“2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi baş tutdu

“2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi baş tutdu
4 aprel 2024
# 16:00

2 aprel tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi təşkil edilib.

Kulis.az xəbər verir ki, sərginin açılış mərasimində uşaq yazarları Sevinc Nuruqızı, Fatimə Alxaz, Reyhan Yusifqızı, Lalə Umud, Mina Rəşid, Solmaz Amanova, Gülzar İbrahimova, Aygün Bünyadzadə iştirak ediblər.

“Bakı Modern Təhsil Kompleksi”, “Kaspi Liseyi”, “İdrak Liseyi”, “Bakı İstanbul Liseyi”, 7,8,172,177,194,270 nömrəli ümumtəhsil məktəblərinin və 1 saylı UGİM şagirdləri yazarlarla görüşüblər. Təşkil edilən sərgidə kiçik yaşlı uşaqlar üçün, eyni zamanda oxucuların yaş səviyyəsinə uyğun nəzərdə tutulan nağıl, hekayə, təmsil və s. kitablar nümayiş olunub.

Tədbir iştirakçılarını və qonaqları salamlayan kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbir haqqında ətraflı məlumat verdikdən sonra sözü uşaq yazarlarına verib. “Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş tədbirdə oxucularla ilk görüş Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi Sevinc Nuruqızı ilə baş tutub. Yazıçı məktəblilərlə birgə əsərlərini müzakirə edib, fərqli mövzulara toxunaraq şeirlər səsləndirib. Uşaq yazarı Fatimə Alxas şagirdlərlə birgə nağılları müzakirə edib.

Daha sonra oxucular Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızı ilə görüşüblər. Reyhan Yusifqızı Azərbaycan ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaratmışdır. Elmi-fantastik trilogiya təşkil edən "Yaşıl gözlü qız", "Zamanın əsirləri" və "Uzaq planetin sirri" kitablarının, həmçinin, süni intellektə həsr olunmuş "Dostum Mimi", “Diribaş qızlar”, “Qapı arxasında O”, “Riyaziyyat əyləncəli ola bilərmiş” və s. kitabların müəllifidir.

Sərgi 4 aprel tarixinədək davam edəcək. Sərgi müddətində oxucuların yazıçı Zahid Xəlil, Gülzar İbrahimova, Lalə Ümid, Mina Rəşid, Hülya Cəfərova və Zahirə Cabirlə görüşləri nəzərdə tutulub.

Tədbirin keçirilməsində əsas məqsəd, uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, kitaba sevgi aşılamaq, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaq və kiçik yaşlı oxucularımızın informasiya tələbatının ödənilməsi üçün onları ölkəmizdə son ildə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etməkdir. Həmçinin, uşaq kitabları vasitəsilə oxucu və müəllif arasında anlaşmanı təşviq etmək, uşaq və yeniyetmələrə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələrini əldə etmək imkanını yaratmaq, peşəkar və təcrübəli kitabxanaçılar vasitəsilə onların oxumağı sevəcəyi yaxşı kitablara çıxış imkanını yaratmaqla BMT Konvensiyasına uyğun olaraq Uşaq Hüquqlarını qorumaq və təmin etməkdir.

Oxucular sərgi zamanı son illərdə nəşr olunan 481 adda Azərbaycan və dünya uşaq ədəbiyyatının nümunələri ilə tanış olublar.

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

# # #