Azərbaycan filmi Moskva Beynəlxalq Kino Festivalında yarışır

Azərbaycan filmi Moskva Beynəlxalq Kino Festivalında yarışır
1 oktyabr 2020
# 12:41

Bu gün 42-ci Moskva Beynəlxalq Kino Festivalı başlayır.

APA-nın məlumatına görə, festival Mixail Lokşinin “Gümüş konki” filmi ilə açılacaq.

Əsas mükafat üçün 13 filmin yarışdığı festivalda Azərbaycan rejissoru İsmayıl Səfərəlinin “Balıqçı qızı” bədii filmi də yer alır.

Festivalda türk rejissor Erdem Tepegözün “Kölgədə” və dünya şöhrətli Koreya rejissoru Kim Ki Dukun “Ərimək” adlı filmi də nümayiş ediləcək.

42-ci Moskva Beynəlxalq Kino Festivalının bağlanış mərasimi oktyabrın 8-də baş tutacaq.

Qeyd edək ki, Rusiya və Azərbaycanın birgə istehsalı olan “Balıqçı qızı” filmi 2019-cu ildə çəkilib. Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İslam Səfərli və Rüstəm Məmmədova, operatoru isə Şandor Berkeçi, quruluşçu rəssamı Sergey Zaykovdur.

Ekran işində Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfər, aktyorlar Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Fərid Aslanov, Elnur Nəcəfov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.

Film Abşeron qəsəbəsində yerləşən, kiçik balıqçı kəndindən bəhs edir. Sara balıq ovu vaxtı dənizdə batan atasının yoxluğuna inanmır. Lakin Saranın ailəsi və kənd camaatı rəmzi də olsa dəfn mərasimi təşkil etmək istəyirlər. Qız isə etiraz olaraq atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur.

Xatırladaq ki, hər il yay aylarında təşkil edilən Moskva Beynəlxalq Kino Festivalının koronavirus pandemiyası səbəbindən vaxtı dəyişdirilərək payıza keçirilib.

# 2124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #