Azərbaycanlı yazıçı vəfat etdi

Azərbaycanlı yazıçı vəfat etdi
9 yanvar 2020
# 12:28

Tanınmış alim və yazıçı, tarix elmləri namizədi, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahlar Həsənoğlu vəfat edib.

Kulis.az xəbər verir ki, Qarabağ torpağının yetirdiyi seçkin ziyalılardan olan Şahlar Həsən oğlu Kərimov 1941-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. Tarix sahəsindəki tədqiqatları, uzunmüddətli elmi-pedaqoji fəaliyyəti onu qiymətli alim və müəllim kimi tanıdıb.

Özünəməxsus dil-üslub keyfiyyətlərilə yaratdığı nəsr əsərləri – hekayələri, povestləri isə bir yazıçı olaraq Şahlar Həsənoğlu imzasını oxuculara sevdirib.

Milli mövqeyi, vətəndaş təəssübkeşliyilə seçilən Şahlar Həsənoğlu, Qarabağ hadisələri başlanandan torpaqlarımız uğrunda haqlı mücadiləmizdə xüsusi fəallıq göstərib. Erməni təcavüzünə, xalqımızın üzləşdiyi şovinist-işğalçı təzyiqlərə qarşı istər elmi, istərsə də ictimai müstəvidə davamlı mübarizə aparırdı. O, nasir kimi qələmə aldığı “Ala buludlar”, “Beşyüzevli”, “Yaxan düymələ” adlı irihəcmli əsərlərində, eləcə də hekayələrində milli mənəvi dəyərlərimizə, xalqımıza xas etnoqrafik cizgilərə, Azərbaycan və Qarabağ insanının özünəməxsus keyfiyyətlərinə geniş yer vermişdi.

Şahlar Həsənoğlu, öz vəsiyyətinə əsasən, işğal altındakı doğma Mərzili kəndinin yaxınlığında - həmkəndlilərinin böyük bir qisminin məskunlaşdığı Ergi qəsəbəsində torpağa tapşırılıb.

Şahlar Həsənoğlunun hüzr mərasimi yanvarın 10-da Xocəsən qəsəbəsindəki evində keçiriləcək.

# 2348 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #