Biz iki nəfər öldük

Biz iki nəfər öldük
8 avqust 2020
# 15:00

Kulis.az Qəmər Alxanovanın “Ata heykəli” yazısını təqdim edir.

Sizin hiç babanız öldü mü?
Benim bir kere öldü
Kör kaldım
Yıkadılar, aldılar, götürdüler
Babamdan ummazdım bunu
Kör oldum

Cemal Süreya

Gallery

Bir ildi ürəyimdə yazıram sənə. Səhifələrlə... Heç bir söz ağrını, yoxluğunu, həsrətini hayqırmağa yetmir. Hər gün səmaya baxıram, papa. Səmadan ağıllı gözlərinlə, sevgi, güvən dolu baxışlarınla varlığını hiss etdirirsən. Hər səhər yuxudan oyananda bircə hiss təkrarlanır. Odlu bir kösöv içimi yandıra - yandıra dolaşır ruhumda. Sonra qəhərə çevrilir. O qəhər bir ildir boğazımdadır. Ha udqunuram keçmir. Köynəyini uşağı bələyər kimi sarıyıb saxlayıram. Qoxun getməsin deyə, sarımışam. Mən düz bir ildir telefonuna kontur göndərirəm. Bilirsən sənə zəng edəndə “bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsindədir” deyən qadın mənə nə boyda xoşbəxtlik bağışlayır? Uşaqlığıma aparır. O vaxtlar sən işdən gec gələndə həyətimizdə, darvazanın yanında səni gözləyərkən keçirdiyim hissi yaşadır. Bu nömrəyə bir dəfəlik zəng çatmayacaq demir axı. Əhatə dairəsindədir deyir. Sənsizliyin ortasında indi sığındığım o düşüncə elə böyük təsəllidir ki. Son vaxtlar- sən bu dünyadan o biri dünyaya mərhəmət, əmək, zəhmət ən əsası da fədakarlıq aparmazdan əvvəl mən ancaq bir mahnıya qulaq asırdım. Sezen Aksu oxuyurdu. Sözlərində deyilir ki, “ Sən şifa gibi geldin. Bir kızı sevindirdin. Baba, unutur muyum hiç sıcağını elinin? Baba, ne tuhaf yeryüzü, ne çok üzüntüsü, Sen halledersin” Artıq mənim papam həll edər dediyim bir dünyam yoxdur.

Sən qurban bayramında getdin. Onu hiss edirdim, yuxusunu da görmüşdüm. Qurban fədakarlıq deməkdir. Sən bütün ömrünü bizə bəxş etdin, bizim üçün yaşadın. Qurbanlar kəsdin, aclara əl tutdun. Belə də olacağını bilirdim. Fədakarın ölüm vaxtı da fədakarlıq bayramına düşər.

Mənə elə gəlirdi ki, dünyadakı bütün qızlar sənin övladındı, bütün qız balalara o qədər mərhəmətlə yanaşırdın ki, elə bilirdim dünyada heç bir qız atasız, ya da sevgisiz deyil. Sən hamının atasısan. Torpağın üzü soyuqdu deyirdilər, papa. Deyil. Gün keçdikcə daha da yandırır yoxluğun dərki. Mən səni unutsam özümü unudaram.

Səndən sonra mənim üçün gözlədiyin çox şeyi əldə etdim. Bundan sonra da həyat qayəm səni orda rahat yatırmaq olacaq. Sən dörd qıza cənnət kimi dünya verdin, Nihada baba yox həyat oldun. Bilirəm sən gülstandasan. O gözəl qəlbin, saflığın, mərdliyin bəsdi o biri dünyaya günəşi gətirməyə. Sən gedəndən hər torpağa baxanda başqa şeylər hiss edirəm. Sən bu dünyadan yeni köçəndə mən məzarlıqdakı qarışqları qucaqlamaq istəyirdim. Torpağın altından gəlirlər, bəlkə orda səni görüb, toxunublar deyə. Ruhumun ata heykəli, bilirsən bu yazını niyə indi yazıram? Üç gün sonra həyat məni səndən bir il də ayıracaq. İndi düşünürəm ki, keçən il bu vaxtı, gözəl gözlərini görürdüm, əllərinə toxunurdum, ayağından öpə bilirdim. Gələn il aramıza iki il girəcək. Mənə nifrinlik etmə deyirlər, papa. Mənimki Allaha qəzəb deyil. Ətim sümüyümdən ayrılıb. Onun ağrısıdı. Sol tərəfim yoxa çıxıb, onun ağrısıdı. Tövbə əstafurullah yer üzündəki Allahım qovuşana qədər gedib. Onun ağrısıdı. Allah bəndəsini yanına aparıb. İnşallah ki, bir gün sənin kimi layiqli həyatımın nətcəsində bizi orda görüşdürər. Həsrətin ağrısı ağırdı, papa. Sənə yaşada bilmədiklərim üçün məni bağışla. İnsanların və həyatın zalım üzü yazıldı qismətimə. Sənsiz yaşadığım və yaşayacağım hər şeydə bir nəfəs ahım qalıb. Səni kitaba çevirəcəm. Ata olan, olacaq oğlanlara, qız balalarını belə sevmək lazımdır örnəyi ol deyə. Əmanətlərindən narahat olma. Anamdan da narahat olma. Ay bala, anandan muğayət ol deyirdin. O yenə də məğrurdu. Allah ondan da, səndən də razı olsun. Keçən dəfə bilirsən nə oldu? Biz üzülməyək deyə Nihad çox səndən danışmır. Üstünə örtüdüyün ədyalını gördü. Papa, bapa deyib zarıdı. Mənim ağrımı ifadə etmək üçün yazdığım milyon sətirdən daha dəhşətli idi o zarıltı. Arada gizlin mənə. “Mən, bapamı istəyirəm. Mən, bapamı istəyirəm deyir” Nihadın həsrətinə nə cavab verim papa? Necə kiridim onu? Mən heç öz həsrətimin qarşısında acizəm. Nihada necə dərman olum? Sən vəfat edəndə, yazıçı dostum zəng edib “Büyüdün işte, profesör” demişdi. Böyüdüm. Belə böyüməyi heç istəməzdim. Bilirsən doğmalar baş daşını necə oxşayır? “Mərd, qeyrətli qardaş” deyə. Allahdan razıyam. Taleyimizə sənin kimi insanı yazdığı üçün. Həyat yolunla bizə yaxşı rəhbər olduğun üçün. Sənin sevgini daddığımız üçün. Səndən “Mən balalarımdan razıyam” sözünü eşitdiyimiz üçün. İlk şeirimi sənə yazmışdım. Son şeirimi də məzarına yazdım. Adını “Ata heykəli” qoydum. Qəlbimin gülüstan yerisən, papa. Bütün ömrümü sənə layiq yaşayacağıma söz verirəm. Mənimlə həmişə fəxr edəcəksən. Biz iki nəfər öldük. Səni basdırdılar.


Özəl günlərimdə yenə arxamda ol. Yuxuma gəl. Keçən gün yuxumda məni gözləyirdin. Mən gələndə, köynəyinin yaxasını qaldırıb yaxandan içəri, “İndi gəlib məni apara bilərsən, Qəmər gəldi” dedin. Mən “Kimi çağırırdın, papa?” deyəndə “Əzrayil idi, ay bala. Gəlmişdi məni aparmağa, dedim gözlə Qəmər gəlsin, sağollaşım ” dedin. Qayıt bir il əvvələ, papa. Ona de gəlməsin. Səni məndən alıb aparmasın. Mən də başqa qızlar kimi atasının alnına qondurduğu öpüşlə evdən köçüm.

Gözümün işığı, orda darıxma. Vədə yetişsin, gələcəyəm.

# 3562 dəfə oxunub

Müəllifin son yazıları

# # #