Azərbaycan ədəbiyyatının ən məşhur dəliləri - Siyahı

Azərbaycan ədəbiyyatının ən məşhur dəliləri - Siyahı
3 dekabr 2019
# 18:12

Kulis.az Azərbaycan ədəbiyyatının ən məşhur dəli obrazlarını təqdim edir.

Pırpız Sona

Gallery

Cəlil Məmmədquluzadə. “Dəli yığıncağı”

Pyesdə dəli çoxdur, lakin ən qabarıq və ağrılı obraz Pırpız Sonadır. Onun teatrdakı təcəssümü də kifayət qədər təsirli olub. Ətrafdakı kişilərin zorakılığından qorumaq üçün Sonanın əri Molla Abbas da özünü dəliliyə vurur.

Cümrü

Gallery

İsa Muğanna. “Tütək səsi”

Atası müharibəyə gedən Cümrü ruhi xəstədir. Anasının atasının dostu Cəbrayıl ilə evlənməsindən sonra Cümrünün psixoloji durumu daha da pisləşir. Cümrünün həm xəstəliyi, həm də tütəkdə yanlıqlı ifa etməsi insanları çox təsirləndirir. Obraz film versiyasında da çox təsirli alınıb.

Əbil

Gallery

İsi Məlikzadə. “Qırmızı yağış”

Əbilin qardaşı Əhəd katib işləyir. Əbilin varlığı, camaat içində gəzib dolaşması onu narahat edir. O, vəzifəsini itirməmək üçün qardaşını Şuşadakı dəlixanalardan birinə yollayır. Yolda Əbil maşının kuzovundan yıxılıb ölür.

Zəhra

Gallery

Nüsrət Kəsəmənli. “Dəli Zəhra”

Dəli Zəhra Nüsrət Kəsəmənlinin eyni adlı poemasındakı əsas qəhrəmandır. O, həyat yoldaşı müharibəyə gedəndən sonra əynindəki paltarı dəyişmir ki, əri qayıdanda onu tanımayacaq. Dəli Zəhra Azərbaycan poeziyasında ən yadda qalan müharibə obrazlarından biridir.

Məmmədnəsir

Gallery

Anar. “Ağ liman”

Məmmədnəsir obrazını tam olaraq dəli hesab etmək olmaz. Amma tənhalığın dəyişdirdiyi bu yaşlı kişinin hərəkətlərini normal hesab etmək də olmur. Öz-özünə danışır, təkbaşına nərd oynayır və s.

Professor

Gallery

Elçin. “Mənim sevimli dəlim”

Burda da dəlilər çoxdur, ancaq ən başlıcası Professordur. Baxmayaraq ki, o dəliləri müalicə etməlidir.

Şəmil

Gallery

Əli Əmirli. “Bala bəla sözündəndir”

Yüksək çinli məmur oğlu Şəmili müharibədən yayındırmaq üçün ruhi xəstəxanaya yollayır. O, müharibədən xilas olsa da, dəlixanada ruhi tarazlığını itirərək doğrudan da dəliyə çevrilir. Pyesin “Bala – başa bəla” adlı tamaşa versiyası da maraqlı alınıb.

Mişoppa

Gallery

Rüstəm İbrahimbəyov. “9-cu Xrebtovu küçəsində

Müharibəyə qədər Mişoppa 9-cu Xrebtovu küçəsində ən yaxşı sürücü hesab olunurdu. Ancaq müharibədə kontuziya alıb qayıdandan sonra ağlını itirir, həkim ona sürücülüyü qadağan edir.

Əli

Gallery

Əbdürrəhim bəy Haqverdiyev. “Uca dağ başında”

İnsanlar kimisə məcbur dəli olmaq həddinə gətirilər. Əli qurbanlardan biridir.

Xəstə

Gallery

Yusif Səmədoğlu. “Qətl günü”

Bu obrazı da, təbii ki, tam dəli hesab etmək olmaz. Gözünə görünən qeyri-adi şeylərə görə normal insan saymaq da doğru deyil.

İmir

Gallery

Mövlud Süleymanlı. “Köç”

İmiri bu siyahıya qeyri-adi hissiyyatına görə daxil edirik. O, baş verəcək hadisələri nəinki əvvəldən hiss edir, həm də yaşayır.

# 11766 dəfə oxunub

Müəllifin son yazıları

# # #