Biz qadını niyə döyürük? - Novruz Sabah yazır...

Biz qadını niyə döyürük? - Novruz Sabah yazır...
2 iyun 2020
# 11:01

Cəmiyyət hər cinsin özünəməxsus xüsusiyyətlərinin harmoniyasında gözəldir. Dilimizdə "kişi kimi qadın" kəlməsi işlənir, amma onun əksi - "qadın kimi kişi" sözünə heç vaxt rast gəlinmir. Onun əvəzində - "qadın kimi...", "qız xasiyyətli..." sözləri işlənir.

Bizdə kişi kimi qadın deyəndə, kişiyə xas olan qeyrətli, namuslu, əzmli, mürüvvətli, lider, səxavətli, cəsarətli, vicdanlı və s. səciyyəvi xüsusiyyətlər nəzərdə tutulur. Ancaq bu sözün əksini, kişi haqda işlədəndə mənfi kontekstdə izah olunur. Bəs, görəsən, qadının heç bir müsbət xarakterik keyfiyyətləri yoxdur ki, onu kişiyə nisbət verəndə zehində həmin qadına aid müsbət keyfiyyətlər canlansın? Yoxsa, qadından nümunə gətirmək bizim adət-ənənəmizə yaddır?

Allah insanı kamil yaratdığını bildirdikdə biz bunun hər iki cinsə aid olduğunu qəbul edirik. Ola bilməz ki, kişi tam, qadın natamam olsun? Hələ üstəlik "qadının hülqumu yoxdur, etibar etmək olmaz", "uzunsaçlının ağlı topuğunda olar" və s. kimi qondarma deyimlər də qadına yuxarıdan aşağı baxmağa sanki rəvac verir.

Mənə elə gəlir ki, burada məsələ başqa (mənfi) formada yozulmamalıdır. Dilimizdə (bəzi istisnaları çıxmaqla) bu deyimin məhz kişi haqda müsbət, qadın haqdasa mənfi mənada işlənməsinin bir neçə elementar səbəbləri var. Belə baxanda qadının da özünəməxsus müsbət və ideal cəhətləri var ki, həmin cəhətlər kişiyə tamamilə yaddır.

Səbəblərə gəlincə isə demək olar ki, qadınla kişini iki qütbə ayıran və onların arasında kəskin dominant fərq yaradan səbəb lap qədimə - ibtidai icma quruluşu dövrünə təsadüf edir. Hələ o çağlar qəbilə-tayfa dövründə döyüş və ov zamanı kişilər dominat fərd kimi aparıcı nüfuza malik olmuş və bu hal qadına həqarətlə baxmağa səbəb olmuşdur. Zaman-zaman peyğəmbərlər cəmiyyəti islah etsələr də onların özlərindən sonra dini də təhrif olunub. Bu səbəbdən qadın hüququ da həmişə tapdanıb. Qadın əsl qiymətini sonuncu din olan İslamda alsa da orta əsrlərə qədər qərb ölkələrində bu vəziyyət yaşayıb. Qadına qarşı zülm-şiddət, müasir dövrün astanasına kimi əyani olaraq davam etdirilib və bu qeyri-humanist hərəkatın qarşısını alacaq heç bir layihələr həyata keçirilməyib.

Son zamanlar qadına qarşı bu cür haqsızlıqların qarşısını almaq üçün bir sıra cərəyanlar yaranıb. O cərəyanların ən əsaslısı feminizim cərəyanı idi. Feminizim qadınların mübarizəsi və onların cəmiyyətdə kişi ilə bərabər hüquqa sahib olması iddiası ilə çıxış edirdi. Əvvəllər mütərəqqi xarakter daşıyan bu cərəyanın özü də təhrif olunaraq artıq fetişləşib və bütün çərçivələri dağıdıb. Bu gün feminizim tərəfdarı olan gənclər özləridə bilmirlər ki, qadınların hansı hüquqlarını müdafiə edirlər. Çünki təhrif olunmuş feminizim cərəyanı qadının fitri olaraq hansı xarakter və xüsusiyyətlərə sahib olduğunu onun cəmiyyətdə tutduğu mövqeyini birmənalı olaraq dərk etmir. Və öz tərəfdarını da hansı hüquq bucağından çıxış etmələrini hansı cəbhədə kimə və nələrə qarşı mübarizə aparmaqda çaş-baş salıb. Burada əsas mövzu feminizim olmadığı üçün fikrimi sözügedən mövzuya doğru yönəltmək istəyirəm.

