Bilmədən erməni evinə düşən azərbaycanlı - Mətn

Bilmədən erməni evinə düşən azərbaycanlı - Mətn
7 may 2020
# 17:08

Kulis.az Vüqar Amrahın "Deja Vue" hekayəsini təqdim edir.

Onlara belə ad qoymuşdular – motosikl. Özü də üçtəkərli motosikl. Oğlan həmişə qabaqda gedərdi, ana ilə qızı isə arxada, yan-yana. Tipik rus idilər – boy-buxunlu, sarışın, göygöz, burunlarını ucu azacıq dik. Nə işlə məşğul olduqları bəlli deyildi: kim hara dəvət etsə gedir, nə iş tapşırsa görür, əvəzində “tulapayı” ilə kifayətlənirdilər – cüzi pul, yemək, köhnə paltar və bilmədiyim daha nələr... Deyirlər üç nöqtə varsa deməli fikrin ardı yoxdur. Qətiyyən! Elə ardı ilə maraqlandığım üçün bu hekayə yarandı. Ya da novella. Adını siz qoyun. Ürəyiniz necə istəyir elə olsun.

Onlarla maraqlanmağıma səbəb qəribə ürkəklikləri olmuşdu. Elə bil nədənsə qorxurdular. Küçədə gəzərkən xoflu görkəmləri, tez-tez arxaya, ətrafa baxmaqları diqqət çəkirdi. Ana qızın qoluna girirdi, elə bil harasa qaçacağından, yaxud qaçıralacağından ehtiyat edirdi. Oğlansa öndə, ağzı açıq, başı dik, tənbəl heyvan kimi başını növbə ilə sağ-sola çevirə-çevirə addımlayırdı. Elə bilərdin ətrafındakı hər kəsə meydan oxuyur – anama, bacıma yaxın gəlməyin! Belə bir adama hansı bəhanə ilə yaxın düşmək olardı?! Bəhanə tapdım. Ananın beli əyri idi: “deformasiyaedici osteoartroz” uzaqdan adamın gözünə girirdi. Xəbər göndərdim ki, heç bir təmənnam-zadım yoxdur, sadəcə yazığım gəlir, gəlsinlər baxım. Elə ertəsi gün gəldilər – ana ilə qızı. Yenə həmin qorxu, yenə həmin ürkək baxışlar... Heç əyləşmədilər də. Onları görəndən sonra ürəyim daha çox sıxıldı, tutarlı söz tapa bilmədim, eləcə ünvanlarını aldım, getdilər.

Bazar günü onlara baş çəkməyi qərara aldım. Çətinliklərini bildiyim üçün əliboş gedə bilməzdim. Bir böyük kisə kartof, elə o qədər qarabaşaq, bir kiçik çəllək yağ (böyük olduqları üçün yadımda qalıb), bəzi xırda-para şeylər aldıb tərpəndim. Teatr qarderobdan, kasıblıq qapı kandarından başlayır. Ancaq “kasıblıq” sözü burda gördüklərimi tam mənasında ifadə edə bilmirdi.

Bir otaqlı ev ən azı əlli il qabaq təmir olunmuşdu. Divarların, döşəmənin öləzimiş rəngləri spektrin heç bir çalarına uyğun gəlmirdi. Pəncərəyə pərdə əvəzinə yayda da açılmadığı hiss olunan, bayırdan düşən işığı bədheybət çalarlarla içəri buraxan sellofan vurulmuşdu. Tavana vurulan rəng qabarıb, qopub skalaktitlər kimi sallanırdı. Üzərində mitili qoz-qoz olmuş yorğan-döşək, onun da üştünə hər cür köhnə-kürüş paltar yığılmış iki yaylı çarpayı, küncdə qədimliyi bilinən dolab, hər qıçı fərqli materialdan olan masa, yanında yeganə, alçaq kətil (o qədər alçaq idi ki, otursan çənən masa kənarına ancaq çatardı). Üstəlik, bu nataraz kətildə oturmaq üçün mütləq bir dabanınla döşəməyə dayaq verməliydin. Evin bütün avadanlığı bundan ibarət idi. Masaya şəffaf sellofan salınmışdı. Altındakı 89-cu ildə çap olunmuş, rəngi saralmış “Kommunist” qəzeti gözə girirdi. Qəzetin ilk səhifəsində hansısa generalın qaşqabaqlı fotosu vardı. Bəlkə də evdə olan yeganə təmiz şey bu şəffaf masa örtüyü, yeganə normal rəng isə qəzet sarısı idi. Masada nə vaxt bişirildiyi sirr olan kartof püresi vardı, boşqaba çoxdan yuyulmadığı bəlli olan “növbətçi” qaşıq söykədilmişdi. Yox, bu artıq səliqəsizlik deyildi. Səliqəsizlik təmiz əşyaların xaotik yerləşməsinə deyilir. Burada hər şey çirkli idi və buna pintilik desək daha doğru olardı. Deyəsən, ətrafa heyrətlə baxdığımı görən ucaboy, günəş altında ora-bura gəzməkdən qaralmış Marina da bunu sezmişdi. Yarırus, yarı türkcə sözləri sındıra-sındıra danışırdı.

