“Ustad” jurnalının yeni nömrəsi çap olundu

“Ustad” jurnalının yeni nömrəsi çap olundu
13 dekabr 2019
# 13:20

Ədəbiyyat və sənət jurnalı olan “Ustad”ın 32-ci nömrəsi oxucuların görüşünə yeni loqo və dizaynla gəlib.

Jurnalın bu nömrəsində müxtəlif ədəbiyyat və sənət haqqında yazılar yer alıb.

Jurnal baş redaktor Şəmil Sadiqin “Bir müəllimin tarixçəsi” hekayəsi ilə başlayır, şef redaktor Müşfiq XANın “İzsiz” adlı yeni detektiv hekayəsi ilə davam edir. Nəşrdə Əkbər Qoşalının “Həsrətoğlu və ya Uçan tabut” hekayəsi, Dürdanə Ramazanlının “Sevgi çiçəkləri” hekayəsinin I hissəsi və Fərid Məmmədovun “Zirzəmi” hekayəsi verilib. Səbuhi Şahmursoy “Ədəbi tənqid nədir, nə deyil” essesində ədəbi tənqidçiliyin müasir struktur problemlərinə toxunub. Cəlil Cavanşirin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə önəmli töhfə” resenziyası, Xanım Anelanın tərtib etdiyi “Tamamilə fərqli adları ola biləcək 10 məşhur kitab” xronikası, Elnarə Qaragözovanın “Milli ruhun ədəbi təzahürü” məqaləsi, Nərgiz Cabbarlının “İtirilmiş cənnətin Cek Londonu” məqaləsi jurnalın ədəbiyyatşünaslığa aid yazılarındandır.

Bu ilin kino hadisəsi olan “Coker” filmi haqqında peşəkar rəy və Nemət Mətinin rejissor Xirokadzu Koreadanın “Dükan oğruları” filminə həsr etdiyi “Görmədiklərimiz” adlı kino-resenziyasına da “Ustad”ın səhifələrində rast gələ bilərsiniz. Dünyada hekayə janrı tarixinə ən yaxşı qurulmuş dialoqlarına görə düşən Reymond Kerverin “Sevgidən bəhs edəndə nə danışırıq” hekayəsini Ceylan Mumoğlunun tərcüməsində oxuya bilərsiniz.

“XAN” nəşriyyatının beş yeni kitabının premyera yazısı da “Ustad”ın bu nömrəsinə təsadüf edir: Cəlil Cavanşirin “Azğın” romanı, Anarın “Sizsiz” memuar-romanı, Eldəniz Qurtulanın “Əmim Hamlet” romanı, Con Boynun “Zolaqlı pijamalı oğlan” romanı və “ÜstAd” uşaq əlavəsi rubrikasına dörd nağılı daxil edilmiş Jan de Lafontenin “Nağıllar”ı.

Poeziya bölməsində Pərviz Arifin “Siz, ey uzaqlardan gələn adamlar” və Rəşad Nağı Mustafanın “Mənə budaq ümidi ver, İlahi” başlıqlı silsilə şeirləri yer alıb.

“Ustad” bu nömrəsindən etibarən ədəbiyyat və sənətə aid “İtburnu komiksləri” başlıqlı yumoristik rəsmlər təqdim edəcəyini açıqlayıb. Bu rubrikanın debüt komiksi “Nəsimi-650” adı altında təqdim edilib.

Jurnalın rəngli səhifələrindəki “#Kitabınıgöstər” rubrikasında isə model Aliyə Cəfərovanın təqdimatında kitablarla fotosessiya verilib.

Qeyd edək ki, “Ustad” jurnalı 32-ci nömrəsinin üz qapağını dünyanın böyük film şirkətlərindən olan “Amazon”da yer alan ilk Azərbaycan filmi – “Aporia”ya həsr edib. /azertag.az/

# 2014 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #