25 il sonra qulaq falında eşitdiklərim – Vahid Qazi

25 il sonra qulaq falında eşitdiklərim – Vahid Qazi
25 mart 2020
# 14:27

Kulis.az yazıçı-publisist Vahid Qazinin “Köç” yazısını təqdim edir.

Duyğuların ən məhrəmi qəlbin ən dərin qatında qalanıdır. O dərya dərinliyinə baş vuranda kəşf edirsən ki, sən demə, duyğuların təhtəlşüurda yaşayanı da varmış. Qanda, gendə, ruhda gizlənən kod kimi, fosil yaddaşı kimi…

Novruz tətilində Azərbaycan Kinostudiyasının 1983-cü ildə çəkdiyi “Köç” filminə baxmağı oxucu dostlara tövsiyə edirəm. 9 günlük Novruz tətilində 9 dəqiqəlik qısa bir filmə baxmağa vaxt tapılar məncə.

Tərəkəmələrin Laçın yaylalarına köçündən bəhs edir. Deyərsən, bəs 9 dəqiqəlik filmə yox, azından 900 illik tarixə baxırsan. Etno-kültürümüzün dərin laylarından xəbər verir: elat mədəniyyəti, məişəti, mətbəxi, canım sənə desin, folkloru, nə desən var orda. Bir sözlə, əsl Novruzluq bir filmdir Novruzdan danışmasa da.

Bəlkə yaddan çıxıb arxivlərin künc-bucağında qalıb, ya da redaktoru Eldəniz Quliyev müxalifətçidir deyə o filmi bizim TV-lər vermir. Amma nahaq!

Yutubda var. Linkini paylaşıram, baxın. Köç haqda təsəvvürü olmayanların belə duyğu yaddaşını oyadacaq.

…Mənimsə köç yaddaşım həmişə diridir.

Film hər il Ağdamdakı evimizin pəncərəsi önündən keçən köçləri yadıma saldı. Elə bildim yenə o pəncərədən boylanıram. “Novruz sabahının pəncərəsi” essesində bəhs etmişəm. O pəncərədən baxan 10 yaşlı Vahidin gördüklərini danışım, sən də eşit, dostum oxucu.

…Köç səsi səhər obaşdan gələrdi. Bəzən hənirtisini yuxuda eşidər, oyanıb pəncərəyə cumardım. Sayı-hesabı bilinməyən qoyun sürüsü Ağdərə, Kəlbəcər dağlarından, yaylaqdan dönərdi. Sürünün asfaltdan qopan ayaq səsi quzu mələşməsinə qarışıb məhrəmanə musiqi yaradarda.

Təbiətin bəstələrini hansısa allah bəndəsi köçürə bilibmi nota? Mən görməmişəm, yoxsa qoyardım o musiqini birlikdə dinləyərdik.

Pəncərəni açıb heyrətlə baxıram. Otağı qəribə köç iyi bürüyür.

Heç burnuna köç qoxusu dəyibmi? İşdi-şayəd, nə vaxt köç görsən, bu dediklərimi yada sal!

Sürünün başında qulağıkəsik qurdbasan çoban itləri oynaşır. Quyruğu yerlə sürünən Qarabağ qoyunları itlərdən arxayındılar, tələsmirlər. Ağzı buğlu Qarabağ atları çoban, onun neçə aylıq azuqəsi, pal-paltarı yığılmış xurcunları belində çox yüngüldür, sürüyə cavabdehmiş kimi diribaş görünür. Çobanın qaysaq bağlamış yanaqları qırmızı qranit kimi soyuqdur, sərtdir.

Sürü yavaş-yavaş uzaqlaşdıqca o həzin “musiqi” də not-not kəsilir. Köç gedəndən sonra küçəyə qəribə sükut çökür. Bir azdan qadınlar küçəyə çıxıb darvazalarının ağzındakı köç “iz”lərini süpürəcək, aparıb ağacların dibinə tökəcək…

Filmə bir elatın köçü kimi yox, zaman köçü kimi baxdım. Nə zamanlar, nə zəmanələr köçüb bizdən. Bizsə zamandan, zəmanədən köçmədik. Min illərdir zamandayıq.

***

Heç bir dini, fəlsəfi, ideoloji inanc Novruz inancları qədər mənə doğma, məhrəm deyil. Körpəlikdən yaranıb məndə bu inanc, nənələrimin, anamın söylədikləri möhkəmlədib bu inamı məndə. “Kasıbın qapı satan ayı” deyərdi Novruza nənəm. Evinin qapısını satası olsa belə hər kəsin Novruzda qazanı qaynamalıydı. Atam sevdirib bu bayramı mənə hələ neçə ay öncədən Novruz hazırlıqlarıyla.

Gözümü açandan Novruza tapınan gördüm hər kəsi…

Ağdam işğal olunanda atam, anam, bacım Bakıya qaçqın kimi gəldilər. Əmim yataqxanaya buraxmadı, oğluna aldığı ayrıca mənzili onlara verdi. Mən də kirayə qaldığım evi tərk edib gəldim. Qohumlar acımızı öz məhrəmanə davranışları ilə ovutsalar da, bizi tək qoymasalar da mən bir oğul kimi ailəmə özüm yiyə durmaq istəyirdim. Yollar arayır, çabalayır, sonda ümidsizləşirdim.

Hər dara düşəndə Novruz axşamları niyyət tutmağım olub. Bir neçə dəfə sınamışdım. Yenə “tale ovuna”, qulaq falına çıxdım. Yadımdadır, 52 saylı avtobusdan düşüb binaların arasıyla evə gedəndə bayram şirniyyatı bişirən iki qadının açıq pəncərədən gələn sözlərini eşitdim. “Onun dərmanı zoğaldı”. Niyyət tutmuşdum ki, bu il ev ala biləcəyəmsə, bir xoş söz eşidim! Üfiqdə belə görünməyən ümid idi. “Yaxşı sözdü, dərmanı var, darıxma!”, demişdi anam. Həmin il, Biləcərinin o tayında ən sonuncu, pəncərəsi Abşeron çöllərinə açılan binada ailəmi başıma yığmağa evim oldu.

Bilirsən, bu yazını niyə yazıram, dostum oxucu? İnanasan deyə. Ümidin qəhətə çəkildiyi zamanda belə ümidsizliyə qapılmayasan deyə! Novruz insanların özünə, bir-birinə, bir də sabaha inam bayramıdır!

Uzun, çox uzun illər idi ki, qulaq falına çıxmırdım. Həmişə elə bilmişəm ki, bunun üçün Tanrı dərgahındaymışsan kimi saf olduğuna özündə daxili güc duymalısan. Görünür hazır deyildim deyə alınmırdı məndə.

Dünən axşam 25 ildən sonra bir də qulaq falına çıxdım. Həyatımın ən böyük arzusunu niyyət tutub küçəyə düşdüm. Bir-biriylə söhbət edən iki isveçlidən eşitdiyim ilk söz bu oldu: “Man måste skydda sig själv” – “Adam gərək özünü özü qoruya”. Koronavirusdan danışırdılar

…Tutduğum niyyət isə bu idi: “Bir də Qarabağa qayıdacağammı?” İşarət aydın idi. Qarabağa qayıtmağın yolu onu almaqdır.

***

Filmin sonunda balaca çoban çomağını başı üzərində fırladaraq üzü yamaca qaçır. Qarabağın çiçəkli alp çəmənliyində yüyürür.

O uşaq kimi o yamaclara sarı yüyürmək – Qarabağa köçmək arsusuyla Novruzunu təbrik edirəm, dostum oxucu, Novruza tapınan adam…

20 mart 2020-ci il
Helsinqborq, İsveç

# 2016 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #