Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirildi

Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirildi
19 fevral 2020
# 09:41

Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda kinoşünas Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edib. Diqqətə çatdırıb ki, Aydın Kazımzadə tükənməz enerji ilə daim çalışır, kino salnaməmizi zənginləşdirir. O, həyatını sevdiyi işə həsr edib və keçdiyi yol şanlı və mənalı bir yoldur: “Hesab edirəm ki, bu yanaşma həm kinomuz, həm də Aydın Kazımzadə ömrü üçün çox uğurlu olub. Keşməkeşli olsa da, çox faydalı bir həyat yaşayıb. O, öz zəhməti ilə qürurlu bir həyat yaşayıb. Apardığı bu tədqiqatlar, məqsədyönlü fəaliyyət onun üçün o qədər də asanlıqla başa gəlməyib. Amma bütün bunlara baxmayaraq, kino tariximizi, bilavasitə kino tədqiqat sahəsini daim zənginləşdirməyə çalışıb. Azərbaycan kinematoqrafçılarının taleyi onun həyatının bir hissəsinə çevrilib. Onlar haqqında yazılan məqalələr, elmi-publisistik yazılar, kitablar, ensiklopediyalar böyük zəhmət hesabına başa gəlib. Bu səbəbdən də demək olar ki, Aydın Kazımzadə xalqımız və dövlətimiz üçün çox böyük işlər görmüş vətənpərvər kino fədaisidir. O, əsl və sözün həqiqi mənasında, ziyalı bir insandır. O, dəyərli bir həyat yaşamış, gözəl pedaqoq kimi fəaliyyət göstərmiş, televiziya sahəsində kinomuzu layiqincə təmsil etmiş və zəngin irsə malik kino xadimidir. Bu zəngin irs isə həm dövlətimizə məxsusdur. Bu irsin zənginləşdirilməsində daim yubilyara dəstək olaraq ona uzun ömür və can sağlığı arzulayıram”.

Tədbirdə “Azərbaycanfilm” kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, Azərbaycan kinosunun tədqiqində, müəmmalı səhifələrin araşdırılmasında Aydın Kazımzadənin çox böyük rolu var: “Yubilyarın yaradıcılığının əsas istiqamətini Azərbaycan kinosu ilə bağlı axtarış və tədqiqatlar təşkil edir. Bu axtarışların ən birincisi isə onun araşdırmaları sayəsində Azərbaycan kinosunun gerçək tarixi (2 avqust 1898-ci il) bəlli olub və bu tarix ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla “Azərbaycan kinosu günü” kimi qeyd edilir. İkinci əsas tapıntısı “Dəli Kür” filminin kəsilmiş hissəsinin veteran operator Yuri Varnovskinin arxivindən əldə edərək Film Fondumuza təhvil verməsi, həmçinin Azərbaycan cizgi filminin tarixinin dəqiqləşdirilməsidir. Bir sözlə, kino tariximizlə bağlı araşdırmalar Aydın müəllimin həyat kredosudur”.

Yubiley gecəsində Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Xalq artisti Rafiq Əzimov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Əməkdar artist Elxan Qasımov, kino nəzəriyyəçisi Əlisəftər Hüseynov və başqaları çıxış edərək Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışıblar.

Sonra yubilyarın yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir boyu yubilyarın iştirak etdiyi və müəllifi olduğu televiziya verilişlərindən fraqmentlər, ssenari müəllifi olduğu sənədli filmlərdən kadrlar nümayiş olunub. Yubilyara “Azərbaycanfilm” kinostudiyasının tarixinin öyrənilməsi və təbliğindəki xidmətlərinə görə diplom və hədiyyə, eləcə də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yubiley hədiyyəsi təqdim edilib.

Tədbirin sonunda yubilyar çıxış edərək yaradıcılığına verilən qiymətə görə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Kino tarixinə dair 34 kitab və monoqrafiyanın ərsəyə gəlməsində ona dəstək olan insanlara və yubiley tədbirində iştirak edən bütün qonaqlara və təşkilatçılara dərin minnətdarlığını ifadə edib.

# 2003 dəfə oxunub

Müəllifin son yazıları

# # #