“Nəsimi tablolarda və miniatürlərdə” adlı sərgi açılıb

“Nəsimi tablolarda və miniatürlərdə” adlı sərgi açılıb
30 noyabr 2019
# 11:37

Daşkənddəki Foto evində böyük Azərbaycan şairi Nəsiminin 650 illiyi ilə bağlı “Nəsimi tablolarda və miniatürlərdə” adlı sərgi açılıb.

Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşəbbüsü ilə keçirilən sərginin açılışında mədəniyyət və incəsənət xadimləri, rəssamlar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.

RAMMM-ın sədri Firdovsi Hüseynov İmadəddin Nəsiminin həyatı və yaradıcılığı haqqında məlumat verib, böyük şairin əsərlərinin Özbəkistanda da çox sevildiyini bildirib. O deyib ki, Nəsiminin Azərbaycan rəssamları tərəfindən çəkilən çoxlu rəsmi var. Bu gün sərgidə bu tabloların 40-a yaxın fotosu və miniatürlər nümayiş etdirilir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin aparıcı mütəxəssisi Elmira Hacıyeva deyib ki, Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə “Nəsimi ili” elan olunub və bu istiqamətdə həm ölkəmizdə, həm də dünya dövlətlərində müxtəlif tədbirlər keçirilir.

Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin əməkdaşı Dilnur Kamilov, rəssam Zeynəb Zeynalova və başqaları Nəsiminin ölməz poeziyasından danışıblar.

Soydaşlarımız Leyla Qulamova və Kamilə Saruxanova şairin şeirlərini söyləyiblər. /azertag.az/

# 1746 dəfə oxunub

Müəllifin son yazıları

# # #