Kulis.az Orxan Saffarinin “Çinar yuxusu” hekayəsini təqdim edir.
- Görəsən, bu Çinar ağacı çoxdan burdadı?
- Həə, 150 ildi.
- Nə bilirsən?!
- Bilirəm də. Elə deyirlər.
- Ayə, hər deyilənə inanma. Bəlkə aldadırlar səni?
- Səncə, bir ağac haqqında kimsə niyə şayiə yayıb, adına söz çıxartsın? Məgər, bu, qadın-zaddı sənə? – ağacın altında dediyi bu sözə o ki var gülüşdük.
Sonra gic bir düşüncə gəldi ağlıma: “Görəsən, ağaclar qadın olur, ya kişi? Cinsi olurmu onların?”
Məncə, bir ağac qadındırsa, kiminsə məşuqəsidir. Özü də, hallı-mallı bir adamın məşuqəsi. Əvvəl-əvvəl yaxşı baxırsan, kölgəsində oturursan, istifadə edirsən, illər sonra isə qocalır, elə olur ki, yaxşı baxmırsan, bəzən çox qırırsan onu - bəlkə yaxşı olar deyə, amma bu da olmur. Ən sonda da kəsib atırsan...
Nə bilim, əşşi, ağac qadındır da..
Ağacın adına da söz çıxarmaq demişkən;
Təsəvvür edin, bir ağacın adına söz çıxır, daha heç kim gəlib kölgəsində dincəlmir, həndəvərində dolaşmır, meyvəsindən yemir ki, bu ağac haqqında yaxşı sözlər deyilməyib. Hər quş gəlib budağına qonmur, yarpaqları fəsildən tez bezib onu tərk edir, vələdüzzinalar da gövdəsini mismarla cızıb ad yazır. Düzü, bu, həm də sevgi ifadə etmə formasıdır. Axx, bu yeniyetmələr. Ürək şəklinin içinə sevdikləri qızların adını yazıb böyrünə də “Love” sözü əlavə edərlər. Kaş bunu eləyib incitməyələr ağacları...
Mənə elə gəlir, kəsilən ağacların hamısına pis qadın kimi qəzəblənirlər.
Bu çinar da, nə bilim əşi..
***
- Ağaclar bitdiyi yerə sadiq olurlar... Səncə, düzdü? - məzə üçün dostumdan soruşdum.
Üzümə baxıb, "sən yenə başladın da şeir deməyə. Dayanmazsan ta, mən gedim" - deyib, arxasının tozunu çırpa-çırpa yox olmağa qoyuldu..
Mən də elə həmişəki kimi qaldım. Bu şeir bilməyən, şeir sevməyən adamların arasında...
***
İndi ömrün elə bir yaşındayam ki, bu ağacın ən balaca budağı belə məndən qat-qat böyükdür. Hərdən ona boş-boşuna əl atdığıma görə, üzr istəmək istəyirəm. Əgər kökü dərin olmasa, oturduğum yerdən durub özüm yer verərdim.
İndinin ağacları da birtəhər olub e, elə bil. Lap uşaqlıqda budaqlarından yay düzəldərdik, ox hazırlayardıq ki, götür, get Albaniyaya, oradan da hücum elə Romaya.
Hələ keçənlərdə bir ağacdan kiçik bir çöp qoparıb dişimi qurdalamaq istəyirdim ki, budağı əlimə gəldi. Bax, indi mən bunun kölgəsinə necə etibar edim? Necə söykənim buna? Qarışqa da diz boyu, daraşır adama.
Yoxsa, tut dibi elə qarışqadı?...
***
Əvvəllər burda ağac lap çox idi. Yavaş-yavaş kəsdilər. Bir də onda ayıldıq ki, bu qoca çinar tək qalıb.
Bəs, qoca çinar bilirdi?
Hay bu dünyanın ədalətini...
Bir dəfə də xəbər çıxdı ki, çinarı kəsəcəklər, yerinə də ev tikiləcək. İşə bax daa. Adam nə qədər mənasız olsun ki, yaşı 150-ni adlamış bir ağacı kəsib, özünə görüntü xatirinə bir ev tiksin?!
Nə deyim? Təbiət ana özü qənim olsun!
***
İndi bəzi şeyləri bulanıq xatırlayıram. Üstündən illər keçib, ətrafdakı evləri çinarın yeri qarışıq satmışdılar onda.
Həmin gün səhər boğazı qalstuklu, əli dəftərli beş-altı adam gəlib, nələrisə götür-qoy edib, sakinlərlə danışıb getdilər. Çinarın bir budağından cəmi 20 il balaca olan 70 yaşlı Mirələm baba da gələn bu bəylərə deyib ki, bu çinarı kəssəniz, əlimdəki çomağı soxacam sizə!
Mirələm babanın əlindəki çəlik çinar ağacındandır...
Əşşi, deməyə o qədər sözüm var indi. Bu, harasıdır?
Heç bilmirəm, nə deyim. Bəlkə şeir?
Yeri gəlmişkən, təzəlikcə şeir də yazırdım. Yaman həvəsli idim. Heç kimə lazım olmayan, əməkdaşlarının belə oxumadığı, arvadların peraşki bükdüyü bir qəzetdə çap da olunmuşdum hələ. Bir sevinirdim, bir sevinirdim ki, Nobel versələr heç bu qədər sevinməzdim.
Şeir yazdığımı bilən adamlar da kitab oxumağı məsləhət görürdülər mənə. Şeirlər oxuyurdum çoxlu. Bir tanışım mənə şeirlər kitabı vermişdi. Demişdi, bu şeirlər həyatla əlaqədardır, mütləq nələrəsə rast gələcəm. Bax, o rast gəldiyim şeylər mənə əsl şeiri öyrədəcək, mənə təsir edəcək. Nə bilim, bir xeyli indi yadımda qalmayan təriflər etmişdi.
Oxuyurdum mən də. O vaxt hansı hisslər keçirdiyimi bilmirəm. Amma indi ikiqat hisslər keçirirəm.
***
Uzun sözün qısası, ağacın da budağı... Başım qarışdı şeirə, kitaba, heç aqibəti deyə bilmədim. Köpəkoğlunun poeziyası...
***
Dan yeri sökülməmiş səsə oyandım. Gördüm, yekə bir kran gətiriblər, ağacı kəsməyə hazırlaşırlar. Bu zalım dünyada ağac da olmadıq heç. Çinarı hissə-hissə edəcəkdilər. Ta calaq da tutmazdı. Nə bilim, o qırıq stəkandan su içmək söhbəti-zad.
İlim-ilim itirdilər çinarı. Olmayan balalarımın başını kəsdilər elə bil. Mən onda bildim ki, adamlar da ağac kimi gövdəsindən sarsılırmış. İlahi, nə boyda bir boşluq yarandı orda?! Ətrafa boylandım, heç kim yox idi. 70 yaşlı Mirələm baba da gözə dəymirdi. Hamı daş evində daş kimi yatırdı. Təkcə özüm izlədim bu mənzərəni. Şair demiş, bütün pəncərələr yumdu gözünü...
Mən də nə edim? Uşağam ki, uşaq. Ta əlacsız-əlacsız kəlləmi atıb yatdım.