Alman silahlarına qalib gələn muğam - Üzeyir Əlizadə yazır

Alman silahlarına qalib gələn muğam - Üzeyir Əlizadə yazır
12 yanvar 2021
# 15:58

Kulis.az Üzeyir Əlizadənin "Ayrılıq çeşməsi" hekayəsini təqdim edir.

Deyəsən, bu nənəylə baba qızmar yay günündə özlərini səhər-axşam günə verməklə ömürlərinin qapısını gözlənilən qonaq illərinin üzünə bağlamağa hazırlaşırdılar.

“Günün altında niyə oturmusuz?” – soruşanda həmişə eyni cavabı alırsan:

- Üşüyürük, bala.

Bir yerdə keçən hər iki ömrün doxsanını adlamış illərini soyuq vurub, sazaq kəsib. Sanki dağ başındakı qış qarının soyuğu var içlərində. Qədim bir dibək daşına bənzəyirlər. Həyatlarının bütün çətinliklərini, əzab-əziyyətlərini, dibəkdə döyülən çəltik kimi, bir-birinə xırdalayıb, kəpəkdən çıxarıblar. Bu iki daş biri-birini dibək daşı kimi döya-döyə uzun ömurlərinin səadət, sədaqət payını iki daşın arasından çıxarıblar. Həyatlarının bütün öhdəliklərini ödəyən bu qocalar indi divar dibinin üzügünə oturan qonaqlarıdır. Həmişə onların yanından keçəndə ehtiramla salam verib, könül xoş edən, baməzə hal-əhval tutmağımla çöhrələrinə təbəssüm süfrəsi açıram.

Elə bil bu dünyada yeganə sirdaşları təkcə mən qalmışam. Uşaq kimi sevinirlər məni görəndə.

Sagollaşıb ayrılanda isə qəmə qonaq edirəm onları. Aralanıb gedəndə qocalıq alqışlarını, xeyir-dualarını qulağımın eşidə biləcəyi sonuncu məsafəsinə qədər davam etdirirlər.

Niyə də sevinməsinlər?...

Hal-əhval tutduqdan sonra babadan:

- Qanın yenə niyə qaradır? – soruşdum.

- Vallahi, bala, bu arvad məni boğaza yığıb, – deyir. – Nə vaxt haram ağrıyır deyirəm, bu da deyir, mənim də elə oram ağrıyır. Ay kişi, peşmanam bir söz deməyə, həmən qayıdır ki, mənim də oram ağrıyır.

- Baba, sən də deynən prostatım ağrıyır. Gör, nə deyəcək?

Babanın kefi açılır.

Amma elə söz ağzımdan çıxıb havadaykən nənə ordan qayıdasan ki, bala, vallah, mənim də elə oram ağrıyır.

Babayla birgə gülüşümüz partlayır...

Baba mənə tərəf baxa- baxa başını nənəyə doğru əyib, iki əlini də ona tərəf uzadaraq deyir:

– Gördüün? Gördün ki, indi mən yazıq nələr çəkirəm?

Baba nənəyə prostatın nə olduğun izah edir:

- Ay arvad, prostat kişilərə məxsus orqandır. Bunu da bilmirsən?

Nənə səhv etdiyini anlasa da, pişik kimi kürəyini yerə vurmaq istəmir:

- Mən də elə kişi kimi arvadam.

Ürəkdən gülüşürük...

Amma bu cür inadkarlıqdan sonra babanın dərdi tərpənir.

Uzun müddətdir onu göynədən dərdlərini, giley-güzarını yığıb saxlayır ki, məni görəndə danışsın.

– Bala, sırağagün televizora baxırdıq. Hansısa tanınmış adam haqqında məlumat verdilər ki, uzunsürən xəstəlikdən ölüb. Bu da – başıyla nənəni göstərir - qayıdasan ki, görürsən ay kişi, bax mənimki də ondandı ha. Deyirəm, nədən, ay arvad? Deyir, bax, o uzun sürəndən.

İtaliyaya işgüzar səfərlərin birində “NAVATTA GROUP” şirkətinin qurucusu və sahibi olan, yaşı səksəni haqlamış Navatta Cüzeppenin yemək masası arxasında dediyi bu sözlər indiyədək yadımdadır: “Sizə İtalyanın milli yeməyi kimi təqdim etdiyimiz, - “gürcü xəngəlinə” bənzəyən, balaca dairəvi xəmirin icərisində göyərtsi olan və suda qaynadılaraq bişirilən xörək - əslində, qədimdə uşaqların acından ölməməsi üçün anaların imkansızlıqdan hazırladıqları yemək olub. Amma indi biz onu qonaqlarımıza xüsusi milli təam kimi böyük qürurla təqdim edirik...”

Və davam edir:

- Dünyada sülhdən, əl-ələ verib dost olmaqdan gözəl heç nə yoxdur?.

Mən:

– Əziz Cüzeppe, sizin dediklərinizi tərcümə etməsələr də, anlayıram. O qədər ruh adamısınız ki, sözləriniz canlı görünür, mən sizi tərcüməçisiz də anlaya bildim.

Əlimi sıxaraq üzümdən öpdü.

Deyirlər, Şərq fəlsəfənin, incəsənətin, duyğusallığın, təmiz sevginin beşiyidir. Olsun, bir söz demirəm. Bəs Avropadakı bu adların məzmununa nə deyək:

Fontana di Trevi - Eşq çeşməsi (İtaliya);

Hohenzollern bridge - Aşiqlər Körpüsü (Köln, Almanya);

Montmartre - Rəssamlar Zirvəsi (Paris, Fransa) ;

Valentine day - Sevgililər Günü (Avropa, Amerika);

Florence - Çiçək (İtaliyada şəhər);

Ponte dei Sospiri - Ahlar Körpüsü (Venesiya, İtalya);

Ponte di Rialto - Aşiqlər Körpüsü (Venesiya, İtalya);

Aşiqlər şəlaləsi (İzmir, Türkiyə) və s.

Yazıçı Əli Vəlioğlunun əsərlərinin birində oxuduğum bir real hadisəni qisaca nəql edim. Böyük Vətən müharibəsində susuzluqdan əziyyət çəkən batalyon üçün iki azərbaycanlı əsgər düşmən tərəfdə olan çaydan su götürməyə gedirlər. Sürünə-sürünə çaya yaxınlaşıb su götürərkən alman gözətçiləri silahlarını bunlara yönəldir. Bu anda əsgərlərdən biri ayaq üstə qalxıb, yanıqlı səslə “Mirzə Hüseyn“ segahını ucadan oxumağa başlayır. Digər əsgər qabları su ilə doldurmağa davam edir. Segahın cazibəsi çoxlu alman əsgərini çayın yanına gətirir. Öldürmürlər, silahlarını aşağı salıb, geriyə qayıtmalarına şərait yaradaraq dallarınca səslənirlər: “Es lebe” (Yaşa), “Danke şön” (Sağ ol).

Silah musiqinin qarşısında məğlub oldu, ovsunlandı... Bəli, hər yerdə və hamıda eynidir əsil insanlıq duyğuları!...

Bir sözlə Şərq-Qərb bölücülüyü materikbazlıq, qitəbazlıq yerliçiliyindən başqa bir şey deyil.

Bir neçə il öncə baş vermiş hadisənin səbəbi isə sabun kopüyüdür. Diqqətlə sabunlu suyu sona qədər müşaiyət edin... Yeni salınmış yaşayış massivlərinin birində çirkab suların axıdılma infrasturkurunun – kanalizasiya xəttinin - olmaması səbəbindən qonşunun yuduğu paltarın sabunlu suyu digər qonşunun darvazasının qabağına yığılır. İki qonşu arvadın bu “sabunlu su” davasına ərləri və oğlanları da qoşulur. Sonda su axıdan arvadın ərini qonşu arvadın oğlu bıçaqla vurub öldürür. Məhkəmə öldürəni on üç il müddətinə azadlıqdan məhrum edir.

Bu “sabunlu sudan” diqqəti ayırmayaq.

İki ildən sonra su axıdan qadın oğlunu öyrədərək, qonşunun hər iki oğlunu odlu silahla qətlə yetirdib, ərinin qisasını alır. Bunun da oğluna on beş il cəza kəsilir.

Sabunlu su hələ də öz işini görməkdə davam edir. Köpüklü suyun hökmünə fikir veririsinizmi? Fikriniz ölənlərdə, məhbuslarda qalmasın. Üç ölü, iki məhbus hələ faciənin sonu deyil. Əsl faciə odur ki, indi o iki qonşu qadın barışmaq istəyir. Ancaq xəbərləri yoxdur ki, köpüklü su hələ bunlar təzə ağızlaşanda ya buxarlanmışdı, ya da torpağa hopub getmişdi.

Doxsanıncı illərdə kənd camaatı aşura günündə tetrlaşdırılmış törən keçirir. Özünü zəncirlə döyənlər, başlarını xəncərlə yaranlar, uca səslə nərə çəkənlər, kənardan bunları seyr edib ağlayan qadınlar və uşaqlar...

Bu kəndin azərbaycanlı əhalisini erməni silahlılarından guya qorumaq üçün üç-dörd rus mənşəli Sovet əsgəri təhkim olunub. Təəccüblə, heyrətlə bu tədbirə baxan həmin əsgərlərdən birinin dediyi bu sözləri öz qulaqlarımla eşitdim:

- ....eto voyennaya podqotovka, ili şto eto takoy? (...bu hərbi hazırlıqdır, yoxsa nədir?)

Coxdan yolum oradan düşmürdü. Babayla nənəni həmişə oturduqları yerdə görməyib, evlərinə keçdim. ...Ağladım.

Oğlu əlavə etdi:

- ...Qəbirlərinin arasında bir ehsan bulağı da tikmişəm, ancaq bilmirəm, adını nə qoyum?

Dedim:

- Ayrılıq çeşməsi!

# 2560 dəfə oxunub

Müəllifin son yazıları

# # #