Başını dik tut, mən şəhid oldum

Başını dik tut, mən şəhid oldum
17 iyun 2021
# 15:29

Kulis.az Rüxsarə Əsgərovanın "Başını dik tut, mən şəhid oldum" adlı yazısını təqdim edir.

Hamimiz üsyan edirik. Ən sakit, ən səbirli insanın belə üsyan etdiyi vaxtlar olur. Amma mən məlum müharibəyə qədər belə bir üsyan nə görməmişdim, nə də eşitməmişdim. Kaş ki, nə görməzdim, nə də eşitməzdim. Aysel üsyan edir.

Müharibədən 2 ay əvvəl üzüyünü taxdığı Ələddinin şəhid olmasına deyil, Ələddinin onun yuxusuna gəlməməsinə. Hərəyə öz dərdi həmişə hamınınkından ağır olub. Amma bu daha ağırdır mənim üçün. Həm gözəl ürəyi olan, çox sevdiyin iş yoldaşını itirəsən, həm də onun gözü yaşlı qoyub getdiyi nişanlısını hər gün görüb min yol ölüb diriləsən. Ələddinlə Aysel iş yerində tanışıb nişanlanmışdılar. İndi təsəvvür edirsiniz ki Ələddin öz ölümüylə bərabər bizə necə bir dərd qoyub gedib. Təsəlli verməyin də yeri yoxdur. Nə deyəsən? Hər şey yaxşımı olacaq və ya hər şey düzələcək? Ələddinin ölümünü mən belə qəbul etməzkən Ayselin bunu qəbul etməsini düşünmək belə gülüncdür.

Hər axşam onu yuxuda görməyini arzulayır və bu ümidlə yaşayır. Neyləsin, başqa tutunacaq, təsəlli alacağı bir şey yoxdur. Bu baş vermədikdə səhəri günü ümidlə gözləyir. Və bu günlər beləcə davam etdikcə Aysel günü-gündən daha çox üsyan edir. Ələddini də sağmış kimi hətta ittiham edir.

Müharibə başladığı ilk günlərdə Ələddin cəbhəyə yola düşdü. Onun çalışdığı şöbəyə girəndə qapıda rastlaşdıq. Həmişəki səmimi təbəssümü ilə “mən də gedirəm” dedi. Bir anlıq zarafat etdiyini düşündüm. Təəccüblə üzünə baxanda yan masada Ayselin ağladığını gördüm və hər şey aydın idi.

“İndi gedirsən?” sualıma “günortaya kimi hərbi komissarlıqda olmalıyam” dedi və ardıyca “Aysel, ağlama getməliyəm axı! Sən ağlayırsan, səni belə qoyub gedə bilmirəm” dedi. Bu mənzərəni seyr etmək elə ağır idi, ifadəsi belə çətindir.

Cəmi 29 yaşı vardı, amma ürəyi o qədər böyük idi ki bu ürəyi o yaşa necə sığdırmışdı Allah bilir. Hamının sevimlisiydi işdə, xüsusilə xanımların. Həmişə onun evlənəcəyi xanımın xoşbəxt olacağını deyirdik. Çünki ətrafdakı insanlara bu qədər qayğıkeş, diqqətli olan birisi gör xanımına necə qayğı göstərərdi. Son gününə qədər də kimsəyə cəbhənin hansı istiqamətində olduğunu söyləmədı. Nişanlısının, yaxınlarının cəbhədən gələn ağır döyüşlər xəbərindən narahat olmasını istəmirdi yəqin ki.

Şuşa uğrunda şəhid oldu. Noyabrın 4-ü səhər xəbərini aldıq. Ayın 11-i ad günü olan Ayselə sonuncu hədiyyəsini verdi sanki. Bu dəfəki hədiyyəsi isə “qürur” idi. Sanki başını dik tut “mən şəhid oldum” deyirdi. Hər kəs donub qalmışdı. Söylənəcək bir şey yox idi. Kimsə məni qınamasın Ələddinin şəhid olmasıyla onu anladım ki, yaxınını, əzizini itirməyincə “Vətən sag olsun” demək çox asan imiş! Bircə təsəllin bu torpağın onun kimi minlərlə mərd oğlu olduğunu bilməyindir!

Və o gündən bu yana Ayselin gündəlik işlərinə daha biri əlavə olunur. Ələddinin qəbrini ziyarət etmək, ürəyini boşaltmaq və ona onun özündən şikayət etmək...

Amma mən bilirdim ki o boyda ürəyi olan insan nişanlısının üsyan etməsinə dözməzdi və dözmədi. Ayselin artıq yuxularına gəlir Ələddin. Hər gün də olmasa amma gəlir. Bəzən sakit gəlir bir söz söyləmədən, bəzən də sanki Ayselə mesaj verirmiş kimi sözlər deyir. Yuxulardan asılı olaraq Ayselin əhval-ruhiyyəsi dəyişir...

Bu gün isə bir başqa gündür. Aysel otağıma girəndə gözlərinin içi gülürdü. Sanki əvvəlki Ayseldi, Ələddinli vaxtların Ayseli. Sən demə Ələddin bu dəfə gül göndərib... Bir anlıq donub qaldım yerimdə. Yuxunu elə danışırdı ki bunun realda baş verdiyinə mən belə inanacaqdım... Öz-özümə İlahi kaş ki mənim bu gördüklərim yuxu olaydı və oyanıb məşhur şerdə deyildiyi ki “Səhər durub ölənləri sağ görəsən” deyə düşünürəm... Amma təəssüf reallaşmayacaq bir arzu.

Bu gün isə iyunun 17-si, sənin doğum günündür. Bu gün hər şey tərsinə olacaq, Aysel sənə güllər gətirəcək. Həmişəki günlərdən fərqli olaraq bu dəfə güllərin daha çox olacaq qəbrin üstə. Səni sevənlərin gətirdiyi çiçəklərlə.

Mən cəhənnəm-cənnət məfhumundan uzağam. İnsanlar öldükdən sonra nə baş verməsi barədə də heç bir fikrim yoxdu. Bircə onu bilirəm ki, sevdiklərin həmişə səninlədir!

# 3841 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #