11 övladı ölən, oğlu intihar edən, bir qızını o birinin yerinə ərə verən dahi – Axundov haqqında maraqlı faktlar

11 övladı ölən, oğlu intihar edən, bir qızını o birinin yerinə ərə verən dahi – Axundov haqqında maraqlı faktlar
12 iyul 2023
# 12:00

Bu gün Azərbaycanın görkəmli mütəfəkkiri, fikirləri, məfkurəsi nə qədər aydın olsa da haqqında mübahisələr bitməyən şəxsiyyət, ədib, dramaturq Mirzə Fətəli Axundovun doğum günüdür.

Kulis.az dahi yazıçı ilə bağlı ən diqqətçəkən faktları təqdim edir.

1. Mirzə Fətəli Şəkidə xırda ticarətlə məşğul olan Mirzə Məmmədtağıyla Nanə xanımın oğludur.

O ilk travmasını iki yaşında alıb.

Belə ki, atası Fətəlinin iki yaşı olanda ailəsiylə birgə cənuba, Xamnəyə qayıdır, ancaq Nanə xanım Məmmədtağının birinci arvadı ilə yola getmir. Tacir xanımı geri – Şəkiyə göndərmək, yeganə oğul övladı Fətəlini yanında saxlamaq istəyir. Balaca Fətəli isə anasına sarılır, Nanə xanımı tək buraxmır və onunla Şəkiyə qayıdır. Bundan sonra atasını bir daha görmür. Anasını seçməklə Mirzə Fətəli bir növ, taleyinə diktə edir.

2. Mirzə Fətəli Axundov Azərbaycan dilində ilk pyesin, ilk çağdaş nəsrin, ilk essenin banisidir. Üstəlik, maarifçi realizm də onunla başlayır. İlk oynanılan pyes də onunku olub.

Günaydın Azərbaycan : Müsəlman Molyeri titulunun sahibi - MİRZƏ FƏTƏLİ  AXUNDZADƏ

3. Həyatı faciələrlə dolu adamın bu qədər komediya yazması təəccüblüdür. İki dəfə evlənən Mirzənin Tubu xanımla evliliyindən 13 övladı olur. Amma onlardan yalnız ikisi - oğlu Rəşid bəy və qızı Nisə xanım sağ qalır…

Qacar şahzadəsinə ərə verdiyi qızı Seyrəbəyim öldükdən sonra körpələri anasızlığı hiss etməsin deyə ikinci qızı Nisəbəyimi ölən qızının yerinə kürəkəninə ərə verir.

4. Mirzə Fətəlinin oğlu Rəşid bəy intihar edib. Uğursuz Brüssel həyatı, atasının ölümü, baş tutmayan ailə və qulluq karyerası, səhhətində yaranan problemlər qaradinməz Rəşid Axundovun tapançaya əl atmasına səbəb olub.

5. Rəşid bəy Axundovun yeganə oğlu, babasının adını daşıyan Fətəli bəzi məlumatlara görə, “Molla Nəsrəddin” jurnalının əməkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olub və 1938-ci ildə güllələnib.

Mirzə Fətəli Axundov - Sözlər.im

6. Axundov Şərqdə nadir adamlardandır ki, islam peyğəmbərini açıq şəkildə çox sərt tənqid edib.

7. Bir neçə dəfə arxasınca öldürmək ucun adam göndəriblər. Çar məmuru olduğu üçün qətl baş tutmayıb.

8. Dini görüşlərindən dolayı dəfni üç gün uzanıb. Onu qaydalara uyğun dəfn etməyə heç bir din xadimi gəlməyib. Haqverdiyev xatirələrindən yazır: “Mirzə Fətəlinin ölümünü Şeyxülislam Molla Əhmədə xəbər verdikdə o dedi: “Onun din haqqında olan nöqteyi-nəzəri ilə tanışam. Buna görə də onun namazını qılmaqdan imtina edirəm”.

Uzun minnətdən sonra Şeyxülislam məscid xadimlərindən Molla Hüseynə tapşırıb ki, gedib Mirzənin nəşi üzərində bir neçə söz desin.

9. Axundov uzun müddət Azərbaycan əlifbasını dəyişmək ucun mübarizə aparıb. Ərəb əlifbasından qurtulmaq üçün Osmanlı sarayına məktublar yazıb. Amma ən maraqlısı Zərdabiyə yazdığı məktubdur: “Düzü, əlifba məsələsinin həlli üçün gələcək nəslə çox böyük ümidim var, amma fikirləşəndə ki, onlar da bu eşşəklərdən törəyəcəklər, onlara da ümidim qalmır”.

Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB  » ZİM.Az | "ZİYA" İnformasiya Mərkəzi

10. Mirzə ədəbiyyatda da bütləri qırmağa meylli olub. Əvvəl “Füzuli şair deyil” - desə də, sonra “Füzuli nazimi ustaddır, xəyalatında əsla təsir yoxdur” – ifadəsini işlədib.

11. Axundovun qatı ateist mövqeyi onun qələm və düşüncə adamı kimi məşhurlaşmasına kömək edib. Çünki, tanrıya inanmayan bir məfkurə sahibi sovet ideoloqları üçün göydəndüşmə idi…

# 15932 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #