Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...

Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
14 avqust 2020
# 17:14

Kulis.az Qorxmaz Şıxəlioğlunun "Ayı ki ayı" adlı yazısını təqdim edir.

El-obada ayılarla bağlı duzlu-məzəli əhvalatlar çoxdur. Bunların içində “saqqallı”ları da var, təzələri də. Hərdən quramalarına da rast gəlmək olur. Ancaq necəliyindən asılı olmayaraq, onların hamısı adama xoş ovqat gətirir.

İndi mənə deyərlər ki, adamı təntidən, ovsanadan çıxardan avqustun cırhacırında, dünyanı ağzına alan pandemiyanın vurhavurunda bu ayı söhbəti hardan ağlına gəldi? Bu, hardasa adamların yanan evi söndürməyə çalışdığı bir vaxtda, sənin həyətdəki gülləri sulamağına bənzəyir. Ancaq yuxarıdakı sualın cavabını qismən də olsa yazımın lap axırında biləcəksiniz.

Uzun qış gecələri kənddə “bu gün bizdə, sabah sizdə” qaydası ilə evə toplaşan ağsaqqaların söhbətləri içində ov əhvalatlarının ayrı ləzzəti var idi. Əlbəttə, onların bəzilərində xırda-para ovçu Pirim “diribaşlığı” da olurdu. Ancaq tükü tükdən seçən qocalar şux bir zarafatla bunun üstündən keçərdilər. Bir gözünüzün qabağına gətirin: sobanın istisi, çırtaçırtla yanan palıdın, ya da saqqız ağacının qoxusu, Nikolaydanqalma mis, armudu samovarın səsi, qəlyan tüstüsü, qırmızıboğaz nazik stəkanlardakı pürrəngi hind çayının ətri... Çöldəki qarın, soyuq küləyin uğultusu da bu gecələri bir az da şirinləşdirər, nağıla çevirərdi. Hərdən qocalar “gedin yatın” deyib biz uşaqlara təpinərdi. Ancaq onlar bu sözü dilucu deyərdilər. Bunu nə var ki bilməyə? Belə qış gecələrinin şirinliyi içində yaddaşımda ilişib qalan bir söhbət var.

Onda təxminən 10-11 yaşın içində idim. Əlli ildən bir az da çox vaxt keçib o günlərdən. Bizim İsmayıllının yuxarı dağ kəndlərində baş verib bu əhvalat. Dağın ətəyində qoyun otaran çoban görür ki, itlər yoxa çıxıb. Bir xeyli itləri haylayır. Axır ki, yamacdakı meşənin dərinliyindən onların hürüşməsini eşidir. Səsi tutub gedir, görür ki, itlər bir mağaranın içərisinə tərəf hürürlər. Çobanı görən itlər ürəklənib mağaraya girir və hərəsi balaca bir ayı potasını çəkə-çəkə çölə çıxardır. Çobana nəfs güc gəlir, hər potanı atın üstündəki xurcunun bir gözünə qoyur ki, aparıb sata. O, mağaradan bir xeyli aralanandan sonra birdən meşə lərzəyə gəlir. Ayının böyürtüsü dağları, daşları yerindən oynadır. Çobanı vahimə basır. Fikirləşir ki, potaları buraxmasa, ayı balaca balalarının qoxusunu tutub dalıyca gələcək. O, potaları tez xurcundan çıxarıb yerə buraxır. Və itləri də qatır qabağına...

Deyirlər ki, o çoban qocalığının son günlərində də həmişə Allaha şükür eləyirmiş ki, nə yaxşı, şeytan onu yoldan çıxartmayıb...

Bu, uşaqlığımdan mənə yadigar qalan söhbətdir. O vaxt bu hekayət mənim - 10-11 yaşlı bir uşağın ürəyini çox sarsıtmışdı. Nə isə...

Hamı bilir ki, ayı armudu çox sevir. Bu haqda məşhur məsəlimiz də var. Daha kəhrəba balı demirəm. Bunu məmə yeyəndən pəpə yeyənə qədər hamı bilir. Adı armudla, balla hallanan ayı ilə bağlı əhvalatlar əlbəttə, elə bu nemətlər kimi şirin olmalıdır.

“Gün keçdi” filmindəki yeniyetmə Əsmərlə Oqtayın dialoqunu xatırlayın. Oqtaydan gözlədiyi sözü eşitməyən Əsmər sadəlövh sinif yoldaşına hirslənib dediyi sözdə acıqdan çox bir əzizləmə, bir sevgi var. İndi o hansı sözdür, onu da sizə deyəcəyəm. Kənd-kəsəkdə solaxay, yöndəmsiz bir iş görən adama “ayı kimi bir şeydir” deyirlər. Yeməyi, geyimi səliqəsiz olan balaca qardaşına “ayı” deyən bacıların səsindəki doğmalıq, yüz “can!” nidasından şirindir.

Bir sözlə, ayı ilə bağlı nə xatırlasan, içindən bir şirinlik, bir şuxluq boylanır.

***

Qalın, dərin meşələrin bir vahiməsi var. Bu vahimə, sanki ayının görkəminə, yerişinə, ağırlığına hopub. Ayıları heç vaxt sürü kimi təsəvvür etmək olmur. Onlar tək-tək gəzər. Uşaq vaxtı nağıllardakı pəhləvanları həmişə ayıya bənzədərdim. Axı pəhləvanlar da meydana tək çıxır, nərə çəkir, gəşt eləyir. Hələ onların yeməyini, yatmağını demirəm.

...Bu, çoxdankı - iyirmi beş il əvvəlin söhbətidir. AzTV-dən İsmayıllıya çəkilişə getmişdik. Bu rayonun axarlı-baxarlı kəndləri çoxdur. Onlardan biri də İvanovka yolunun üstündəki Qalınçaqdır. Yəqin bu kəndin adı “qalın şax” söz birləşməsindən əmələ gəlib. Qalınçaqda elə nəhəng ağaclar var ki, onlara ən qalın meşələrdə belə rast gəlməzsən. Hələ başqa yaşıllıqları demirəm. Burada həyətlər də çox böyükdür. Əgər hansısa həyətə çaşıb bir ayı girsə, ev sahibinin harayı qonşuya çatası deyil. Kəndə girəndə ağlıma gələn ilk fikir bu oldu. Yadımdadır, elə bu düşündüklərimi kənd icra nümayəndəsinə (hayıf ki, adı yadımdan çıxıb) danışa-danışa çəkiliş aparacağımız həyətə yaxınlaşırdıq. Həmsöhbətim “bizim bu yuxarı meşələrdə ayı çox olur” deyə,- sözümə biganə qalmadığını göstərdi.

Yəqin indi fikirləşirsiz ki, niyə başqa canlı yox, burada məhz ayı yadıma düşdü? Təsəvvür eləyin: böyük həyətlər, nəhəng ağaclar və bunların fonunda da yaxınlıqdakı uca dağlar... Bu mənzərəyə daha dovşan yaraşmaz ki! Ancaq haqqına desəm, məni ayı mövzusu ilə bağlayan yol çox uzaqlara gedib çıxır. Bu, təkcə Qalınçaqlıq deyildi. Hələ balacalıqdan Tolstoyun “İki dost“ hekayəsindən ürəyimdə ayıya qarşı xoş bir hiss yaranmışdı.

Bizim kolxozun sürülərini yaylağa aparan çobanların dilindən çox əhvalatlar eşitmişəm. Onların içində əsas maraq göstərdiyim ayı ilə bağlı söhbətlər idi. Əksər çobanların danışdıqlarında ayıya olan rəğbətin kökündə eyni bir məntiq dayanırdı: “Canavar sürüyə girdisə, qoyunların hamısını boğub öldürür, ayı isə bir kök toğludan, ya da erkəkdən çiyninə atıb, çıxıb gedir, daha canavar kimi ziyanxorluq eləmir.”

...Çəkiliş aparacağımız həyətə çatmışdıq. Ona görə də ayı ilə bağlı söhbətimiz yarımçıq qaldı...

İşimizi başa çatdırıb elə təzəcə küçəyə çıxırdıq ki, kənd icra nümayəndəsi uzaqdan gələn 35-40 yaşlı, ortaboylu bir oğlanı göstərib dedi:

- Bəxtiniz var, o gələn oğlan ayılarla çox qarşılaşıb.

Oğlan qaradinməz adama oxşayırdı. İcra nümayəndəsinin təkidi olmasaydı, buzu əriyəsi deyildi. Nəhayət, ağzının kilidi açıldı:

“Payızın daş kövrəldən çağlarıdır. Meşənin nəm qoxusu yağ kimi adamın canına yayılır. Yarpaqların da daha uçunan vaxtıdır. At arabasını qoşub meşəyə gedirəm. İki-üç ağac kəsib yıxdım yerə. Kəsib-doğradım, arabanı ürəyim istəyən kimi yükləyib düzəldim yola. Meşə yolu ilə gəlirəm. Birdən nə görsəm yaxşıdır? Qollu-budaqlı bir ağac yolun eninə uzanıb yerdə, elə bil şlaqbaumdur, yolu kəsib. Üstündə də iki ayı potası gəzir. Baxdım ki, ağacın kökü tərəfində yekə bir ayı oturub. Bildim ki, onu ayı güc verib yıxıb. Üstü torpaqlı köklərin çoxu çöldə olsa da, bəzilərinin ucu hələ yerə ilişik qalmışdı. Araba dolu yaş odun, tüfəng də yox. Bəs neyləyim? Özüm də oturmuşam odunun üstündə. Yavaşca arabanın qollarının kəndirlərini açıb, atı arabadan ayırdım. İndi soruş ki, bu Allahın heyvanı, bu yekəlikdə ayı heç mən tərəfə çönüb baxdımı? Yox. İndi də gecə yatanda hərdən yadıma düşür, tüklərim biz-biz olur. Nə isə, qardaş. Ehmalca atın tərkinə minib, onu dizlərimlə dəhmərlədim. At vəziyyəti məndən yaxşı başa düşürdü. Tərpənməyi ilə “şlaqbaum”un üstündən quş kimi uçub keçməyi bir oldu. Ani olaraq çevrilib geri baxdım. Deynən ki, heç tükü tərpəndi? Ayı ki ayı... Evə çatıb qoşalüləni, patrondaşı götürdüm və yenə də üzü meşəyə doğru çapıram. Tüfəngin iki gözünə də donuz gülləsi qoymuşam. Həmənki yerə bir az qalmış çaxmağın ikisini də çəkdim, barmağım da tətikdədir. Atın cilovunu buraxmışam, yavaş-yavaş yaxınlaşıram...İns-cins yoxdur. Yolu kəsən ağac olduğu kimi qalıb. Ancaq arabadakı bütün odunu boşaldıblar yerə. İnanın, quruyub qaldım. Dedim ki, yəqin bu ayını meşəbəyi qoyublar, mənim xəbərim olmayıb”.

O qalınçağlı oğlanın bilərəkdən, ya da bilməyərəkdən ayıya “meşəbəyi” deməyi, əslində yerində idi. Həqiqətən, biz ayını həmişə meşənin bəyi bilmişik. Bu da əbəs deyil. Meşədə ən yaxşı armud hardadır, ən şirin balı hardan taparsız? Onu kim bilər? Əlbəttə, ayı. Belədə, bəs ayının meşəbəyi statusuna niyə paxıllıq eləyəsən? Lap bir az da haqqın tərəfində dayansaq, meşənin ən gözəl bəzəyi ayıdır, deməliyik. Hayıf deyil ayı. Qısa desəm, bu, xəncər və gümüş məsəlidir.

Ayıya ruslar “əyripəncə” deyir. Düzü, bu söz çox xoşuma gəlir. Yöndəmsiz bir uşaq görəndə, rəhmətlik atam “əyrivicdan” deyərdi ona. “Əyripəncə” sözünü mənə doğmalaşdıran da elə atamın bu sözü olub. Atamın o “əyrivicdan” deyimində bir zərrə də acılıq yox idi. Əksinə, bu söz o vaxtlar bizim kənd dükanına gələn semiçka halvası kimi şirin və dadlı idi. Allah rəhmət eləsin bütün keçənlərimizə! Yaxşısına da, pisinə də.

***

2003-cü ilin ortaları idi. Məni AzTV-nin “Xəbərlər” redaksiyasının İsmayıllı-Balakən zonası üzrə müxbir təyin etmişdilər. Operatorum Qəbələdən idi, adı da Firuz. Bu əhvalatı da ondan eşitmişəm:

“Qardaşım Valeh dedi ki, mənə bir qoyun iti lazımdır. Eşitmişdim ki, bizim Qəmərvanda (ləzgi kəndidir) bir kişi var, nəsillikcə çoban olublar. Onlardan yaxşı bir küçük almaq olar. Oturub maşına getdik Qəmərvana. Soraqlaşıb evi tapdıq. Yaşı 70-i haqlamış ağsaqqal bizi böyük hörmətlə qarşıladı, içəri dəvət etdi. Həyətə ayaq basanda samanlıq tərəfdə qocalıb əldən düşmüş bir it gördüm. Bizi görən kimi ağzını açıb-bağlamağa başladı. Bildim ki, hürmək istəyir, ancaq halı olmadığından səsi çıxmır. Niyyətimizi biləndən sonra “Sizi əliboş qaytarmalı olacağam” dedi. Səbəbini belə izah elədi:

“Yaylaqdan qayıdırdıq. Meşədən keçən sürünün dalınca ayaqlarımızı sürüyə-sürüyə gedirdik. Böyük qoyun sürüsüdür, 4-5 atdır, 5-6 itdir, 15-20 dənə də mal-qara. Birdən sürü dayandı. İtlər yerindən götürüldü. Gördüm ki, qarşıda bir ayı durub. İtlərin ən cavanı lap qabaqda gedir. O, birinci dəfə ayı görürdü. Ayının üstünə tullanmağı ilə yerə uzanmağı bir oldu. Ayı iri pəncəsi ilə onun təpəsindən necə vurdusa, it elə yerdə uzanıb qaldı. Daha o biri itlər ayıya yaxın getmədilər, qorxdular. Uşaqlar tüfəngi işə saldı, ancaq ayını yaralaya bildilər. İti də arabaya qoyub, gətirdik özümüzlə. Həmin vaxtdan da səsi batdı. Bax, qapı ağzında gördüyünüz həmin o itdir. Yazığım gəldi, aparıb azdırmadım, dedim Allaha xoş getməz. Böyük oğlumun iti səkkiz dənə balalayıb. Dördü erkəkdir, dişiləri heç. İndi onlardan birini ayırıb sizə verə bilmərəm. Denən ki, niyə? Çünki, canavarla, ayı ilə üz-üzə gələndə it, ölsə də, eyni qarından çıxan həmcinsini qoyub qaçmaz. Ancaq ayrı-ayrı qarınlardan çıxan itlər vəziyyəti çətin görəndə dostunu qoyub aradan çıxır”.

Firuzun bu söhbəti ürəyimə bir kədər gətirdi. Yadımdadır, həmin vaxt Zaqatalanın Car kəndindən qayıdırdıq. Yolumuz dağların, meşələrin içindən keçirdi. Yolboyu o ləzgi ağsaqqalın dediyi söz xəyalımda işıq kimi yanıb- sönürdü:

“Yazığım gəldi... aparıb azdırmadım”. Bu sözlərdəki insanlığın ürəyimdə oyatdığı duyğular məni, üzr istəyirəm, az qala, hallandırmışdı. Uşaqlığımdan üzü bəri gördüyüm bütün yaxşılıqlar şimşək işığı kimi gəlib gözümün qabağından keçib getdi. Kəndimizin mərd, sözü düz, əməli düz azman kişilərini gördüm. Bir daha anladım ki, insanlıq zamanla həmyaşdır.

***

“Salnaməfilm” studiyasının xətti ilə saxurlarla bağlı sənədli film çəkirdik. Qax rayonunun Ləkit-Kötüklü kəndində idik. Hər yan meşə, dağ, bulaq, bir sözlə, ekzotika. Adamları da elə təbiətinə oxşayır. Çox kaloritli ləhcələri var. Meşənin keçilməz cığırlarında kəndin “Roma” deyə çağırdığı Rövşən bələdçilik edir bizə. Rayon mədəniyyət şöbəsindən tapşırıblar ona. Roma ictimai əsaslarla işləyir, yəni əməkhaqqı almır. O, özü ilə kənddən iki balaca oğlan da götürüb. “Kinoçəkənlər”i görən balacalar da böyük həvəslə bizimlə yola çıxmağa razılaşıblar. Dəstəmizi Romanın “Rek” adlı iti müşayiət edir. Rejissor Vəli Səyyadi bələdçi dostumuzun bütün “komanda”sını meşənin müxtəlif məkanlarında lentə alır. Saxurların yaşadığı bu kəndə gələn turistlərin içində xaricilər də çoxdur. Roma çox maraqlı həmsöhbətdir. Meşənin girəcəyində bir “budka” da quraşdırıb. İstəsələr, gələn qonaqlara kəklikotulu çay da verir. İmkanlılarına yemək süfrəsi də açmaq gücündədir. Təbii ki, Roma da 5-3 manat qazanmalıdır. O, bu balaca “qərargah”ının yanında bir lövhə də ucaldıb. Anındaca lövhənin fotosunu çəkirəm. Söhbət əsanasında ayıdan söz saldım. Ola bilməz ki, Roma bu meşələrdə ayı ilə rastlaşmasın. Ayıdan söz açmağımı gördüm. O dəqiqə Roma dilə gəldi:

“Gecə ayıldım, gördüm ki, külək dünyanı uçurdur. Durub ildırım kimi geyindim. Əl fanarını, bir də boş kisə götürüb ehmallıca darvazadan çıxdım. Bizim meşədə, bayaq gördüz, nəhəng qoz ağacları var. Bir-ikisinin yerini bələdləmişdim, üstü dolu qoz idi. Elə “bu gün, sabah gedərəm” desəm də, gedib çıxa bilmirdim. İndi Allah işimi asanlaşdırmışdı. Belə güclü küləkdə daha əziyyət çəkmirsən, qoz hamısı yerdə olur. Bələdlədiyim yerə çataçatdayam, gecədir, gördüm ki, kimsə, elə bil qoz sındırır. Fanarı yandırdım, baxdım ki, nəhəng bir ayı kəmali-ədəblə ağacın altında oturub pəncəsi ilə qoz sındırıb yeyir. Bu qədər yol gələsən, sonra da boş qayıdasan. Dedim nə olar-olar: fanarın işığını tuşladım düz ayının gözünə. Yazıq heyvan ora-bura boylandı, əvvəl yerindən tərpənmək istəmirdi, görünür, qoz çox dadlı idi. Özümü yığıb, başladım yavaş-yavaş ayıya doğru addımlamağa. İşığı da, dedim axı, tuşlamışam düz gözünə. Onda baxdım ki, ayı götürüldü üzüaşağı, çaya tərəf. Kisəni bir saata doldurub çıxdım aradan”.

İndi bu yazını qələmə alanda uşaqlıq illərimi, o uzun qış gecələrini xatırladım... və pis oldum. Çünki, daha kənd- kəsəkdə o ənənə unudulub. Daha qocalar evlərə toplaşmır. Uşaqlar o noğul-nabat söhbətlərin içində itib-batmır. Ancaq o günlər bir işıq topası kimi hələ də ürəyimdədir. Əslində, bu ayı söhbəti də o işığı paylaşmaq üçün bir bəhanə idi.

# 5870 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #