Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28 yanvar 2020
# 16:04

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən kulis.aza verilən məlumata görə tamaşa məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanır. Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Cəfər Namiq Kamal, Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Ləman İmanova, Fəridə Şahbazova, Güney Əkbərova, Firuzə Balayeva, Xədicə Novruzlu, Elnur Qədirov, Corc Qafarov, Vüsal Mustafayev və Cavidan Novruz çıxış edəcək.

Qeyd edək ki, Eduardo de Filippo bu məşhur əsəri 1946-cı ildə qələmə alıb. Elə həmin il Neopldakı Politeama teatrında tamaşanın dünya premyerası keçirilib. Tamaşa Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

# 2273 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #