiqəsi ona: “Bu dəqiqə şələ-küləni də yığışdırıb gəlirsən bizə!”-deyə təkid etdi. Fatimə: “Sənəd-sünət işlərimi qaydaya salım, bir həftəyə, Allah qoysa, ordayam.”-dedi. Razılaşdılar.

Üstündən sanki ağır bir dağ götürülmüşdü. Öz-özünə fikirləşdi: “Doğurdan da, dərdi içində saxladıqca, dərd içini gəmirir.”

Çarpayıda dirsəkləndi. Nəzərləri yenə də qarnına yönəldi. Fikrə daldı. Əllərini qarnına qoyub pıçıldadı: “Həyatda çoxları sənə oğlum və ya qızım deyə səslənəcək, amma balam deyərək heç vaxt bağrına basan, əzizləyən olmayacaq… Mən sənin həm anan, həm də atan olacam. Heç kimin sənin varlığından xəbəri olmayacaq!”

Bir həftə ərzində Fatimə ikiotaqlı mənzilini dəyər-dəyməzinə satıb, Lerikə yola düşdü. Xanımzərin icra hakimiyyətində işləyən həyat yoldaşının köməkliyi ilə ucqar dağ kəndlərinin birində dil-ədəbiyyat müəllimi düzəldi. Sahibsiz qalmış bir evi kənd icra nümayəndəliyinin köməkliyi ilə alıb, yüngülvari təmir etdirdi və gələcək övladı ilə orada yaşamağa başladı. Soruşanlara isə, yalan danışmaq onun üçün nə qədər ağır və təhqiramiz olsa da, “Ərim müharibədə itkin düşüb” dedi. Qarabağ savaşının şiddətli dövrləri olduğundan, bu yalana hamı tezliklə inandı…

Az müddətdə həm kənd camaatının, həm də işlədiyi kollektivin hörmət və rəğbətini qazanan Fatimə, nəhayət ki, bətnində gəzdirdiyi “bəlasını” dünyaya gətirdi. Ona İlahə adını verdi.

Uşaq dünyaya gəldikdən sonra belə onunla evlənmək istəyənlərin sayı azalmamışdı. Amma o bu barədə heç düşünmək belə istəmirdi. Həyatda sevincli günlərini barmaqla sayan gənc ananı övladının dünyaya gəlişi belə sevindirə bilmədi. Daim ona əzab verən bir yalanla yaşamaq onu sıxırdı, əziyyət verirdi. Mərhəmətindən istifadə etdiyi insanların gözlərinin içinə baxa bilmirdi. Lakin bircə şeylə təskinlik tapırdı: “Bu yalan günahsız bir körpənin həyatını xilas etdi.”

O, günahlarının bağışlanması üçün gecə-gündüz Yaradana səcdə edirdi. Bu günahların varlığını isə bir Ulu Tanrı, bir də rəfiqəsi Xanımzərdən savayı heç kim bilmirdi. Doğru deyiblər ki, yalan yalan doğurar, yalandan yalan törəyər... Şirin dilinə inanıb “O”nunla qeyri-qanuni intim münasibətdə olması - bir yalan, uşağı məhv etmək üçün cinayət işlədib onu danması – iki yalan, uşağın atasının itkin düşməsini uydurması – üç yalan... Doğru deyiblər ki, yalanla dünyanı gəzmək olar, ancaq qayıtmaq olmaz.

***

İllər ötdü, İlahə ağıllı, tərbiyəli, gözəl bir qız kimi böyüdü. Hələ orta məktəbi bitirməmiş elçilərin biri getdi, biri gəldi... Elçi düşənlərə isə xətirlərinə dəyməmək üçün anasının bir cavabı olardı: “Mənim qızım hələ balacadı, o, təhsil almalıdı.”

İlahə belə şeyləri heç vecinə də almazdı. Onun işi-gücü ancaq dərs oxumaq, ali məktəbə hazırlaşmaq idi.

Və nəhayət, orta məktəbi əla qiymətlərlə bitirən İlahə elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olundu. Həmin gecə ana-bala nə qədər sevindilər!

Onlar artıq kənddə yaşaya bilməzdilər. Ana-bala bir-birinə arxa-dayaq olmalıydılar. İlahə harda – Fatimə də orda olmalıydı. Təbii ki, şəhərə qayıtmalıydılar. Fatimə baş götürüb qaçdığı, doğulub boya-başa çatdığı Bakıya dönməliydi. Bu, çox ağır olsa da, çətin günlərində onun qolundan tutmuş insanlardan ayrılmaq məcburiyyətindəydi.

Bəlkə də İlahə olmasaydı, Fatimə heç bir vaxt bu şəhərə qayıtmazdı. Firavan, qayğısız günlərindən daha çox üzüntülü, sıxıntılı, qayğılı günləri ilə yadda qalmış Bakı Fatiməni heç cür özünə çəkə bilmirdi. Uşaq ikən ata-anası avtomobil qəzasında həlak olan, daşlı-kəsəkli yollarda övladın əlindən tutub valideynin yol göstərəcəyi halda, bu yolları səntirləyə-səntirləyə özü keçən, ayaqlarına dəyən daşların ağrısını anası ovuda bilməyən, ata nəvazişinə həsrət qalan, bu böyüklükdə şəhərdə dərdini bölüşməyə, sirrini açmağa bir doğması olmayan Fatimə bu şəhəri sevmədiyi kimi, bu şəhər də onun gəlişinə o qədər də sevinmirdi... Bu şəhər daha çox vecsizləri sevirdi, pulluların, pul xərcləməyi xoşlayanların intizarındaydı.

Ancaq nə etməli? O, dönmək məcburiyyətindəydi, döndü də, balasının xətrinə öz hisslərinə üstün gəlməyi bacardı. Dostlarının köməyi ilə kirayə ev tutdu və Bakı kəndlərinin birində işə düzəldi.

O, İlahənin ilk dərs günündə qızına müəyyən sözləri deməyi vacib bildi:

- Qızım, bizim göydə Allah, yerdə bir-birimizdən savayı heç kimimiz yoxdur. Sənin nə atan, nə qardaşın, nə əmin, nə dayın, nə xalan, nə bibin var. Səni böyüdüb ərsəyə gətirənədək bir Allah şahiddir ki, nələr çəkmişəm. Çəkdiyim bütün zəhmətlər halal xoşun olsun! Minnət üçün demirəm bunları. Mən istədiyim kimi öz həyatımı qura bilmədim. Arzularım böyük idi. Ancaq hamısını sənə qurban verdim. Sənin varlığınla nəfəs aldım, sevincimi, kədərimi səninkilər əvəzlədi. İstərsən məni ana hesab et, istərsən bacı – bircə şeyi unutma: məndən heç nə gizlətmə, ürəyini mənə aç, sirrini mənə danış. Sənin ağlına, dünyagörüşünə bələdəm – bilirəm atdığın addımları ölçüb-biçəcəksən. Bircə hisslərinin qurbanına çevrilmə! Yoxsa taleyin mənimkinə oxşayar!..

***

Fatimə aldığı maaşla ailəni çətinliklə dolandırırdı. Məktəbdə çoxdan işləyən müəllim yoldaşları ona bir-iki uşaq tapmışdılar ki, repetitorluqla birtəhər minimal ehtiyaclarını ödəyə bilsin. Kirayə pulu onları lap əldən salmışdı.

Bir gün İlahə anasına işləmək istəyini bildirdi. Fatimə bərk əsəbləşdi. İlahə onu yola gətirməyə çalışıb:

- Ana, mən pula görə demirəm ki. Deyirəm həm işləyərəm, həm də ixtisasım üzrə təcrübə keçərəm... Özün məndən yaxşı bilirsən, təkcə kitab oxumaqla həkim olmaq olar?

Bu söhbətdən bir neçə gün keçdikdən sonra Fatimə yavaş-yavaş başa düşməyə başladı ki, aldığı maaşla İlahənin palı-paltarını, kitablarını, institutdakı tədbirlərini yola verə bilməyəcək. İstər-istəməz o, razılaşmalı oldu...

Beləliklə, İlahə xəstəxana laboratoriyalarının birində işləməyə başladı. Məvacibi az, işi yorucu olsa da, o, dözməliydi. Dözməliydi ki, anasına çox güc düşməsin, qrup yoldaşlarının yanında sınmasın, heç olmasa ev kirayəsini vaxtlı-vaxtında verə bilsinlər.

...Artıq bir neçə ay olardı ki, İlahə işə alışmış, kollektivə qaynayıb-qarışmış, özü də burada çox şey öyrənmişdi.

Növbəti günlərin birində o, yenə də dərsdən çıxıb işə gəldi. Baş həkimin otağına daxil oldu. Cabir doktorun kreslosunda 40-45 yaşlı bir kişi oturmuşdu. İlahə çəkinə-çəkinə:

- Bağışlayın, Cabir doktor yoxdur?

Kişi İlahəni başdan ayağadək süzərək:

-Siz kimsiz? – dedi.

-Tibb bacısıyam....

-Cabir doktor laboratoriyadadır, xanım, - kişi çox nəzakətlə cavab verdi.

İlahə:

-Bağışlayın, - deyib, otaqdan çıxdı.

Dəhlizdə Cabir doktorla qarşılaşan İlahə ağzını açıb nəsə demək istəylrdi ki, baş həkim:

-İlahə, qızım, gəlmisən, mən də səni axtarırdım. Bizim xəstəxanadan bir neçə nəfəri Türkiyəyə təcrübəyə göndəririk, sənin də adını yazmışam. Uzun müddətli deyil, altı aylıq kursdu, etirazın yoxdu ki?

-Cabir doktor, axı mən təhsil alıram.

-Doğrudan a, lap yadımdan çıxmışdı. Yaxşı, neynək, başqasını göndərərəm sənin yerinə. Hə, bir də bala, get qızlara de ki, indi İsa müəllim, cənab Mirqədirovu deyirəm, palataları gəzəcək, səliqə-sahman yaratsınlar.

İsa Mirqədirov Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamlarından biriydi. Demək olar ki ,Bakıya gec-gec gələr, gəldiyi zaman isə burada sahibi olduğu məkanlara baş çəkər və bir neçə günə yenidən Rusiyaya qayıdardı. Sərt xarakteri və zəhmlı baxışları vardı bu adamın. Deyilənlərə görə, elə bu səbəbdən də heç vaxt ailə qurmamışdı. Çünki ailə onun üçün maraqlı deyildi. Onun həyatına girən qadınlar yalnız bir gecəlik qadınlar olardı. O, Tibb Unversitetini bitirdiyinə görə, istər Rusiyada, istərsə də Azərbaycanda çoxlu klinikalar açmışdı. Tibb sahəsində heç vaxt çalışmamasına baxmayaraq, tibbi-təşkilati işləri yaxşı bilirdi.

…Palatalara baxış bitdikdən sonra baş həkimin otağında toplaşan rəhbər işçilər bəzi struktur məsələləri müzakirə etməyə başladılar.

Müzakirəni yekunlaşdıran Mirqədirov üzünü baş həkimə tutub:

-Cabir doktor, indi siyahını başdan oxuyun, görüm kimi göndəririk Türkiyəyə.

Cabir doktor siyahını oxumağa başlamamışdan öncə qələm götürüb İlahənin adının üstündən xətt çəkdi.

-İsa müəllim, bu qız Tibb Universitetində oxuyur. Ona görə də gedə bilmir.

-Bəs bizdə necə işləyir?

-Günün ikinci yarısı gəlir.

-Aydındı, belə yarımçıq işçilər bizə lazım deyil. Onu işdən də azad edin, nə vaxt məzun olar, onda da gəlib işləyər. Mənə hazır mütəxəssislər lazımdır, bura uşaq bağçası deyil.

Toplantı bitdi. İştirakçılar hələ baş həkimin otağını tərk etməmiş müzakirələrin nəticəsi artıq dəhlizdə müzakirə olunurdu.

Mirqədirov cangüdənləriylə xəstəxanadan çıxanda İlahə pilləkəndəcə onun qarşısını kəsdi:

-Doktor, məni nə üçün işdən azad etdiniz? Axı, mən… Mənim aldığım o qəpik-quruş bəlkə Sizin heç tum pulunuza da bəs etməz, ancaq mən bu pulla ailəmi dolandırıram…

-Xanım qız, əvvəla məlumunuz olsun ki, mən tum çıtlamıram, çünki tum dişlərə ziyandır. – deyə, İsa Mirqədirov çox nadir hallarda onun simasını işıqlandıran bir təbəssüm sərgilədi. – Sonrası da mən istərdim ki, siz tam gücünüzü təhsilə yönəldəsiniz.

İlahənin səsi titrədi:

-Mən hər ikisini çatdırıram…

-Mən göstəriş verərəm, Sizin təhsil məsələlərinizə kömək edərlər. – Mirqədirov sərt görkəm alaraq sözünü qəti deyib yoluna davam etmək istədi.

İlahə bir addım sağa çəkilərək onun yolunda dayandı.

-Siz təsadüfən idmanla da məşğul olmursunuz ki?.. – İsa doktor gözucu cangüdənlərinə baxıb, bir az əsəbi halda gülümsədi.

Cangüdənlərdən biri Mirqədirovla İlahənin arasında dayandı, Mirqədirov azca yolunu dəyişib maşınına tərəf getdi. Maşına minərkən dönüb bir də İlahəyə baxdı, onu müşayiət edən baş həkimə əyilib nəsə dedi.

Baş həkim:

-Baş üstə! – deyib, gülümsədi.

İsa Mirqədirovu yola salıb xəstəxanaya qayıdan baş həkim ildırım sürətilə İlahənin yanından keçərkən qəfil ayaq saxladı və:

-Tez yanıma gəl! – dedi.

İlahənin əvvəl dizləri əsdi, ürəyi tez-tez döyünməyə başladı, bir anlığa yerində donub qaldı. Baş həkimin tələsik yerişini görüb, çaparaq onun dalınca götürüldü.

Baş həkim kabinetinə daxil olar-olmaz katibəsinə:

-Bir stəkan sərin su ver, o qızı da burax gəlsin içəri! – deyib, qapını çırpdı.

Katibə: “Kimi, kimi?”- deyə soruşunca, İlahə qapıda peyda oldu.

-Məni, məni deyir… - deyib, baş həkimin qapısını açdı.

-Ay qız, bir dayan…

İlahə onun sözünə məhəl qoymadan içəri daxil oldu. Katibə:

-Vallah ya mən dəli olmuşam, ya da bunlar… - deyərək, başını əlləri arasına aldı.

***

Axşam İlahə bu hadisəni gülə-gülə anasına danışırdı:

-Sən görəydin baş həkim nə hala düşmüşdü! O mənə qışqırıb-bağırır, əsəbıləşir, onu biabır elədiyimi söyləyir, Universıtetə də bu barədə məlumat verəcəyini deyirdi. Birdən telefonuna zəng gəldi, götürüb nə desə yaxşıdı? “Baş üstə, baş üstə, İsa müəllim, yazmışam... ancaq əmri ləğv eləmək nə böyük işdir, mənim gözüm üstə... Oldu, oldu, dəvətnamə də verərəm. Sağ olun, sağ olun!..”

Sonra katibəyə zəng edib belə dedi (İlahə onu yamsılayaraq):

-Qızım, bizə iki dənə pürrəngi çay gətir, xoruzquyruğu olsun ha!..

Fatimə bu yerdə daha özünü saxlaya bilmədi, qəşş edib çarpayıya yıxıldı. İlahə isə Cabir doktoru yamsılamaqda davam edirdi: “Yanında şokolad da olsun, özü də alman şokoladı, İsa müəllim yeyəndən...”

Fatimə gülməkdən öskürək boğa-boğa:

-Qurban olum, İlahə, danışma, mən öldüm gülməkdən! – deyib, mətbəxə keçdi və bir stəkan su içib bir az sakitləşdi. – Allah güldürsün səni, hələ belə ürəkdən güldüyüm olmamışdı.

İlahə:

-İşimə bərpa olundum – bu, yaxşı, bazar günü keçiriləcək tədbirə dəvətnamə aldım – bu, ondan da yaxşı! İndi görək bu tədbirə nə geyinəcəm – bax bu, ən böyük müzakirə obyektidir! – deyib, karderoba yaxınlaşdı.

Və birdən:

-Ana, mənim heç nəyim yoxdur!.. – deyə, uşaq kimi dodaqlarını büzüb, ağlamsındı.

-Narahat olma, qızım, bir şey fikirləşərik...

-Hə?

Əgər Fatimə “bir şey fikirləşərik” deyirdisə, deməli, onun nəsə bir planı var. İlahə anasının bu xarakterini yaxşı bilirdi.

- Necə adamdı bu İsa? – Fatimə qəfil soruşdu.

-Nə bilim, vallah, 40-45 yaşlarında özündən razı, yekəxana bir adamdı.

-Evlidir?

-Bilmirəm... Əgər evlidirsə, yazıq onun arvadının gününə.

-Ana, axı, nə geyəcəm mən? – İlahə yenə də söhbəti paltarın üstünə gətirdi.

-Gedib alarıq. Tədbir nə vaxtdı?

-Şənbə günü.

…Fatimə rəfiqələrinin onun yubleyinə hədiyyə elədiyi qızıl saatı satıb İlahə üçün uzun ətəkli al qırmızı qaşlarla işlənmiş paltar aldı. Sevinə-sevinə evə gəlib qızına sürpriz elədi.

İlahə paltarı görəndə balaca uşaqlar kimi anasının qucağına atılıb yanaqlarından öpdü.

Fatimə:

-Ay mənim heç böyüməyən balam, geyin görüm necə yaraşır sənə, – dedi.

İlahə tələsik paltarı geyinib anasının qarşısında fırlana-fırlana:

-Hə ana, bax, ana, gör necədi, yaraşır?

-Maaşallah, çox gözəlsən qızım, Allah bəd nəzərdən qorusun!

İlahə bəzənib hazır olanda Fatimə dedi:

- Aqilə demişəm, o gəlib aparacaq səni.

-Ana, taksiylə də gedə bilərəm.

-Yox, qızım, Aqillə getsən, mən də rahat olaram, yoxsa nigaran qalacam.

Aqil Fatimənin yaxın rəfiqəsinin oğluydu. Tərbiyəli, mərifətli oğlan idi. Neçə vaxtdı Fatimə ona oğul və kürəkən gözü ilə baxırdı.

Aqil İlahəni “Gülüstan” sarayının qarşısında düşürüb qayıtdı. İçəri daxil olan İlahə isə hamını şoka saldı. Onun uzun qara saçları, sərv boyu, bəyaz dərisi, çilçıraq altında par-par parıldayan paltarı hamının nəzərini özünə cəlb elədi.

İlahə həyatında birinci dəfə idi ki, restorana gəlirdi. Həyəcanlıydı, ayağı-ayağına dolaşırdı. İş yoldaşlarından biri onun bu çaşqınlığını görüb, tez ona yaxınlaşdı və qolundan tutub yaxın masaların birində əyləşdirdi. Bu zaman ona yaxınlaşan qarson əyilib qulağına nə isə dedi. İlahə ayağa durdu və qarsonun müşayiəti ilə yuxarı başa – İsa Mirqədirovun masasına yaxınlaşdı. İsa doktor kreslosunlan azacıq duran kimi poza alıb, İlahəni başı ilə salamladı.

İsa doktorun masası arxasında mötəbər qonaqlar oturmuşdu. Qarson İlahəyə İsa doktora yaxın bir yer göstərib əyləşdirdi.

Tədbiri açmaq üçün Mirqədirova söz verildi. İsa doktor qonaqları salamladı, bayramlarını təbrik edib masasına qayıtdı. İlahəyə yaxınlaşanda o, ayağa durdu:

-Xoş gəlmisən, əyləş, durmaq lazım deyil, sərbəst ol. İndi mən sənin şefin deyiləm. Məclisin şefi gözəllik və məhəbbətdir! Bu keyfiyyətlərə bir az da cəsarət və inadkarlıq qarışanda olur İlahə xanım! Yeyin, için, əylənin! Qədəhləri doldurun!

Qulluqçular qədəhləri doldurarkən İlahənin əlini qədəhin ağzına qoyması İsa doktorun gözündən yayınmadı.

-Bizdə təklif var, məcburiyyət yoxdur. – deyərək, ayağa durdu. – Kollektivimizin hər bir üzvünün şərəfinə!

İsa doktor qədəhini boşaldıb, sözünə davam etdi:

-Bilirsiniz ki, kollektivimizin üzvlərinin əksəriyyəti xanımlardır. Onlar hamısı dəyərli həkim, tibb bacısı olmaqla yanaşı, gözəl-göyçək xanım və eyni zamanda nümunəvi ailə başçılarıdır. İçək onların şərəfinə! Mən bu xanımların ən cavanını və ən göyçəyini rəqsə dəvət etmək istəyirəm.

Hamının nəzərləri İlahəyə yönəldi. O, gözləmədiyi bu təklifdən qızardı və başını aşağı dikdi.

İsa doktor yavaş-yavaş masanın o başına, 67 yaşlı baş tibb bacısı Rüxsarə xanıma yaxınlaşıb, qarşısında yüngülcə təzim etdi və əlindən tutub onu rəqsə dəvət etdi.

Qonaqlar İsa doktorun bu hərəkətini gurultulu alqışlarla təqdir etdilər. Rüxsarə xanım da zarafatından qalmadı, ayağa durub Mirqədirovun qolundan tutdu və onu İlahənin yanına gətirdi, üzünü qonaqlara tutub dedi:

-İsa müəllim, mənim yaşıma görə Siz qocasınız, mənsə, Sizin dediyiniz kimi, gəncəm. Ona görə də Sizə məndən nisbətən yaşlı bir xanım lazımdır. Mən bu xanımı təklif edirəm!..

Gülüş səsi məclisi titrətdi. Rüxsarə xanımın bu hərəkəti qonaqlara ləzzət verdi.

-Sizin təklifiniz müzakirəyə qoyulmur, - deyib, İsa doktor əlini İlahəyə uzatdı.

İlahə çıxılmaz vəziyyətdə qalmışdı. O, ömründə bu qədər adam qarşısında rəqs etməmişdi. Onun nə hisslər keçirdiyini duyan İsa doktor məclisdəkilərə müraciət etdi:

-Hamı rəqsə!

Hərə öz cütü ilə rəqsə başlayanda İlahə ürəkləndi, ayağa durdu və Mirqədirovun əlindən tutdu. Elə o dəqiqə də… bu əlin hərarəti düz iliklərinə işlədi! Onu xoşhallandırdı, ürəyini xoş hisslərlə doldurdu, beyni dumanlandı, meyxoş oldu. Sanki o neçə vaxtdı bu hərarətin həsrətindəymiş. Sanki o neçə illərdi bu əllərin nəvazişini gözləyirmiş. İsa onun incə belini, titrəyən barmaqlarını sıxıb:

-Hə, indi yaxından tanış olmağın vaxtıdır. Özün haqqında danış.

İlahə ciddi görkəm aldı:

-Kənddən yeni gəlmişik, atam yoxdu, mən ailənin tək övladıyam.

-Elə bu qədər?

-Klinikadakı bioqrafiyamı isə Siz bilirsiniz… Tibb Universitetində oxuyuram, klinikada yarımştat tibb bacısı işləyirdim, bir dəfə işdən çıxardılar, yenidən işə qəbul etdilər, hələ ki işləyirəm yaxşı adamların insafı sayəsində…

İsa doktor gülümsədi.

-Siz güləndə yaxşı olursunuz… - İlahə dediyi sözdən özü də utandı.

-Nə edəsən ki, gülmək lazım olanda həyat adamı ağladır, ağlamaq lazım olanda güldürür. Hisslərinin deyil, həyatın tələbilə ovqatını tənzimləyirsən.

-Siz maraqlı və müəmmalı adamsınız. Varlıların hamısı belə olur?

-Mən varlı deyiləm. Mən çox kasıb adamam. Mənim cibim dolu olsa da ürəyim bomboşdur. Pul qazanmaq elə də çətin iş deyil, ancaq ətrafdakıların məhəbbətini qazanmaq çox çətin bir işdir.

-İndi pulu olanı hamı sevir…

-Pul çox şeyi həll edir, ancaq hər şeyi yox! – İsa doktor sözünə bir az ara verib İlahədən soruşdu: - Siz də belə düşünürsüz?

-Mən bu barədə düşünə bilmirəm, çünki mən pul görməmişəm.

-Demək, təmiz adamsınız…

İsa doktor əyilib İlahənin qulağına pıçıltıyla dedi:

-Pullu adamların sifətinə baxın - sevinclə kədər, sevgiylə nifrət, xeyirxahlıqla bədxahlıq, lovğaqlıqla qorxu – hamısı bir-birinə qarışıb. Sizin çöhrəniz ona görə təmizdir, baxışlarınız ona görə safdır, sözləriniz ona görə birmənalıdır, şirindir ki… pula hərislik, pula məhəbbət mənəviyyatınıza hakim kəsilə bilməyib.

İsa doktorun nəfəsi İlahənin qulaqlarının dibinə, boynuna toxunduqca özünü unudur, ürəyi uçum-uçum uçunur, hələ bu vaxtacan kişi əli dəyməmiş bədənindən xoş bir gizilti keçirdi.

-Ata-ananız haqqında danışın. – İsa doktor İlahəni azca özündən aralayıb gözlərinin içinə baxdı.

İlahə sanki yuxudan ayılmış kimi, ətrafına boylandı – meydanda onlardan savayı rəqs eləyən heç kəs qalmamışdı. O, çiyinlərini qısıb, sanki İsa doktorun əlindən çıxmaq istədi. Tərəfmüqabili onu başa düşüb masaya tərəf ötürdü.

-Daha mən gedim, gecdi, anam da təkdi.

-İndi sürücüyə deyərəm Sizi düz evinizə aparar.

-Yox, sağ olun, indi zəng edəcəm, arxamca gələcəklər.

İsa bir az tutulub:

-Nişanlınızdı? – deyə təəccüblə soruşdu.

-Xeyr, xalam oğludu, daha doğrusu, anamın ən yaxın rəfiqəsinin oğludu.

İsa doktor bir az incimiş kimi:

-Hə, nolar, özünüz bilən məsləhətdi. – dedi.

…İlahə məclisi tərk etdikdən sonra tədbir uzun müddət davam etsə də İsa doktor üçün artıq o bitmişdi. Bir az oturub, qonaqlarla sağollaşdı və vacib işi olduğunu bildirərək: “Siz yeyin, için, şənlənin!” – dedi və getdi.

Səhərə kimi şəhərdə gəzdi, dəniz kənarına gəlib günəşin doğmasına tamaşa etdi. Dalğaların rəqsini seyr edə-edə sürücüsünə:

-Səttar Bəhlulzadə bu mənzərəni günlərlə müşahidə edərək biz tənbəllər üçün şedevr yaradıb, ancaq biz… bir-iki saat yuxumuza haram qatıb bu mənzərəni gəlib canlı seyr edə bilmirik, – dedi.

Sürücü:

-İsa müəllim, hava sazaqdı, soyuq olar sizə, - deyib, İsa doktorun əlində gəzdirdiyi pencəyini onun çiyninə atmaq istədi.

-Sənin adın Taleh oldu da, Bakını yaxşı tanıyırsan?

-Əlbəttə, müəllim. Hara getmək istəyirsiz?

-Saat neçədi?

-Yeddiyə işləyib.

-Əvvəlcə gedək hamama, sonra da harda yaxşı səhər yeməyi yeyə bilərik, ora apar məni. Bakı çox dəyişib.

-İsa müəllim, yəqin, çoxdan Bakıda olmamısız?

-Yox canım, niyə ki, arada gəlirəm, amma indi gözümə daha gözəl görsənir...

Avtomobilə oturan kimi İlahəyə belə bir mesaj yazdı: “Sabahın xeyir, dəniz qızı!”

Dərhal da cavab gəldi: “Sabahınız xeyir!”

İsa doktor İlahənin nömrəsini yığdı:

-Alo, deyəsən, Siz də mənim kimi yatmamısız?

-Yatmışdım, ancaq vərdişkaram, hər gün yeddidə dururam.

-Bu yaxşıdır. Tez duranla tez yatan həm sağlamlığına xidmət edir, həm də işığa qənaət edir…

Hər ikisi güldü.

-Onda əgər razısınızsa, səhər yeməyini bir yerdə yeyək. Necə təklifdi?

-Təklif fikirləşməyi tələb edir. Axı, mənim dərsim var?

-Məgər Siz səhərlər yemirsiz?

-Yaxşı, yola gətirdiz, qərar qəbul olundu.

…Artıq on gün idi ki, İsa doktor Bakıdaydı. O heç vaxt bu qədər qalmamışdı burada. Sanki Bakıya vurulmuşdu, ondan ayrılmaq istəmirdi. Fəqət, təkcə Bakıyamı? O həm də İlahəyə vurulmuşdu. 40 yaşını keçməsinə baxmayaraq, o bu vaxtacan heç vaxt evlənmək barədə düşünməmişdi. Ancaq bu dəfə fikri, deyəsən, ciddi idi.

Bir az aralarındakı yaş fərqi onu narahat edirdi. Lakin İlahənin münasibəti bu sevginin uğuruna ümid verirdi.

Növbəti görüşlərin birində İsa doktor İlahəni evinə dəvət etdi.

-Bu ev necədir, xoşunuza gəlir?

-Çox gözəldi! Görmürsüz, ağzım açıq qalıb, - İlahə güldü.

-Demək bəyəndiz...

-Bəyənməmək olar sizcə?! Bir sözlə, möhtəşəm!

-İlahə, gəlin əvvəlcə aramızdakı “siz”i götürək, sonra da bir təklifimi müzakirə edək. Sən kirayədə qalırsan, düzdü? Mən bunu düşünərək bu evi sənin üçün aldım. Gedərik, bir yerdə mebellerini də seçərik.

-Anlamadım, axı, mən burda necə yaşaya bilərəm?

- Mənimlə evlənəndən sonra. İstəyirəm ailə quraq. Bir yerdə yaşayaq, bilirəm səndən yaşda böyüyəm, çətin xasiyyətim var. Lakin səni sevirəm, səni xoşbəxt eləyəcəyimə də əminəm. Neçə gündür çox düşünüb-daşındım, özümlə bacara bilmədim. Mən heç vaxt Bakıda bu qədər vaxt keçirməmişəm. Neyləmək olar? Məni elə özünə bağlamısan ki, heç bir yerə gedə bilmirəm. Xahiş eləyirəm, məni başa düş.

İsa İlahənin əllərini öpməyə başladı. Əllərindən başlanan öpüş İlahənin dodaqlarında bitdi.

Qız bu öpüşlərdən məst olmuşdu. Özünü tamamilə İsanın ixtiyarına buraxmışdı. O isə İlahəni öpür, öpdükcə də paltarlarını bir-bir çıxarırdı.

İlahə ona qarşı heç bir müqavimət göstərə bilmirdi. Əksinə, ehtirasdan dəli olmaq dərəcəsinə gəlirdi…

Beləliklə,” bir qadın artdı dünyada!..”

***

Şirin yuxudan ayılırmış kimi, İlahə əllərini əvvəlcə yumşaq yorğanın üstündə gəzdirdi, sonra bədəninin müxtəlif hissələrini yoxladı, büstqalterinin və alt paltarının əynində olmadığını görəndə gözləri alacalandı, yorğanı sinəsinə sıxdı, dönüb qollarını başının altında çarpazlamış İsaya baxdı. Bir az yana çəkilib yorğanı aralarına basdı. İçində bir göynərti vardı, ayaqlarını bir-birinə möhkəm sıxdı.

Birdən İlahədən elə bir hönkürtü çıxdı ki, İsa diksinib yataqda oturdu.

-Nolub, nolub, əzizim, noldu sənə?

-Biz nə elədik, İsa? Sən nə elədin, İsa? Mən anamın üzünə necə baxacam? Mən adamların üzünə necə baxacam? Mən bədbəxt oldum! Hər şey məhv oldu!..

-Sakitləş, sakitləş, əzizim, hər şey yaxşı olacaq, narahat olma...

-Mən bundan sonra yaşaya bilmərəm!

-Bundan sonra biz bir yerdə yaşayacağıq. Hər şeyi qaydasına qoyacam, üzülmə.

-Axı, mən el adəti üzrə... - İlahə sözünün ardını deyə bilmədi, qəhər onu boğdu, - Mən atasız böyümüşəm. Başımızda bir kişi olmayıb. İstəyirdim hər şey adət-ənənəli olsun…

-Olacaq, olacaq, sən istədiyin kimi olacaq. Mən sənsiz nəfəs ala bilmirəm, İlahə. Dünən anama da demişəm. Dedim, yaxınlarda sevindirəcəm sizi. Bacılarım da səninlə tanış olmaq istəyirlər. Kiçik bacım mənə “kimdir o əfsun?” deyir.

-Bəs mənim anam, onu fikirləşmədin?

-Günü sabah qaynanamla məni tanış elə, o biri gün elçilərimi göndərim! Necədi?

İlahə bir az toxdadı, hətta azacıq dodağı da qaçdı.

- Mən sənin haqqında ona demişəm.

-Yaxşı, danışdıq, nə vaxt?

-Günorta…

İlahə yataqdan durub, vanna otağına keçdi, özünü qaydaya salıb geyindi.

İsa taksi sifariş verib İlahəni yola saldı.

İlahə qapının zəngini basdı, gözlədi, ancaq qapını açan olmadı. Çantasından telefonunu çıxarıb anasına zəng vurdu.

-Ana, hardasan? Bir az tez gəl, sənə yaxşı xəbərim var!

Çox keçmədi ki, anası təngnəfəs pilləkənləri çıxdı.

-Tələsmə, tələsmə, ay ana, təzyiqin qalxar.

-Nəsə olub, bala?

-Açar hanı? Ver qapını açım, danışacam, - qapını açıb işığın yanmadığını görən İlahə: - yenə işıqlar sönüb.

-Qızım, ürəyimi üzdün, day danış görək nolub?

-Ana, İsa mənimlə evlənmək istəyir. Bu gün məni bir evə apardı, seriallardakı evlərə oxşayırdı. İyirmidən çox otağı olan imarət, böyük həyəti, hovuzu, saunası, bağı-bağçası, həyəti dövrələmə qızıl güllərin içində...

-Ay bala, bu varlılara heç inamım yoxdur, nə isə ürəyim daim səksəkədədir…

-İsa onlara bənzəmir, o çox alicənab adamdır. Mən ona dedim ki, anam da qızıl gülləri çox sevir. O da dedi ki, onda ananla mənim zövqüm eynidir. Ana, inan, sənin də xoşuna gələcək İsa.

-Qızım, bəlkə sən bu kişinin evinə, var-dövlətinə aşiq olmusan? Var da, pul da gəldi-gedərdi, bala. Gərək sən belə şeylərə aldanmayasan. Nahaq o kişinin evinə getmisən.

-Yox, ana, sən səhv edirsən, özün bilirsən ki, mən vara-dövlətə aldanmaram. Onun yanında özümü elə təhlükəsiz, xoşbəxt hiss edirəm ki! Amma, əlbəttə istəyirəm ki, imkanım da pis olmasın. Bəzi tələbə yoldaşlarımın nə savadı, nə ağlı, nə də gözəllikləri var, ancaq hər kəs onlarla dostluq eləmək istəyir. Onların ətrafında fırlanırlar. Bilirsən niyə, ona görə ki, onlar pullu adamların qızlarıdır, altlarında son model maşınları var, firma dükanlardan paltarlar alırlar. İnanırsan, bəzən müəllimlər də onlara baş əyir. Onların bir ayaqqabılarının pulu mənim bir aylıq maaşımdı. Güc pullu adamların əlindədir, ay ana, mən də güclü olmaq istəyirəm. Həmişə fikirləşirdim ki, görəsən, nə vaxt anam aldığı şeylərin əvvəl kefiyyətinə baxıb, sonra qiyməti barədə düşünəcək. Ana, biz burda ucuz qiymətə ev tutmaqdan ötrü düz bir ay küçələri gəzdik. Qrup yoldaşlarımdan birinin anasını gördüm, elə bildim bacısıdır. O qədər cavan görsənirdi ki, ancaq sənə baxıram, cəmi qırx üç yaşın var. Lakin saçın ağarıb, dişin tökülüb, gözlərin zəifləyib. Sən məni böyütmək üçün çox əziyyət çəkmisən. İstəyirəm ki, sən də başqaları kimi gözəllik salonlarına gedəsən, gəzəsən, dincələsən. Qəpik-quruş pula görə ayın sonunu gözləməyəsən. Ancaq bunlar işin ikinci tərəfidir, birinci tərəfi isə, əlbəttə ki, aradakı məhəbbət, hörmət və səmimiyyətdir! Bunların hamısı İsada var, ay ana…

-Eh qızım, sən hələ uşaqsan, pullu olmaq güclü olmaq deyil. Indi ki sən belə düşünürsən, yəqin sənin də özünə görə məntiqin var. Lakin məncə, ana öz balasıyla rəfiqə olmağı bacarmalıdır. İndi biz rəfiqə olmalıyıq. Bu günə kimi o adamın sadəcə adını eşitmişəm səndən. Bilmirəm kimdir, nəçidir?

-Gəl belə eləyək, İsa da səninlə tanış olmaq istəyir! Deyir, əgər anan razılıq versə, tezliklə elçilərimi də göndərərəm. Sabah onu dəvət eləyək evə.

-Nə deyirəm, qızım, sən deyən olsun. Onda zəng vurum məktəbə, sabahkı dərslərimi Rüxsarəyə tapşırım…

Gecə yarıdan keçmişdi. İlahə çoxdan şirin yuxuya getmişdi, Fatimə dəstəmaz alıb namaz qıldı. Sonra “Quran”ı təmiz parçanın arasından çıxarıb oxumağa başladı. Əllərini açıb dua elədi:

-Allahım, mən səni hələ anamın bətnindəykən sevməyə başladım. O vaxtlar ki anam məni dünyaya gətirmək istəmirdi, sən bu dünyaya gəlməyimə izn verdin. Mənə mərhəmət göstərib yaxşı ata-ana qismət elədin. Amma onları məndən tez ayırdın. Mən o vaxtlar nə özümü, nə dünyanı, nə də səni dərk edirdim, lakin səni sevirdim. Sən də məndən sevgini, qayğını əsirgəmədin. Bəzən səni unutdum, günah etdim, haram etdim, sənsə qıymadın mənə. Cahilliyimi gəncliyimə bağışladın.

Səhvlərim çox olub, mərhəmətindən sui-istifadə etmışəm. Dəfələrlə məni imtahana çəkmisən, ancaq yıxılmaq istəyəndə qolumdan tutmusan, əhv etmisən, sənə şükür deməkdən savayı əlimdən heç nə gəlməyib. Allahım, ürəyimdə həmişə sənə qarşı sevgi, məhəbbət olub. Yenə hüzuruna gəlmişəm. Ya Rəbbim, məni naümid buraxma. Balamı xoşbəxt elə, izn vermə mən elədiyim səhvləri o da eləsin. Nə xeyirlidisə, balamın qarşısına onu çıxart . İlahi, amin!

***

Qapının zəngi çalındı. Baxmayaraq ki, bu zəngi gözləyirdilər, ikisi də dik atıldı. Fatimə əlini ürəyinin üstünə qoyub, üç dəfə “Bismillah!” dedı. İlahə səsini qısıb “Odur! Odur!” deyə qapıya tərəf getdi. Qapını açıb:

-Buyur, gəl içəri, xoş gəlmisən, -dedi. - Bu mənim anam Fatimə xanımdır...

İsa əlindəki gül dəstəsini İlahəyə uzatdı. Fatimə yaxınlaşıb İsaya xoşgəldin elədi. Əl uzadıb görüşmək istərkən əli donub havada qaldı. Fatimə dönüb dəhşətli bir baxışla İlahəni süzdü. İlahə:

-Ana, niyə elə baxırsan, nolub? - deyə anasına yaxınlaşdı.

Fatimənin dizləri əsdi, gözlərinə qaranlıq çökdü, qolları boşalıb yanına düşdü və döşəməyə çökdü.

İlahə:

-Ana, ana, sənə noldu, ana!? – deyərək anasını döşəmədən qaldırmağa çalışdı. Qaçıb mətbəxdən su gətirdi, onun üzünə çilədi. Üzünü İsaya tutub:

-İsa, kömək elə, təcili yardıma zəng elə... – deyə qışqırdı.

İsa isə buz heykəl kimi donub qalmışdı. Əlləri yanına düşmüş, gözləri meyit gözləri kimi bir nöqtəyə zillənmişdi. O birtəhər özünü tarazlayıb, qapını açaraq otaqdan çıxmaq istədi. Ancaq arxasında Fatimənin zarıltısını eşidib ayaq saxladı.

-Bu adam bizim bütün bəlalarımızın baiskarıdır!.. O, iblisdir! Yazıq balam! Sən gör kimə rast gəlmisən!.. - Fatimə hönkür-hönkür ağladı. - Fırıldaqçı, alçaq!

İsa bilmirdi getsin, ya dayansın. İlahə anasını sakitləşdirməyə çalışır, Fatimə isə dəli saçını yolurdu.

İsa evdən çıxdı, asta-asta pilləkənləri düşməyə başladı. Fatimə özünü döyə-döyə diz üstə oturub ağladı. İlahə heç nə anlamadan anasını sakitləşdirir, üz-gözündən öpürdü.

Fatimə İlahənin çiyinlərindən tutub silkələməyə başladı:

-Düzünü de, qızım, o alçaq sənə toxunmayıb ki? Yalvarıram sənə, düzünü de!..

-Sakitləş, ana, sakitləş, heç nə olmayıb...

Fatimə bir az toxdayan kimi İlahə ondan əl çəkmədi:

-De görüm, sən İsanı haradan tanıyırsan?

-O bizim düşmənimizdir, başa düşürsən? Mən getdim, sən qapını bağla, mən gələnə kimi heç yerə çıxma!

Fatimə qapını açanda gördü ki, İsa pilləkəndə oturub...

-İndi ki burdasan, onda zəhmət çək keç içəri, İsa müəllim. Tanış ol, qızım, bu adam sənin atandı.

İlahə bir qıy vurdu ki, səsi bütün binaya yayıldı! Başını divara bura-vura hönkürürdü:

-Ola bilməz! Ola bılməz! Ana, de ki, sən zarafat edirsən!.. Ana...

-Çox təəssüf ki, bu zarafat deyil, qızım!.. Mən onunla bir ad günündə tanış olmuşdum. O zaman mənim cəmi iyirmi yaşım vardı. İnstitutun üçüncü kursunda oxuyurdum. O, isə Tibb Universitetində oxuyurdu. Gördüyün bu adam məni şirin dilə tutub aldatdı. Bir gün məni öz evinə apardı, gecə orda qaldım...

-Bəsdir, ana, bəsdir, danışma, danışma!

-İllər uzunu mən bu dərdi sinəmdə göyərtmişəm, o mənim qəlbimi dəlik-deşik edib, içimi gəmirib. İndi içimdəkilərdən azad olmaq vaxtıdır! O gəmiriciləri sahibinə qaytarmalıyam...

-İlahi!!! – İlahənin iniltisi eşidildi.

- Sonra ona hamilə olduğumu dedim. Mənə dedi ki, o hələ ata olmağa hazır deyil, onun planları var, Moskvaya getməlidir. Bakıda qalsa, gərək müharibəyə getsin. Mənə isə “ağıllı bir məsləhət” verməyi də unutmadı. Dedi, “get uşağı tələf elə”.

-Ana!.. –İlahə yenə zarıdı.

-Mən çarəsiz idim. Heç kimə dərdimi deyə bilmirdim. Tək qalmışdım, ya səni tələf etməliydim, ya da ömürlük yalanlarla yoldaş olmalıydım. Mən səni seçdim. Üz tutdum tanımadığım rayona, orda səni dünyaya gətirdim, yalanlar uydurdum, minbir əzaba qatlaşdım...

-Ana, xahiş edirəm, ana, daha danışma, ana!..

-Mən qurtardım, illər uzunu sinəmi göynədən nəsnələri qaytardım sahibinə... İndi rahat ölə bilərəm!

Fatimə onun yaxasından tutub sürüyə-sürüyə aşağı dartmaq istəsə də İsa yerindən tərpənmirdi.

-Bizi birdəfəlik unut, sən bizə ancaq bədbəxtlik gətirirsən!..

***

Gecədən xeyli keçmişdi. Fatimə ehmalca İlahənin otağının qapisını araladı.

İlahə:

-Ana, gəl, oyağam, -dedi.

Fatimə içəri keçib İlahənin yatağının bir küncündə oturdu. O özünü çox pis hiss edirdi. Elə bil müstəntiq yanına gəlmişdi. Böyük bir cinayətdən danışacaqdı. Əlləri ilə ayaqlarını ovaraq dərindən bir ah çəkdi:

-Bilmirəm, hardan başlayım? Mən də o adamdan az günahkar deyiləm, sadəcə bunu bilirəm. Düşünürdüm ki, o da məni sevir. Amma belə deyilmiş... Bir gün mənə dedi ki, bərk xəstələnib. Mən tez özümü ona yetirdim. Sən demə, məni aldadırmış. Içəri girəndə bərkdən qəh-qəhə çəkib güldü: “Bax, indi inandım ki, məni sevirsən”-dedi. Mən qayıdıb evdən çıxmaq istəyəndə yalvardı ki, getməyim, bir yerdə yemək yeyək. Yatağının altından bir şüşə çıxardıb süfrəyə qoydu. Israrla dedi ki, bu yaxşı gürcü çaxırıdı, qanı artırır. Güya məni düşünüb, mənimcün saxlayıb.

Anası danışır, İlahə isə özünü elə göstərirdi ki, guya ona qulaq asır, əslində isə o heç nə eşitmir, başqa şeylər haqqında düşünürdü...

Fatimə gözləri dolmuş halda aram-aram danışır və tez-tez əlindəki dəsmalla gözlərini silirdi.

-... İlk qədəhi içdiyim yadımdadır. Bilmirəm, bir də oyandım ki, gecənin yarısıdı, özüm də yataqda lüt-üryan. Ağlamağa başladım, o məni sakitləşdirib, bunda heç bir qəbahət olmadığını, bütün sevənlərin bunu eləmək haqqı olduğnu deyib qucaqladı... Heç yadımdan çıxmaz "Ona görə də bütün oğlanlar rus qızlarıyla gəzir. Onlar bizim qızlar kimi zəhlə tökən deyil. Nə bilim, mən neyləyəcəm, anam, atam, qonşularımız... zəhləm gedir bu millətin mentalitetindən. Əşi, seviriksə, hər şeydən həzz almalıyıq”

İlahə üçün bu söhbətlər nə qədər üzücü, alçaldıcı olsa da o, anasının xətrinə dəymir, ürəyini boşaltmağa imkan yaradırdı. Bəlkə də bu, onların sonuncu mükaliməsiydi...

-İki ay keçdi, özümü çox yorğun, halsız hiss edirdim. Həkimə getdim, mənə dedi ki, ana olacaqsan. Bunu biləndə sevindim, onlara getdim. Məni görüb qucağına aldı. Ona dedim ki, yaxşı xəbərim var. Xəbəri ona deyəndə başladı qışqırmağa. Sonra da əlimdən tutub qapıya tərəf apardı və dedi ki, gecikmək olmaz, dərhal abort eləmək lazımdı. Mənsə, səni dünyaya gətirmək istədiyimi dedim. O mənə: “Onda get doğ. Mən yoxam. Hətta üstümdən də atacam. Necə subut edəcəksən ki, uşaq mənimdi?” Beləcə, Xanımzər xalana hər şeyi danışdım, o da mənə belə bir yalan uydurdu.

-Demək, Xanımzər xalanın da bunlardan xəbəri vardı? Ana, bəs, İlham kimdir? Mənim pasportumda adı yazılan İlham? Yəni, mənim “atam”?

-O, Xanımzərin qardaşıdır. İtkin düşən qardaşı. Xanımzərin anası mənim başıma gələnlərdən xəbər tutmuşdu. Dedi, uşaq olanda atası kimi oğlumun adını yazdırarsınız.

-Olar bu gecə səninlə yatım, ana?

-Canım, balam...Əlbəttə olar, onsuz da səhərin açılmağına bir-iki saat qalır.

Onlar ana-bala o qədər şirin yatmışdılar ki, gün-günorta olmasından xəbərləri olmamışdı.

Həyətdən gələn qışqırıq səsləri olmasaydı, bütün günü yatardılar.

Fatimə pəncərədən aşağı baxanda “Vaxsey!” deyib, saçlarını yoldu. Bir göz qırpımında özünü həyətə atdı. Qonşulardan biri

-Bu kişi, əli ilə göstərib bax o binadan özünü atdı...

İsanın qan içində olan cəsədi həyətin ortasında uzadılmışdı! İzdihamdan meyitə yaxınlaşmağa imkan yox idi. Fatimə camaatı yara-yara özünü meyitin üstünə atdı. Bu zaman yanında kimsə ondan da bərk qıy vurdu!.. İlahə dil deyib ağlamırdı, o sadəcə zarıyırdı, inildəyirdi...

Fatimə durub İlahəni cəsəddən uzaqlaşdırmağa çalışdı. İlahə özünü İsanın meyitinin üstünə atıb, onu dilsiz oxşayırdı... Fatimə onun bircə kəlməsini eşidib duya bildi. “Ana, sən məndən çox-çox güclüsən, mən bu dərdə dözə bilmərəm!..”

...İsanın dəfnindən bir neçə gün sonra İlahə damarlarını kəsərək intihar etdi. O, masanın üzərinə qoyduğu məktubda belə yazmışdı: “Ana, bağışla məni, sənin kimi cəsarətli ola bilmədim!”

# 4065 dəfə oxunub

Müəllifin son yazıları

# # #