Səbəblər sırasında növbəti səbəb kimi bunu göstərmək olar:

Hər bir millətin, etnonun spesifik qayda-qanunları var daha dəqiq desək doğma mental və qəbul olunmuş adət-ənənələri mövcudur. Bu adət-ənənə toplusuna mentalitet deyilir. Mentalitet bir xalqın müqəddəratını milli kimliyini, təfəkkür tərzini təşkil edir. Mentalitetimizə nəzər salsaq görərik ki, kişi cəmiyyətimizdə adətən zahiri görkəmiylə müsbət imic qazanıb. Kişidə olan daxili keyfiyyətlərin əksəriyyəti cəmiyyətdə əyani olaraq əks olunur. Ancaq qadına qarşı olan münasibət tamamilə fərqlidir. Bizdə qadınlar hər zaman "qapalı" olaraq qəbul olunub. Belə desək, qadının özünün - nə müsbət nə də mənfi keyfiyyətlərini ortaya qoymağa mərəkəsi-meydanı olmayıb. Fikrimizi bu sözlərlə ifadə etsək - qadın faktoru camiədə mübhəm, "açılmayan sandıq" kimi görülüb. Buradan qadına qarşı şiddət və qadının hüquqlarının əlindən alınması kimi fikir ortaya atılmasın. Mentalitetimizdə qadın "qeyrət simvolu" olduğu üçün heç kəs öz əyalını açıq münasibətə (naməhrəmlə) buraxmır, hətta qadının özü belə buna cəhd etmirdi. Ona görə də mentalitetimizdə qadın, toxunululmaz - gizli bir varlıq kimi öz yerini möhkəmlədib. Burada bir maraqlı məqamı da qeyd etmək yerinə düşər.

Azrbaycanda olan mental dəyərlər islam dininin gəlişi nəticəsində daha da formalaşaraq islamın sintezində inkişaf edib. Mentalitetimizə nəzər salsaq, İslam dinini qadına qarşı olan münasibətinin eynisini öz mentalitetimizdə açıq-aşkar görə bilərik. İslam dini təkcə düşüncə tərzimizə yox həmçinin dilimizə, yaşayışımıza da öz təsirini qoyub. Sözümü burada olan vacib məqama doğru istiqamətləndirmək istəyirəm. Ərəblərdə "racul" sözü "kişi" cinsini ifadə edir. Ancaq ərəb bir misal vuranda "racul" sözündən istifadə edir. Lakin burada ifadə oluna racul sözü təkcə kişiyə aid edilmir bəlkə qadınıda ehtiva edir. Belə desək, kişi sözü həm isimdir, həm sifətdir. Kişi sözünü isim kimi işlədəndə kişi cinsini bildirir. Lakin kişi sözünü sifət kimi işlədəndə cinsiyyət bildirmir, şəxsiyyətin necəliyini, yəni aliliyini bildirir. Bu zaman sifət kimi işlənmiş kişi sözü təkcə kişi cinsinə mənsub olmur, bu sözün həqiqətini özündə ehtiva edən hər bir kəsə şamil olur. Həm kişi, həm də qadın kişi kimi ola bilər. Eyni zamanda həm kişi, həm də qadın nakişi ola bilər. Bu fikir belə deməyə əsas verir ki, dilimizdə olan bu deyim" kişi kimi qadın", sifət kimi götürülür bunu deməyə əsas verən səbəb islam dinini ərəb dilində olması və onun digər millətlərin dilinə düşüncəsinə təsir etməsi kimi qəbul etmək olar.

Qadına gəldikdə isə qadının da özünəməxsus nəfis xüsusiyyətləri var: iffət rəmzi olması, sadiqlik, şəfqət, incəlik, zəriflik, qəlbi kövrəklik, mehribanlıq və s. Bu keyfiyyətlər qadını kişidən fərqli olaraq müsbət mənada ən ideal cəhətlər kimi ön plana çıxarır. Məsələyə başqa bir prizmasından baxdıqda üzümüzə daha aydın bir mənzərə açılır. Bəzi xüsusiyyətlər kişidə həddən artıq olanda bu kişiyə izzət verir misal üçün; mərdlik, qorxmazlıq, cəsarət, qeyrət və s. həmçinin kişiyə aid bir xüsusiyyət qadında aşkarlananda bu qadına zillət, rəzalət gətirir. Bu iki qütblər xarakter cəhətindən müqayisəyə gəlməz dərəcədə bir-birinə ziddir. Heç vaxt qadına - minib-çapan, döyüşkən, pəhləvan adlarıyla müraciət etməzlər. Çünki bunlar kişiyə aid xüsusiyyətlərdi. Ancaq görk olaraq bu xüsusiyyətlər həm qadının, həm də kişinin barəsində işlədilir. Bəzi qadınlar da var ki, kişiyə məxsus xüsusiyyətlərlə sözün əsl mənasında elə əsl kişini geridə qoyub. Bu da cəmiyyətdə yaxşı qarşılanmır, qadının özünəməxsus ədası, forması var. Belə qadınlara adətən köntöy, qaba ayamalarla müraciət edirlər. Misal üçün: "at Balaxanım", “erkək Fatma" və s. Həmçinin qadın xüsusiyyətlərini də ifrat şəkildə cəm edən kişiləri "qızbibi" kimi mənfi münasibət göstərirlər. Cəmiyyət hər cinsin özünəməxsus xüsusiyyətlərinin harmoniyasında gözəldir.

Gallery

# 2688 dəfə oxunub

Müəllifin son yazıları

# # #