Ata, o sənin yeznən olacaq - Dilrubə yazır...

Ata, o sənin yeznən olacaq - Dilrubə yazır...
18 may 2020
# 11:42

Kulis.az Dilrubənin “Karantinin son günü” yazısını təqdim edir.

Covid-19-un karantin günləri bitdi - yeni, karantindən sonrakı dönəm, yəni ondan əvvəl olan düzən başlayır. “Qar”da donan həyat ucqar Qarsla, karantinli meqapolis olan Bakını bir-birinə çox oxşatdı. Evdə - gerçək aləmdən təcriddə qalan günlərdə Kanın əslində nəyin məngənəsində olduğunu daha yaxşı anladım. Mənim toqquşan iki tərzim ortaya çıxdı - idealsız, gündəlik sevinclər, şoppinq və kofe acılığı qədər gerçək, bir də Ata Abdullayevin, ya da onu qədər məzmunsuz olan videolarla karantin vahiməsini unudub, azadlıqdan qaçma halı. Bu gün ikincini rahatca karantin başlayanda əynimdə olan qış paltarları kimi çıxarıb, yazı adladıb, bir başa yay geyimi ilə özümün olan birinci tərzimə qayıdacağam.

Bu günün həzzi

Mənim kimi karantinə qədər boşluqla boğuşan insanlar üçün heç nə dəyişməsə də, arada şəhərə çıxıb restoranlarda oturmaq üçün darıxanlar var. Yenidən vaxtlarını həyatı boyu boşa sərf edən insanlar - 18 mayınız mübarək! (mən bu gün səhər erkəndən durub tarqovuda breakfast edib 6321 şəkil çəkib instagram dostlarımla bölüşəcəm). Şüar deməyimin səbəbi var: uzun müddətdir yazı-pozunu unutmuşdum, yazmırdım, vaxtımı şəhərin mərkəzində rəfiqələrimlə kofe içib şoppinq etməklə keçirmək vərdişinə yoluxmuşdum. Birdən üzünü görmədiyim, yalnız kitabdan, ya da nə bilim hansısa filmdən dumanlı təsəvvürüm olan karantin gerçəyi ilə üz-üzə qaldım. Mənə elə gəldi ki, karantin dumanı içindən qorxulu məxluq, ya da “Van helsing”dəki kimi hamı bircə-bircə vampir olacaq.

Karantinin ilk günlərində ümidsiz insanlar sosial şəbəkədə, lap elə evimin içində çarəsiz baxışlarla ümid verən şüarlar deyirdilər. Dediklərinə inanmayaraq, buna bir bəzək də verirdilər. İlk on günü bayram, ya da hansısa bir havayla gerçəyi düşünməmək üçün edilən cəhdlər oldu. Əlimi, ayağımı bağlayan karantin boşluğundan istifadə edib, dekadent ruhu ilə yazı yazmaq vərdişimi işə salmaq istədim. “Netflix” sağ olsun deyib, başladım. Birinci yazı alındı, yığılanları deyə bildim. Amma sonra, hər gün eyni eşqlə yazının ağırlığını darta biləcək gücdə deyildim. Karantinin son günündə də bunu yazıram və vəssalam. Daha məndən gələn karantinlərə qədər yazı gözləməyin, Kofe ve şoppinq dövrüm yenidən başlayır...

Karantin günlərində uşaqlığıma bir də boylandım. Yazmağı təzəcə öyrəndiyim yaşlarda Koreya istehsalı olan “Solomoon” cizgi filmini çox sevirdim. İlk dəfə televizorda gedən cizgi serialı ilə “mən”im formalaşmağa başlamışdı. O qədər dərindən bağlanmışdım ki, baş qəhrəmana şeir də həsr etmişdim. Yazı təcrübəm yeddi yaşımdan var, bunu elə-belə dedim xəbəriniz olsun! Status kimi yazsaydım, mütləq gülüş smayliki qoyardı: həm təcrübəmə, həm də qürrələnməyimə. Amma Ostap Vişniyadan fərqli olaraq mənim yazımı gizlətdiyimi anam gördü və hansısa oğlana məktub yazdığımı düşündü. (Vallah mən universitetdən sonra məktublaşmışam o da telefonla) Biləndə ki, məktubumun qəhrəmanı Ay savaşçısıdır güldü. O gülüş hələ də qulağımda cingildəyir. Anam o vaxt mənə dedi ki: “ciddi işlərlə məşğul ol, dərslərini oxu”. Bax bu söz həvəsimi qırdı, yoxsa indi mən də şair idim, AYB-də kitab təqdimatı edirdim və sonrasını yəqin təsəvvür edərsiniz.

Bir az böyüyəndən sonra 17 yaşımda Akon deyə bir müğənni var idi. Vuruldum səsinə, özünə. Ərgənliyimin ən pik nöqtəsində idim. Telefonumda ancaq onun mahnıları, şəkilləri. Bu dəfə hissimi gizlətmirdim, sinifdə hamı bilirdi. Kim deyirdi səndən xoşum gəlir, deyirdim: “mən Akonu sevirəm”. Abituriyent dövrüm idi, xəbər gəldi ki, Akon Bakıya gəlir. Atama dedim ki, mən, onun konsertinə getmək istəyirəm. Bildiyiniz cavab: “sənin qara gədənin konsertində nə işin var?!”. Bunu eşidəndə gözümdən yaş süzüldü. Ürəyimdə: “ata, elə demə, o sənin yeznən olacaq” nidası hıçqırığımla boğuldu. Təbii ki, konsertə göndərmədilər və mən bir neçə gün yeməkdən-içməkdən kəsildim. Bir neçə gün sonra olan sınaq imtahanında da az bal topladım. Anam elə bildi ki, Akonun dərdindən idi, amma səbəb imtahan qabağı “Snickers” və banan yeyərək pis hala qalmağım idi. Elə bu “Snickers” və banan mərasimi ilə kiməsə fanatlıq etmək hissimi dərin hüznlə dəfn etdim.

Karantinin bu son günündə and içirəm:

1. Şəhərin bütün kofe məkanlarında kofe alıb, şəkil çəkdirib, paylaşacağam;

2. Bütün mağazaları gəzib yay dəbi geyimlərini əynimə keçirib, şəkil çəkdirib, paylaşacağam;

3. Bütün rəfiqələrimlə bir-bircə görüşüb, içimə yığışan boş və məzmunsuz söhbətləri, ayların qeybətlərini edəcəyəm.

Belə desəm də, əvvəlki olmayacağam. Karantində əllərimizi o qədər spirtlədik ki, içimiz də dezinfeksiya oldu.

# 7363 dəfə oxunub

Müəllifin son yazıları

# # #