200 min manat qonorar istəyən, Hitleri çox sevən, qatı türkçü və milliyətçi məşhur

Okaber, reper

Okaber, reper

18 iyun 2022
# 21:00

Kulis.az məşhur reper, Okaber adı ilə tanınan Orxan Mustafazadə haqqında maraqlı məlumatları təqdim edir.

Okaber Karabin. Əsl adı ilə desək Orxan Mustafazadə. O, 18 iyun 1987-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olub.

2005-ci ildən 2009-cu ilə qədər Odlar Yurdu Universitetində təhsil alıb.

Elə həmin il də musiqi karyerasına başlayaraq, 2011-ci ilə qədər R.O.C (Rap Out Clan) qrupunun tərkibində çıxış edib. 2011-ci ildə qrup dağıldıqdan sonra, kariyerasını tək davam etdirib.

Əsasən kəskin, ironik və sarkastik mətnləri ilə bilinən və məşhurlaşan Orxan qatı türkçü və milliyətçidir. Ən çox sevdiyi kitab isə Adolf Hitlerin “Mənim mübarizəm” (Mayn Kampf) kitabıdır. Treklərinin əksəriyyətində və hətta onu ifadə edən loqosunda belə, nasizmin simvolu olan “svastika” işarəsindən istifadə edir.

O, müsahibələrinin birində qeyd edir ki, türkçülük sevdası ailəsindən gəlir. Uşaqlıqdan Atatürk, M.Ə.Rəsulzadə və digər görkəmli türk şəxsiyyətlərinin kitabları, portretləri və sözləri ilə böyüyüb. Qeyd edir ki, türkçülük ideologiyasını nə qədər çox sevsə də, o bizi öz ətrafında birləşdirmir. Ona görə də ilk azərbaycançılıq qayəsi olmalıdır.

Orxanın treklərində tez-tez canavar görürük. Canavar Okaberin alter-eqosudur. Bu heyvan – bozqurd – həm də türküçülüyün simvolu hesab olunduğu üçün Okaber də ondan kliplərində və treklərində istifadə edir.

Okaber haqqında daha bir maraqlı fakt isə treklərinin əskəriyyətini, əsasən, ayın 13-ü buraxmasıdır. Çünki bu rəqəm H.O.S.T. qrupunun yaranma günüdür (2007-ci il, 13 fevral). Hətta onun "OnÜç" adlı treki də var.

Okaber bir-iki müsahibə və verilişdən başqa, demək olar ki, mediaya açıqlama vermir, TV və internet verilişlərində iştirak etmir. Onun belə sirli və gizli qalan həyatı dinləyicilərinə olduqca maraqlıdır.

O yalnızca öz işləri – treklər, albomlar, mətnlər, ideologiya və s. – ilə gündəmdədir və elə onlara görə də sevilir.

Okaber ona ünvanlanan “nəyi heç vaxt etməzsən?” sualına “özümə xəyanəti heç vaxt etmərəm” deyə bir cavab verir. Bir sənət adamının, həqiqi sənətlə məşğul olan insanın, xüsusən rep kimi yeraltı-küçədən gəlmə bir sənətçinin bu cür düşünməsi, özünə sadiq qalması çox vacib və dəyərli faktdır. Bu cür düşüncə tərzi insanın getdiyi yol və o yola sadiqliyindən irəli gəlir. Azərbaycanda buna sənətçilər əməl etmirlər.

Dəyirman qrupu dağılandan sonra reper Miri Yusif yaradıcılığını 180 dərəcə dəyişərək toylara getməyə başladı. Bu və bu kimi misallar bəs qədərdir. Artıq sənətçilər başa düşməlidir ki, yola sadiq olmaq lazımdır. Çünki yol müqəddəsdir.

Həqiqətən də, uzun illər keçib, Okaber daima yazır və işləyir. Onun özünə xəyanəti sənətində qətiyyən müşahidə olunmur.

Azrepdə ən çox sevdiyi reper və kumir olaraq gördüyü insan Elşad Xosedir. Amma buna baxamayaraq, o özünü heç kimin davamçısı hesab etmir. Hətta sosial mediadan izləyicilərinin suallarını cavablandırarkən, “Elşad Xose, yoxsa Hüseyn Dərya?” sualına, “heç biri” deyə cavab vermişdi.

“Oka”nın taxma adı Karabindir. Özünə akula da deyir. “Okaber”in mənası isə “böyük” deməkdir. Ən sevdiyi film “Şouşenkdən qaçış” filmidir. Xaricdə ən bəyəndiyi reper 2Pac-dır. Qatı “Qalatasaray” azərkeşidir. Rus, ingilis və gürcü dillərində sərbəst danışır. Azərbaycanda ən çox xoşladığı trek Qaraqanın – “Qısa qapanma” trekidir.

Yeniyetmələrin rep yazmasından xeyli narazıdır və buna etiraz edir. Ən sevdiyi kitablardan biri də Qaraqanın “İkinci addım” kitabıdır. Heç bir partiyaya üzv deyil. M.Ə.Sabiri çox sevir.

Sonuncu dəfə mediaya yayılan məlumata görə, tanınmış reper Xpertlə “battle” (təkə-tək rep döyüşü) edəcəkdilər. Lakin hər iki reper qonorar məsələsini həll edə bilmədilər. Qeyd edək ki, Xpert bu battle-ə görə 100.000, Okaber isə 200.000 manat məbləğ istəmişdi.


# 14260 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #