Ay quzu otaran balaca Ənvər... – Günün şeiri

Ay quzu otaran balaca Ənvər... – Günün şeiri
2 mart 2020
# 11:15

Bu gün mərhum şair Ənvər Rzanın doğum günüdür. Kulis.az bu münasibətlə onun ən çox maraq doğuran şeirlərindən birini təqdim edir.

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı...
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nə dəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng bağçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da yəhərləyib mindiyim boz daş...
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti, a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

# 3074 dəfə oxunub

Müəllifin son yazıları

# # #