17 yaşında ailə qurduğu ərindən xəyanət gördü, anası ondan incik dünyadan köçdü, filmdəki tərəf müqabili ona aşiq oldu

Sənubər İsgəndərli. Əməkdar artist

Sənubər İsgəndərli. Əməkdar artist

19 aprel 2022
# 13:00

Kulis.az aktrisa, Əməkdar artist Sənubər İsgəndərli haqqında maraqlı faktları təqdim edir.

Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr, 1960-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

Sənubər İsgəndərova 1989-cu ildə rejissor Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrının truppasına daxil olur. Burada o, "Qətl günü", "Dadaşbala əməliyyatı", "Leyli və Məcnun", "Kimdir müqəssir", "Yeddi məhbusə", "Qurbanəli bəy", "Yay gecəsində yuxu", "Çarəsiz sərnişinlər" tamaşalarında bir-birindən maraqlı rollar ifa edib.

***

Aktrisa həmin illər haqqında müsahibələrinin birində deyir:

“Hüseynağa müəllim sözə çox xəsis idi. Bizsə gənc idik, nə oynasaq, ağzına baxardıq ki, görək nə deyəcək... Ömründə heç nə deməzdi. Adam qalırdı çək-çevir edə-edə ki, ay Allah, görəsən, necə oynadım... Hərdən söhbətlərindən başa düşürdük ki, bu sözü, deyəsən, mənə atırdı, bu qədər. Şekspirin “Yay gecəsində yuxu” tamaşasında Yelenanı oynayırdım. İlk dəfə mənə dedi ki, proqramı bura gətir. Gətirdim, orda yazdı ki, Sənubər, sən indi başladın gözəlləşməyə. Allah, bu mənim üçün dünya idi! Hesab edin ki, elə o günü Xalq artisti adını də aldım, Əməkdar artist adını da. Çünki sənətkar mənə dedi ki, sən artıq aktrisa kimi formalaşırsan. Həmən “gözəlləşmə” sözündən sonra bir az rahatlaşdım...”

1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışmağa başlayan aktrisa burada "Özümüzü kəsən qılınc", "Burla xatun", "Lənkəran xanının vəziri", “Ədirnə fəthi", "Hamlet", "Brüsseldən məktublar", "Yaşlı xanımın gəlişi", "Generalın son əmri" tamaşalarında iştirak edib. Teatr tamaşalarında ona ən çox uğur gətirən obraz "Yaşlı xanımın gəlişi" tamaşasındakı Klara Veşer obrazı olur. Aktrisa hazırda teatrın repertuarında olan “Sinif yoldaşları” və “Dəli yığıncağı” tamaşalarında iştirak edir.

Teatrda məhsuldar olan Sənubər İsgəndərli nədənsə kinoda az filmlərə çəkilib. “Kişi sözü”, “Şahid qız”, “Fəryad”, “Hökmdarın taleyi” filmlərində rol alıb. Onu geniş tamaşaçı kütləsinə tanıdan obraz isə “Kişi sözü” filmindəki Solmaz rolu olub. Mətbuatda yayılan xəbərlərə görə, aktrisa ilə filmdəki tərəf müqabili Əjdər Həmidov bir-birlərini seviblərmiş. Əjdər Həmidov müsahibələrinin birində həmin günləri xatırlayaraq deyir:

“Çox gözəl bir xanımı 10 ilə yaxın sevdim. Amma bəxtimiz gətirmədi, evlənə bilmədik. Ona görə həmişə deyirəm ki, Qasımla mənim həyatımda oxşarlıq çoxdur. Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da yaşamışam. Filmdə isə Qasımı mən, Solmazı Sənubər İsgəndərli oynayırdı. Rejissor Cahangir Mehdiyev dedi ki, Əjdər, Sənubəri sevməlisən, yoxsa alınmayacaq, təbii olmayacaq. Dedim, sevmək sifarişlədir? Durduğum yerdə necə sevim? Amma etiraf edim ki, qısa müddətdə Sənubəri sevməyə başladım. Onu sevməmək olar? Bizim sevgimiz qısa çəkdi – 3 ay. Film bitən kimi Sənubər xanım öz, mən də öz yoluma getdik”.

***

Aktrisa 90-cı illərdə ifa etdiyi "Məhəbbət olmayanda" mahnısı ilə də böyük populyarlıq qazanlb

Sənubər xanım anasını çox erkən, 13 yaşı olanda itirib. Anasının ölümündən sonra qohumları anasından qalan bütün əşyaları öz aralarında bölüşdürürlər. Sonralar həmin günləri xatırlayarkən o, anasından ona heç bir əşyanın yadigar qalmamasına görə təəssüflənir.

***

Atasının və nənəsinin himayəsində böyüyən aktrisa çox tez, on yeddi yaşında sevdiyi insanla ailə qurub. Bu nikahdan onun Tamilla adlı bir qızı dünyaya gəlib. Ancaq nədənsə aktrisanın bu evliliyinin ömrü daimi olmayıb. On ildən sonra həyat yoldaşından ayrılan aktrisanın sözlərinə görə anası ondan incik dünyasını dəyişib. O, anasını xatırlayarkən deyir:

“Anam məndən incik getdi, onu uzun müddət yuxuda görmədim. Çünki onun ürəyincə olmayan biri ilə ailə qurmuşdum. Aktrisa olandan sonra bir dəfə anamı yuxuda gördüm. Gözlərini yumdu, başını tərpətdi, düşündüm ki, razıdır. Bu sənətdə onun istəmədiyi kimi addım atsaydım, başqa cür baxardı. Anamı itirəndə 13 yaşım tamam olmamışdı... Onun yeganə övladıydım. Özüm də çox ədalıydım. Anam nazımla oynayırdı. Anamdan sonra anladım ki, ana, ata, var-dövlət varsa, səndən yoxdur. Əgər bunlar yoxdursa, sənə başqa cür baxacaqlar”.

***

Ayrılandan sonra aktrisa ikinci dəfə heç vaxt ailə həyatı qurmayıb. O, özü bu barədə müsahibəsinin birində deyir:

“Orta məktəbi yenicə bitirmişdim. O oğlan tamam başqa sferadan idi. Nə qohumum, nə qonşum, nə məktəb yoldaşım, nə də tanışım idi. Qohumlardan birinin nikah mərasimində tanış olduq və onu sevdim. Sonradan biz evləndik və bir qızımız dünyaya gəldi. Yəni söhbət keçmiş həyat yoldaşımdan gedir. Dəlicəsinə sevdim, ailə qurdum. İlk məhəbbətim, eşqim həyat yoldaşım oldu. Həyat yoldaşım qısqanc idi. Təklif gələndə yoldaşım ssenarini məndən əvvəl oxuyurdu. Bir çox hallara icazə vermirdi. İmtina etdiyim rolları oynasaydım, indi ən az 30-40 filmim olardı, 6-7 yox. Ancaq o mənə xəyanət etdi və məni kiməsə dəyişdi. Yavaş-yavaş anladım ki, 17 yaşlı bir qızın baxışları ilə 25-27 yaşlı yetkin gəlinin baxışları ayrıymış. Bir dəfə gözlənilməz bir situasiyada həmin qadınla rastlaşdıq və mən üzümü çevirib çıxdım. Mən əvvəllər də bilirdim ki, yoldaşım kiminlə mənə xəyanət edib. Yaxın ətrafdan olan biri idi. Xəyanəti öyrənəndən 3-4 il sonra ayrıldıq. Bu 3-4 illik müddətdə mən bilirdim ki, yoldaşım mənə xəyanət edir, o da bilirdi ki, mən onun xəyanətini bilirəm. Amma üzümə vurmurdu və boynuna almırdı. Boşandıqdan sonra heç vaxt və heç bir formada görüşməmişik. Qısa bir müddətdə qızı ilə görüşdü, sonradan bu əlaqə də kəsildi”.

Hazırda teatr fəaliyyət ilə məşğul olan Əməkdar artistin iki nəvəsi var. Aktrisanın qızına etdiyi “vəsiyyət” isə maraq doğurur:

"Demişəm ki, xəstələnsəm, evə çəkiliş gəlməsin. Bu günə kimi evimə kamera girməyib. Bir dəfə bir müğənninin xəstə yatağında görüntülərini gördüm. Onda qərar verdim ki, olmaz. Bunu mütləq deyim, xəstə aktyoru efirdə köməksiz halda göstərməyin çox əleyhinəyəm. Qızıma möhkəm-möhkəm tapşırmışam, nə badə, anan düşdü, bir adamı içəri buraxmırsan. Demişəm! Həyatdır, Allah hamımızı dünyadan ayaqlarımızın üstündə aparsın. Amma ehtiyatı tutmaq lazımdır. Qəti! Olmaz! O aktyor insanın gözündə miskin olur! O vaxt mən Hamlet Qurbanovun kadrlarına baxanda bir ay özümə gələ bilmədim. Nəyə lazım idi onu göstərmək? Gərək ətrafı qoymayaydı. Yaddaşlardakı obrazı dəyişmək olmaz!”

# 35178 dəfə oxunub

Müəllifin son yazıları

# # #