Amerikalı bəstəkar Nəsiminin “Sığmazam” qəzəlinə musiqi bəstələdi - Premyera

Amerikalı bəstəkar Nəsiminin “Sığmazam” qəzəlinə musiqi bəstələdi - Premyera
17 dekabr 2019
# 09:50

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın dahi ədibi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib. Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının Sönməz Məşəl İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirə yerli ictimaiyyət, burada yaşayan Azərbaycan icmasının nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov açaraq dahi şair, ana dilimizdə fəlsəfi poeziya məktəbinin banisi olan Nəsiminin həyat və yaradıcılığı haqqında qonaqlara geniş məlumat verib. O, 2019-cu ilin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsini vurğulayaraq bunun şairin şəxsiyyətinə və ədəbi irsinə olan yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib. Bu ənənənin hələ 1973-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, onun təşəbbüsü ilə şairin 600 illik yubileyinin UNESKO-nun qərarına əsasən dünya miqyasında qeyd olunmasına nail olunduğunu bildirib. Ölkə ərazisində keçirilən çoxsaylı tədbirlərlə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkildiyini, bunun da öz növbəsində planetimizə böyük töhfə olduğunu, şairinin irsinə bu ağaclarla yenidən həyat verildiyini qeyd edib. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda Nəsimi yaradıcılığına, fəlsəfəsinə və onun mənəvi dünyasına həsr olunmuş tədbirlərin, konfransların, ədəbi-bədii axşamların, kütləvi kitab nəşrlərinin təşkilində əhəmiyyətli rolu olduğunu qeyd edib.

Nəsiminin dünya baxışının maddi və mənəvi dünyaları birlikdə özündə sığdırması, onun dərin fəlsəfəsinin nəinki Azərbaycan, eləcə də dünya ictimaiyyətinə böyük təsir göstərməsindən bəhs edib. Nəsimi fəlsəfəsi Azərbaycanda tolerantlıq bünövrəsini qoyub. İmadəddin Nəsiminin Hələb şəhərində qətlinin o zamanın qabaqcıl və proqressiv düşüncələrinin heç də hər kəs tərəfindən düzgün anlaşılmadığının göstəricisidir. Ümumiyyətlə, Nəsimi yaradıcılığı və düşüncələri dünya tolerantlığında özünəməxsus iz buraxıb və bu gün Nəsiminin 650 illiyinin qeyd edilməsi onun düşüncələrinin və irsinin yaşamasının göstəricisidir.

Səfir bildirib ki, Nəsiminin doğulduğu, ana dilində yazıb-yaratdığı Azərbaycanın bu gün müstəqil və suveren dövlət olması və onun fəlsəfəsinin cəmiyyətimizə təsiri olduqca əhəmiyyətlidir.

Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının yaradıcısı və prezidenti Şato Qardeki Azərbaycanın Sönməz Məşəl İctimai Birliyinin təşəbbüsü ilə artıq ikinci dəfədir ki, ölkəmizlə birlikdə layihə həyata keçirdiyini, bu əməkdaşlığın davamlı olacağına ümidvar olduğunu qeyd edib. 2017-ci ildə Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylası” konsertinin olduqca uğurlu keçdiyini xatırladıb.

Tədbirdə şairin “Sığmazam” qəzəlinə amerikalı bəstəkar Endrü Çelentanonun bəslədiyi musiqinin premyerası keçirilib. Həmçinin amerikalı qiraətçi Con Uilyams qəzəlin ingilis dilinə tərcümə edilmiş versiyasını səsləndirib. Olduqca emosional ifa olunan bəstə və şer tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının üzvü, musiqiçi Con Qardeki tərəfindən dünya klassik musiqi nümunələri ifa edilib. /azertag.az/

# 1889 dəfə oxunub

Müəllifin son yazıları

# # #