Aqşin Fatehin yalançı dindarlığı

Aqşin Fatehin yalançı dindarlığı
12 fevral 2020
# 11:02

Kulis.az Ruzbeh Məmmədin “Təkva, pul və günah...” yazısını təqdim edir.

Aqşin Fatehin meyxana deyən, qafiyə tutan vaxtlarını xatırlayıram. Kasetləri əl-əl gəzirdi. Meyxanalarını uşaqlar əzbərdən söyləyirdi. Aqşinə züy tutan Elşən Xəzər də meyxananı pis demirdi. Bunlar ikisi də elə ağıllarına gələn sözü, ağızlarında bişirmədən deyirdilər. Adı da olmuşdu bədiyyə.

Sonra bir gün bu bizim Aqşin ortalıqda görünmədi. Elşən Xəzər də başladı tək deyib, çırtma çalmağa. Aqşin bəyin qeybə çəkilməsi axır məlum oldu. Dedilər, jurnalistləri belə qəbul etmir və deyir ki, ağzımdan söz çıxar meyxana kimi başa düşülər. Bəs meyxana demək günahdır. Mən də o sözdən diksinib, tüklərim biz-biz olanda Allah Allah dedim, hə dedim...

Üstündən bir müddət keçdi bu bəyimiz başladı dini mahnılar oxumağa. “Ya Əli” mahnısını xatırlayıram. Bütün imanlı adamlar bu mahnıdan sonra imansızlaşdılar. Aqşin sonra Həcə də getdi, səhv etməsəm Kərbəlaya da getdi. Getmədiyi yer qalmadı. Oldu Həci. Və meyxana sənətindən uzaqlaşan Həci, dini mahnıları oxumağa şövqi-keyfiyyət elədi. Nədənsə bu yerdə deyim ki, Sami Yusuf da ilahilər oxuyan adamdı. Amma onun mahnılarındakı takva bir ayrıdır. Adam dinləyəndə istər-istəməz ağlındakı pis şeylər süzülüb gedir. Amma bizim Aqşin o qədər pafos sözlərlə o dini mahnıları oxudu və nəhayət o pafos sözlərə də, mahnılara da özü inanmadı, atdı Həciliyin daşını...

Hə, atdı daşı oldu yenidən çal-çağır adamı. Evindən heç yerə çıxmayan bu Aqşin efirlərdə dekolte geyinən qadınların verlişində qonaq olmaqdan çəkinmədi. Hələ üstəlik hurilərlə də klip çəkdirdi. Klipindəki qızlar da abidəst pozdurar e adama... O dərəcə yəni.

İndi keçim demək istədiyim sözə. Axı ay qardaş, özün dedin meyxana günahdı, çəkildin qınına, səsin çıxmadı, efirlərdən uzaq düşdün. Hər şeyi günah adlandırdın. Nooldu birdən - birə, məgər hurilər daha Həci rolunda gözünə göründü? Hələ o qıraqda-bucaqda qaçan, gah saqqal saxlayan, gah dini mahnı oxuyan Elşən Xəzər... Mənə elə gəlirdi ki, Elşən köhnə dostunu ziyarət edən günü dindar olurdu, aradan bir az vaxt keçəndə eşitdiyi sözlər yadından çıxırdı.

Bütün iradəsi ilə cəmiyyətdə görünən və baş verən hər şeyi günah sayan Aqşin hər gün bir mahnı oxuyub efirlərdə dedi-qodulara da qarışdı. Söhbətlər həll etməyə başladı. Öz həmkarları ilə şou meydanlarında qışqır-bağır salmağı da əldən vermədi.

Vallah olan odur ki, birincisi meyxana dediyimiz o şey boş və mənasız sözlərdən ibarətdir. Onları dinləyən adamlar da heç vaxt ciddi şeyləri oxumayan, izləməyən kəslərdir. Heç vaxt inanmıram Kamyu oxuyan adam gedib “Cinlərə şeytanlara bənzəyirsən, əcaib heyvanlara bənzəyirsən”ə qulaq assın.

Həmçinin Aqşinin son dövrdə yazdığı o mahnılardan sonra mənə məlum oldu ki, cəmiyyət Aqşinin aclığını hiss edirdi. Onun mahnılarına qarşı tələb var idi. Çünki Aqşin də, onu efirə çağıran adamlar da, onu dinləyən adamlar da çox bəsit varlıqdırlar. Allah hifz etsin!” Ey dinim, imanım, Əli, Ya Əli” cümləsindəki iman qədər imanın kamil olsun, Aqşin!

# 13014 dəfə oxunub

Müəllifin son yazıları

# # #