“Ustad” dərgisinin yanvar buraxılışı nəşr olundu

 “Ustad” dərgisinin yanvar buraxılışı nəşr olundu
1 fevral 2020
# 15:29

“Ustad” dərgisinin 33-cü sayı dərc olunub.

Redaksiya heyətindən Kulis.az -a verilən məlumata görə, dərginin yanvar sayında müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, müsahibələr və digər sənət yazıları yer alıb.

“Ustad”ın bu sayı Şəmil Sadiqin “3 nöqtə”si ilə başlayır. Müəllif “3 nöqtə nədir?” sualına cavab axtarır: “sevgilin soruşsa, deyərsən ki, sən, mən, biz və ya mən səni sevirəm... Oxucun soruşsa, yazılmayanlar... Dostun soruşsa, deyə bilmədiklərim... Düşmənin soruşsa, demək istəmədiklərim... Yoldan keçən soruşsa, həyat üç günlükdür... Özüm soruşsam, MƏN”.

Dərgidə Müşfiq Xanın “Rəqib” dedektiv romanından bir parça verilib. Səbuhi Şahmursoy 33-cü say üçün yazdığı “Janrsızlar” essesində janrını müəyyən edə bilməyən yazıçıları “qələm atəşinə” tutur, oxucu və müəllif arasında körpülərin yıxılmasının səbəblərini izah edir. İki uşaq atası Nizinin müəmmalı həyatı Xanım Anelanın “Müəmmalı” hekayəsində təqdim olunur.

Bu sayda yer alan resenziya yazısı Ceylan Mumoğlu qələmi ilə Cəlil Cavanşirin “Azğın” romanına həsr olunub.

Esse yazıları İlqar İlkinin “Rüstəm Behrudi təlaşı” və Anar İbrahimovun “İnsanın mədəni inkişafının əsas amilləri”dir.

Film həvəskarları üçün kino-resenziya da bu sayda yer alıb. İlona Yezigarova “İdeal pasiyent” filmi haqqında danışıb.

Əvvəli 32-ci sayda verilmiş Dürdanə Ramazanlının “Sevgi çiçəkləri”, Cəbrayıl Şirəliyevin “Sərgüzəşti-əhli cəhənnəm”, C.Mumoğlu tərcüməsində Piter Kerinin “Xoşbəxtlik” hekayələri də 33-cü sayda yer alıb.

Dərginin “Sənət” rubrikasında “Müasir rəssamlığın 10 ən qəribə cərəyanı” haqqında S.Şahmursoyun yazısı yer alıb.

Kventin Tarantinonun və Nikol Kidmanın the-talks.com saytına verdiyi müsahibələr və Cəlil Cavanşirin “Mənim ən gözəl filmim – hələ çəkilmədiyim filmdir” deyən Elməddin Cəfərovla söhbəti dərginin “Müsahibə” rubrikasında təqdim olunub.

“Həmkarları tərəfindən sevilməyən məchul yazıçı” haqqında araşdırma-məqalənin müəllifi Xəyalə Murad, ““Kitabi-Dədə Qorqud” dastanında təbiət və insan münasibətləri”nin müəllifi isə Mətanət İsmayılovadır.

Qismət Məsim və Hüseyn Bağıroğlunun müxtəlif məzmunda yazdığı şeirləri “Poeziya” rublikasında verilib.

Bundan əlavə, dərgidə “ÜstAd” uşaq əlavəsində C.Cavanşirin “Ceyla niyə ağlayırdı” hekayəsi, “İtburnu komiksləri”nin yerli yazıçılara həsr olunmuş yeni seriyası və Elməddin Cəfərovla kitab fotosessiyası da yer alıb.

# 2572 dəfə oxunub

Müəllifin son yazıları

# # #