1000 müsəlman erməni - Onlar kimin vasitəsiylə İslamı qəbul etmişdilər?

1000 müsəlman erməni - Onlar kimin vasitəsiylə İslamı qəbul etmişdilər?
21 avqust 2026
# 14:00

Kulis.az Tural Əlizadənin "1000 müsəlman erməni" yazısını təqdim edir.


1918-ci ilin martında daşnak-bolşevik silahlı qüvvələrinin Bakı, Şamaxı, Quba, Lənkəran və digər bölgələrimizdə soydaşlarımıza qarşı qətliam törətdiyini bilirik. O qanlı-qadalı günləri hüznlə, baiskarları isə, əlbəttə ki, lənətlə yad edirik. Həmin tarix yaddaşımıza qara günlər kimi həkk olunub. Bununla belə , məhz o günlərdə, ağdaşlı islam alimi Muxtar əfəndi Əfəndizadənin (1880‒1975) vasitəsiylə min nəfərə yaxın erməni islamı qəbul edib. Hacı İsmayıl əfəndinin oğlu Muxtar əfəndi Ağdaşın Şəmsabad kəndində doğulub. O, 24 yaşınacan Ağdaş, Şəki, Quba, Şamaxı və Bakı mədrəsələrində təhsil alaraq özünü yetişdirmişdir. Ağdaşda yaşlılar üçün kurs, “Nəşri-maarif” cəmiyyəti, “Darül-irfan” məktəbi, qiraətxana və “Səadət” adlı qız məktəbi məhz Muxtar əfəndinin zəhməti hesabına təsis edilib.

İbtidai məktəb şagirdləri üçün “Şərayiül-İslam” kimi dini dərsliklər yazmış Muxtar əfəndi Sovet dövründə də elmi və pedaqoji fəaliyyət göstərib, İsgəndər Münşinin “Tarixi-aləmarayi-Abbasi”sini, Mirxondun “Rövzətüs-səfa”sını və Sədi Şirazinin “Gülüstan”ını farscadan, İslam tarixi mənbələrindən olan İbnül-Əsirin “Əl-Kamil fit-tarix”ini isə ərəbcədən dilimizə tərcümə edib. O, universitetdə ərəb dili müəllimi işlədiyi illərdə “Miftahü lisanil-ərəb” adlı bir dərslik yazıb ki, bu da nəinki Azərbaycan, hətta SSRİ miqyasında ali məktəblər üçün ilk ərəb dili dərsliyi hesab olunur.



Əfəndinin həyat, fəaliyyət və yaradıcılığını araşdıran, Xosrov mədrəsəsi məzunlarının yaxşı xatırladığı ədəbiyyat müəllimi, dəyərli ziyalımız mərhum Ağəli Ağayev “Muxtar əfəndi” adlı kitabında onun elmi dərinliyinə dair qürurverici bir əhvalatı belə nəql edir:

“... Göyçay Cümə məscidinin İdarə Heyətinin üzvü Molla Məcid söhbət edir ki, Türkiyədə yaranmış bir ciddi dini mübahisəni həll etmək üçün Sultan Əbdülhəmid müsəlman dövlətlərinə müraciət edərək İslamı dərindən bilənləri İstanbula dəvət edir. Qafqaziyyə İslam İdarəsi gənc Muxtar Əfəndizadənin də getməsini məsləhət bilir. Onun cavabı Sultan Əbdülhəmidi çox razı salır. Sultan ona Türkiyədə qalmağı təklif edir və hər cür təminatlar vəd edir, lakin Muxtar əfəndi etiraz edib deyir:

— Sultan sağ olsun, məni yetirən torpaq var. Mən o torpağın məhsuluyam və ora qayıtmalıyam. İndi məni orda, Ağdaşdakı hücrələrdə tələbələrim gözləyir. Mən onları oxudub, hərəsini bir Muxtar edib xalqıma çatdırmalıyam. Yol üstündə olan adama izin verin, getsin...”
Onu da qeyd edək ki, Muxtar əfəndi Mart soyqırımı günlərində özünümüdafiə dəstəsi yaratmışdı. Ağəli müəllimin 1976-cı ildə əfəndinin qohumu 90 yaşlı Sirac Əbdülhəmidovla və təxminən eyni yaşda vəfat etmiş qocaman xanəndə Veyis Hacıyevlə etdiyi söhbətlərdə müsahiblərin cavabları bu faktı təsdiqləyir:

“...Muxtar lələm kəndlərdən cavanları topladı, silah əldə etdik. Təxminən 200 nəfərlik bir dəstə təşkil etdi. Bu dəstəyə Qarapapaq deyirdilər. 25‒40 yaşında adamları bu dəstəyə qəbul edirdilər. Göyçayın Bığır kəndi yaxınlığında onların qabağını kəsdik. Demək olar ki, silahları yox idi. Lakin buna baxmayaraq, Göyçay istiqamətində topu olan ermənilərin qabağını kəsib, dala qaytardılar”.


Muxtar əfəndi azğın erməniləri öldürülməkdən xilas edərək onlara islamı qəbul etmələrini təklif edib:

“Bir hadisə heç yadımdan çıxmaz, sanki elə bil indi baş veribdir, hamısı yaddaşımdadır, — Veyis dayı Qarabəy karvansarasının həyətini göstərib sözünə davam etdi. — Bax, bu bazar meydanına həmin dəstə min nəfərə qədər ermənini tutub gətirdi. Adamlar karvansaranın həyətindəki bu əsir erməniləri görüb hiddətlənərək sanki dırnaqlarıyla dağı-daşı qoparıb onlara atmaq istəyirdilər. Hamı onların öldürülməsini tələb edirdi. Son sözü Muxtar əfəndi deməliydi. Bu vaxt o gəldi, hündür bir yerə çıxıb dedi:

“Camaat, biz bu erməniləri öldürə də bilərik, onları yandırmağa da haqqımız çatar. Çünki onlar bizə bundan yüz qat artıq zülm etmişlər. Lakin bunu bizə Allah bağışlamaz və bizim şəriətimiz buna yol verməz. Çünki burdakıların çoxu günahsız qadın və uşaqlardır. Bunlardan müsəlmanlığı öz xoşuyla qəbul edib iman gətirən varsa, biz onlara aman verək və içərimizə götürək...”
Muxtar əfəndinin bu söhbətindən sonra ordaca xeyli erməni iman gətirərək müsəlmanlığı qəbul etdi, elə ordaca onlara müsəlman adları verildi. Hətta ətraf rayonlara səpələnmiş bu adamlar sonralar namaz qılmağı öyrəndilər və müsəlmanlaşdılar”.



Ağəli müəllim xanəndənin dediklərini bu cür təsdiqləyir: “Veyis dayının bu söhbətində güclü bir həqiqət vardı. Hətta Ağdaşda müsəlmanlığı qəbul etmiş yaşlı adamların bir neçəsini tanıyırdım. Çox təəccüblü olsa da, onları İrəvandan qohumları gəlib tapırdı. Ermənilər 5-10 yaşında itkin düşmüş və müsəlmanlaşmış bu uşaqların yerini 50 ildən sonra öyrəndilər. Amma bu adamlar onları qəbul etmir, müsəlmanlaşdıqlarını söyləyirdilər. İşğalçıların ədalətsiz, mənəvi paklıqdan uzaq olduqlarını xatırladır, İslam dininin mövqeyinin yeni nəsildən olan azərbaycanlılar arasında bir qədər zəiflədiyi zamanda sidq-ürəkdən müsəlmanlığı davam etdirirdilər. Əslən erməni olan, lakin 10 yaşında müsəlmanlığı qəbul etmiş Rəhim adlı bir nəfərlə bir azərbaycanlının söhbətini xatırlamaq yerinə düşərdi. Azərbaycanlı, Rəhim kişiyə zarafatla “erməni” deməklə ona sataşdı, müsəlmanlığı sidq-ürəkdən qəbul etmiş Rəhim kişi isə dedi:

“Sən mənə “erməni” deyirsən, lakin sən özün heç kəlmeyi-şəhadətini bilmirsən, hələ də qibləni tanımırsan, namaz qılmırsan. Mənsə nə orucu yeyirəm, nə də namazı buraxıram... İndi de görüm, erməni sənsən, yoxsa mən?!.”

Onun oğlanları içki içdiyinə görə həmin adam vəsiyyət etmişdi ki, ölərkən oğlanlarım mənim cənazəmi götürməsinlər!..

05.04.2021

# 139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər