"1001 gecə" baleti Mariinski Teatrının səhnəsində - Fotolar

"1001 gecə" baleti Mariinski Teatrının səhnəsində - Fotolar
18 avqust 2020
# 15:04

Avqustun 14-15-16-da Rusiyanın tanınmış Mariinski Teatrının Primorski səhnəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin yeni quruluşda premyerası baş tutub.

Kulis.az xəbər verir ki, hər il ənənəvi olaraq Vladivostokda keçirilən “Mariinski Dalnevostoçniy" beynəlxalq musiqi festivalının bu il Fikrət Əmirovun möhtəşəm səhnə əsəri ilə açılması önəmli hadisələrdən biri sayılır.

Görkəmli rus dirijoru, Mariinski Teatrının direktoru və bədii rəhbəri Valery Gergievin təşkilatçılığı ilə keçirilən festival dinləyicilərin xüsusi marağını cəlb edib və bütün üç tamaşaya biletlər hamısı öncədən satılıb. Əsərin yaratdığı rezonansı nəzərə alaraq əlavə olaraq festivalın proqramına “1001 gecə”nin növbəti tamaşası daxil edilib.

Təşkilatçıların xüsusi arzusunu nəzərə alaraq tamaşalarda Azərbaycan milli aləti olan tardan istifadə olunub. Azərbaycan Dövlət Opera Teatrının orkestrinin solisti, tarzən Ramin Əzimovun ifasında milli alətimizin əsərdə səslənməsi tamaşaya xüsusi rəng qatıb. Dirijor Əyyub Quliyev və Mariinski Teatrı arasında razılaşma əsasında tamaşalar bitdikdən sonra milli alət teatrın istifadəsinə veriləcək.

Qeyd edək ki, “1001 gecə” baletinin tamaşalarında dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş üç müxtəlif heyət iştirak edib - Alina Samostrelova və Saki Nisida (Yaponiya) (Şəhrizad), Liliya Berejnova (Nuridə), Sergey Umanets və Kanat Nadirbek (Şəhriyar), Gilyermo Cunio (Nökər), Aslan Aliyev (Sindbad), Şizuru Kato (Ruh quşu), Anastasiya Baluda (Şahzadə Budur), Denis Qolov (Cadügər), Natalya Demyanova (Mərcanə), Alexandro Kobezas (Əlibaba), Katerina Floriya, Sergey Amanbayevlə bərabər 16 avqust tamaşasında Sankt-Peterburqun Mariinski Teatrının əsas solistləri - Roman Belyakov (Şəhriyar), Renata Şakirova (Şəhrizad) və Ekaterina Çebıkina (Nuridə) tamaşaya xüsusi rəng qatıblar. Balet ifaçıları ilə bərabər əsərdə olan vokal bölümünü isə iki gənc və istedadlı soprano Anastasiya Kikot və Alina Mixaylik təqdim edib.

Sentyabrın 6-na qədər davam edəcək festivalın proqramında Fikrət Əmirovun “1001 gecə” baleti ilə bərabər Rusiyanın görkəmli musiqiçiləri də yer alacaq. Onların sırasında - Valeri Gergiev, İldar Abdrazakov, Ekaterina Semençuk, Yelena Stixina, Albina Şaqimuratova, Roman Burdenko, Evgeniy Nikitini xüsusi qeyd etmək lazımdır./azertag.az/

# 2072 dəfə oxunub

Müəllifin son yazıları

# # #