– Görürsüz də, doktor, necə çətin şəraitdə yaşayırıq?! – Marinanın dedikləri məni özümə qaytardı – Heç kəs bizə kömək eləmir. – Mənimlə danışsa da, baxışları qarşısındakı çarpayının bir kənarında belini əyərək büzüşüb oturmuş, saçları, qaşları ağappaq ağarmış anasında idi.

– Yaxşı, bəs, ananıza necə müraciət eləyim? – fikrimi toparlamaq üçün vaxt qazanmağa çalışırdım. Gəlişimin məqsədi özümə də tam aydın deyildi.

– Lüsya. Lüsya İvanovna... Vasilevskaya, – Marina sanki anasının soyadını çətinliklə xatırladı.

“Vasilevskaya, Vasilevskaya, İvanovna” – öz-özümə donquldandım. Nəsə tanış gəlirdi. Anasının dalğın, sonsuzluğa zillənən baxışlarından ürpəndim.

– Yaxşı, bəs atanız haradadır? – maraq mənə güc gəlirdi. Sanki bütün bunları yaşamışdım.

– O, çoxdan ölüb. Çətinliklə xatırlayıram. – Marina könülsüz cavab verdi. Bu cavabda da müəmmalı ürkəklik, qorxu vardı...

– Onun adı nə idi?

Sual versəm də xəyalım uzaq 93-cü ilə getmişdi: Qarabağ müharibəsinin vur-çatlasın vaxtlarına. Gözlərim önündə erməni Şaliko canlandı. Soyadını, atasının adını bilmədiyim Şaliko. Azərbaycanlı arvadı və qarışıq övladlarının müşayəti ilə xərəkdə əməliyyat otağına gətirilən, simasında təşviş, baxışlarında eynilə Marinan gözlərindəki kimi müəmmalı ürkəklik, qorxu olan yetmiş yaşlı Şaliko...

– İvan. İvan İvanoviç.

Şalikonun sünnət olunmadığı əməliyyat vaxtı üzə çıxdı. O zaman oğlunu Qarabağ müharibəsində itirmiş tibb bacısının saxta fəryadla: – “Bu köpəyoğlu hələ sünnət olunmayıb!” – sözlərini dəhlizdə eşidən arvadı söz-söhbətdən uzaq olmaq üçün təkidlə ərinin sünnət olunmasını xahiş etmiş, cərrahlar da arsızlıqlarına salıb yetmiş yaşlı kişini sünnət eləmişdilər. Həmin gün sanki “sənət ruhu”mun bir tərəfi iflic oldu. Bir gün sonra da Şaliko öldü. Öldü, amma əməliyyat yeri sakit olsa da sünnətindən damcı-damcı qan axırdı...

– Yaxşı, əgər sir deyilsə, əsliniz haradandır? – marağımı cilovlaya bilmirdim. Qızın gözü gətirdiyim qarabaşaq kisəsində idi. Sanki onu geri qaytaracağımdan qorxurmuş kimi:

– Anam burada anadan olub. Elə onun anası da buralıdır. Atam isə haradansa Gürcüstan tərəfdəndir. Orada nəsə bir liman şəhəri var... Balaca şəhərdi. Xatırlamıram.

– Maraqlıdır. – Bütün bunlar nədənsə mənə romantik gəlirdi – Bəlkə anan nəsə xatırlayır? – Sözümü dərhal kəsən Marina:

– Yox! O, heç nə xatırlamır. O... Ümumiyyətlə o, kardır. – Deyəsən sual-cavab Marinanı bezdirmişdi. Anası isə söhbətin nədən getdiyini anlayırmış kimi qızına baxaraq başı ilə təsdiq edirdi.

– Bəlkə evdə ailə fotonuz qalır? – Tanımadığım İvan İvanoviçi görmək arzusu qarşısıalınmaz idi.

– Yox, təəsüf ki, qalmır. Təkcə o şəkildən başqa, – deyərək, başı ilə küncdəki qədimliyi hiss olunan dolabı göstərdi. – Anam toxunmağımıza icazə vermir.

Marinanın göstərdiyi səmtə baxdım. Atasının – İvan İvanoviçin şəkli idi. Elə bil məni ildırım vurdu. Deyəsən Arximed də “evrika” deyəndə belə qışqırmışdı. Sanki evdə yeğanə təmiz əşya olan sellofanın altındakı yeganə təmiz rəngi – saralmış “Kommunist” qəzetinin ilk səhifəsindəki qaşqabqlı generalın güzgüdəki əksini görürdüm.

– Onun soyadı necə idi? – soruşdum.

– Vlasov. İvan İvanoviç Vlasov, – qolları boşalıb yanına düşən Marina təslim olurmuş kimi zəif səslə cavab verdi.

Qəzetdə general Vlasova bəraət qazandıran məqalə çap olunmuşdu... Özümü repressiya illərində Vlasov soyadlı insanlardan izahat alan müstəntiq kimi hiss etdim: “Xain general Vlasovla heç bir qohumluq əlaqəm yoxdur...”.

Şəki, 2019

Gallery

# 3321 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #