16 yaşında Ukraynada döyüşdü, erməni rolunda hərbi bazanın sirrini açdı – “Şərikli çörək” filmi plagiat idi?

Şamil Mahmudbəyov, rejissor

Şamil Mahmudbəyov, rejissor

20 may 2022
# 12:00

Bu gün kinorejissor Şamil Mahmudbəyovun anım günüdür. Kulis.az sənətkar haqda 10 maraqlı faktı təqdim edir.

1. 1943-cü ildə, 16 yaşı tamam olanda Qroznıda hərbi-texniki məktəbi bitirib cəbhəyə yollanır. İlk döyüş yeri isə Ukrayna olur. 1945-ci ildə ağır vəziyyətdə yaralanaraq hospitala göndərilir. Sağalar-sağalmaz, yenidən hərbi hissəyə geri qayıdır. Müharibənin başa çatmasından bir neçə il sonra 1948-ci ildə, vətənə geri dönür.

2. İlkin yaradıcılıq illərində özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli filmlər çəkir.

3. Rejissora böyük şöhrət qazandıran 1969-cu ildə çəkilmiş "Şərikli çörək" filmi olur. Film Azərbaycanın Qızıl Fonduna daxil edilir. Şamil Mahmudbəyov "Şərikli çörək" filminə görə Dövlət Mükafatına layiq görülür. Film Böyük Vətən Müharibəsindən sonrakı ilk illərdən bəhs edir.

4. 1969-cu ildə çəkilmiş “Şərikli çörək” filmi də ilkin baxışdan sonra Azərbaycanda “4-cü” kateqoriyada qiymətləndirilmiş və uğursuz film müəllifi kimi quruluşçu rejissor Şamil Mahmudbəyov böyük risk qarşısında qalıbmış. Lakin film Moskva senzurasından “əla” qiymət alır, Azərbaycanda aldığı qiymət ləğv edilir, film geniş tamaşaçı kütləsinə təqdim olunur. Filmin nümayişindən sonra da Moskva qiymətləndirilməsi təsdiqini tapır, “Şərikli çörək” təkcə 70-ci illərin deyil, ümumən Sovet dönəmində İkinci Dünya Müharibəsi ilə bağlı yaradılmış ekran işləri arasında ən yaxşı şəhər filmi kimi qiymətləndirilir.

Stream "Şərikli çörək" filmindən parça; Vaqiflə Leylanın söhbəti by  Səma_Fuadqızı | Listen online for free on SoundCloud

5. “Şərikli çörək” Moskvada “Qostkino”da (Dövlət Kino Komitəsi) təhvil veriləndə dünyanın bütün filmlərinə baxmış nəhəng sənətkarlar orda idi. Və onlar filmə baxıb ağlayırdılar.

6. “Şərikli çörək” filmində çörək dükanının təsvir olunduğu yer rejissor Şamil Mahmudbəyov tərəfindən seçilib. Həmin yerlə üzbəüz, həqiqətən də, çörək dükanı olub. İnsanların növbəyə dayandığı yer “Böyük qala” küçəsi idi. Sənətkar Yusif Vəliyevin qəhrəmanı çörəkçi ilə insanların dialoq səhnəsi pavilyonda lentə alınıb. Vaqifə növbə çatmamış ekranlarda titrək bir əl görünür. O əl məhz rejissor Şamil Mahmudbəyovun əlidir. İstədiyi kadrı tutmaq üçün rejissor bu epizodda öz əlini çəkdi.

7. Bir müddət əvvəl filmin ssenarisinin plagiat olduğuna dair bir sıra iddialar ortaya atılıb. Həmin filmin ssenarisinin əslində uşaq ədəbiyyatına xüsusi töhfələr verən, bir sıra maraqlı əsərləri ilə yadda qalan Bayram Həsənova aid olduğu deyilir. Filmdə ekranlaşdırılan bir çox səhnələrin Bayram Həsənovun “Çörək” povestindən götürüldüyü iddia olunur. Bayram Həsənovun qızı Olya Həsənova müsahibələrinin birində atasının müəllif hüquqlarının pozulduğunu, heç bir xəbərdarlıq edilmədən, icazə alınmadan atasının əsərindən istifadə edildiyini deyir:

“Atamın “Çörək” povesti var. Həmin o filmdə istifadə edilən səhnələr bu əsərdən götürülüb.

8. Şamil Mahmudbəyov həm də baməzə adam olub. Günlərin birində kinostudiyada darıxır, bilmir neyləsin, Rasim Ocaqova zəng edir ki, pavilyonun projektorlarını yanılı qoymusan. Bu da o qədər güclü işıqdır ki, bir saata allah bilir nə qədər pul yazar. Rasim Ocaqov başılovlu taksiyə minib gəlir, görür, işıqlar sönülüdür. Şamil müəllimin otağına gedir, deyir, mənimlə niyə məzələnirsən? Şamil müəllim stolun üstünə düzdüyü kolbasanı, xiyar turşusunu və bir şüşə arağı göstərir:

“Rasim, bilirəm, ərincəsksən, nə qədər yalvarsam, gəlməzdin, ona görə səni belə gətirtdim. Darıxıram. Otur dərdləşək...”

9. Şamil Mahmudbəyov aktyor kimi də kino tariximizdə imzasını qoyub. Onun bir sıra filmlərdə oynadığı rollar bu gün də tamaşaçıların sonsuz sevgisini qazanır. “Yenilməz batalyon”da Əlimərdan, həmçinin, son çəkildiyi Qarabağ münaqişəsinə həsr edilmiş “Fəryad” filmində yaratdığı erməni həkim Sanvel obrazı yaddaqalan işlərindən cəmi bir neçəsidir. O, filmdə çəkmənin altında gizlədilmiş pulun müqabilində azərbaycanlı əsirə hərbi bazanın sirrini açır.

10. Ağır xəstəliyə tutulmuş rejissor "Divar" və "İnsan" adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilmir. Rejissor 1997-ci ildə Bakıda dünyasını dəyişir. Onun ölümündən uzun müddət sonra tamamlanan və cəmi bir il öncə tamaşaçılara təqdim edilən “Adam” filmi Şamil Mahmudbəyovun son işidir. Balaş Abbaszadənin hekayələrinin motivləri əsasında ekranlaşdırılan filmin prodüseri Rasim Həsənov, quruluşçu-operatoru Nizami Abbasdır. Hələ 21 il öncə çəkilmiş ekran işi rejissorun vaxtsız vəfatı və maliyyə vəsaitinin çatışmazlığından yarımçıq qalmışdı.

# 6904 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #