TEASS Press Nəşriyyat Evi yeni nəşr olunan kitablarını açıqladı - Siyahı

TEASS Press Nəşriyyat Evi yeni nəşr olunan kitablarını açıqladı - Siyahı
14 mart 2023
# 17:10

TEASS Press Nəşriyyat Evi yeni nəşr olunan kitablarının siyahısını açıqlayıb.

Kulis.az sözügedən kitabları təqdim edir.

1. Hans Xristian Anderson - “Kibritsatan qız 20 sehrli nağıl”

XIX əsrdə yaşayıb-yaratmış Danimarka yazıçısı Hans Xristian Andersen həyatı – öz həyatını, başqalarının həyatını nağıllara köçürə bilib, nağıllaşdırıb. Bu nağılların dili yüyrəkdir, bütün hadisələr bir anda cərəyan edir, yüz illərin, bəlkə də, min illərin həqiqətləri bir cümləyə, bəzən isə bir ifadəyə sığır. Dil-dil, el-el hər aləmi gəzib-dolaşan nağılların qəhrəmanları ya xeyirin, ya da şərin nümayəndələridir, əksəriyyəti isə bu mübarizənin şahidləridir. Bu nağıllarda ədalət, düzgünlük, cəsarət, igidlik təbliğ edilir, insanı öz əsirinə çevirən, bağlılıq yaradan hisslər, hadisələr, təhlükələr haqqında xəbərdarlıq olunur... Həyat oxucuya sehrli, qorxulu, ecazkar, gülməli, sevimli nağılların dili ilə öyrədilir.

Books Icon

2. Luis Kerol - "Alisa güzgünün içində "

Heç hər gün baxdığın böyük güzgünün içinə keçmək haqqında fikirləşmisən? Təsəvvür et: güzgünün içindəsən, anan isə evdə səni axtarır. Bax Alisa da anasından gizlincə Güzgünün içində səyahətə başlayanda ağlına gətirməzdi ki, uzaqlara gedəcək, başqa bir dünyanın qəribəlikləri ilə üzləşəcək. Alisa Güzgü səyahətinə başlayanda nə görsə, yaxşıdır?! Şahmat fiqurları qol-qola girib gəzişir! Qız Kral və Kraliçalar, Trulala və Tralala, Gonbul Dumbul, Qara atlı Cəngavərlə qarşılaşır, təhlükəli şahmat oynayır: Alisa ya qalib gəlib Kraliça olmalıdır, ya da məğlub olub Güzgünün içində qalmalıdır. Dəhşətdir, elə deyilmi? Tələs, Alisa, tələs! Vaxta lap az qalıb. Qara Kraliça isə gizlincə Alisaya tor qurur... Bəs necə olur ki, Alisa Qara Kraliçaya qalib gəlir?

Books Icon

3. Erik Mative - “Bəs niyə səma mavidir?”

Niyə yuxu görürük?
Ağcaqanadlar niyə dişləyir?
Asteriks həqiqətən olub?
Niyə güzgüdə özümüzü görürük?
Qalaktika nədir?

Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir. Bu kitabda heyvanlar, insan bədəni, tarix, təbiət və elm haqqında bir-birindən maraqlı məlumatlar öyrənəcəksən.Mütaliəni daha da əyləncəli etmək üçün kitabın axırında müxtəlif söz oyunları, çalışmalar var, sən həm əylənəcək, həm də öz biliklərini yoxlayacaqsan. Silinən flomasterini götür və çalışmaları istədiyin qədər təkrar-təkrar həll et.

Books Icon

4. Laymn Frenk Baum - “Öz ölkəsinin qəribə sehirbazı”

Qasırğa Doroti və balaca iti Totonu evlə birlikdə göylərə qaldırır, sonra sehrli yaşıllığa endirir – Öz ölkəsinə. Sən demə, qasırğanın çərpələng kimi uçurduğu ev cadugərin üstünə düşərək onu öldürüb, zülmdən qurtulan yerlilər Dorotiyə təşəkkürlərini bildirir... Doroti Kanzasa qayıtmaq üçün Zümrüd şəhərində yaşayan öz sehrbazını axtarmağa başlayır. Sarı kərpicli yol ilə gedən qız qəribə varlıqlarla qarşılaşır: içi saman dolu müqəvva, tənəkə adam, qorxaq aslan. Öz sehrbazını axtarmağa yollanan dostlar səfər zamanı sürprizlərlə, təhlükələrlə üzləşirlər. Dorotinin tək istəyi Kanzasa qayıtmaqdır, məntiqli və düşüncəli Müqəvva beynini, həssas və emosional Dəmir Odunçu ürəyini, çox güclü və qorxusuz Aslan isə cəsarətini axtarır... Dorotinin başına gələn, möcüzəli macəralar o qədər ağlasığmazdır ki... Son anda gümüş başmaqları Dorotinin köməyinə gəlir...

Books Icon

5. Nizami Gəncəvi - “Fitnə”

Gözəllər gözəli Fitnə cəsarəti ilə sevimli hökmdarını çox qəzblənədirir, ölüm təhlükəsi ilə üzləşir, amma şahına sadiq sərkərdənin uzaqgörənliyi nəticəsində xilas olur. Günlərin bir günü Fitnə yenə də hökmdarı öz ağlı ilə, qeyri-adi gücü ilə heyrətlndirir, zərif bir gülün polad qədər sərt olduğu ortaya çıxır. Bütün sirlər açılır... Bax beləcə, ayüzlü, gözəl Fitnənin nağılı neçə yüzillərdir ki, insanları heyran qoyur, dildən-dilə, nəsildən-nəsilə keçir. Bu kitab Nizami Gəncəvinin 800 illik yubileyi münasibəti il çap olunmuş 1941-ci il nəsri əsasında yenidən çapa hazırlanıb. Kitabda Oqtay Sadıqzadənin həmin nəşrə çəkdiyi rəsmlərdən istifadə olunub.

Books Icon

6. Hovard Sults və Dori Cons Yanq - “Fincan-fincan qurulan Starbucks səltənəti”

“Starbucks” qəhvə şirkətinin uğuru son onilliklərin ən parlaq, valehedici biznes hadisəsidir. Sietl sahil xəttində kiçik bir dükan kimi fəaliyyətə başlayan obyekt dünyanın hər yerini əhatə edən, 1600-dən çox satış nöqtəsindən ibarət olan və hər iş günündə yeni bir dükan açan nəhəng şirkətə çevrildi. Bu inkişaf faktı qədər heyrətamiz olan daha iki amil isə “Starbucks”ın həm öz məhsullarının keyfiyyətinə, həm də işçilərinin məmnunluğuna və təminatına nümunəvi yanaşma tərzi ilə məşhurlaşmasıdır.

Şirkətin icraçı direktoru Hovard Şults “Can yandır” əsərində “Starbucks” fenomenini yaradan prinsipləri açıqlayır, gözəl və keyfiyyətli qəhvəni Amerika həyat tərzinin tərkib hissəsinə çevirmək üçün apardığı axtarışlarda əldə etdiyi təcrübə və hikməti bölüşür. Marketinq işçiləri, menecerlər, həvəsli biznes adamları “zövqlərimizdən tutmuş dilimizə, dilimizdən tutmuş Meyn-stritin simasına qədər... hər şeyi dəyişmiş” şirkətin bu dəqiq tarixçəsi ilə tanış olduqca sevgini, həvəsi qazanca çevirməyin yollarını aşkar edəcəklər.

Fincan-fincan qurulan Starbucks səltənəti

7. Elçin Əzimli - “Çağrı”

– Üz-gözündən yağan yorğunluqdan uzun səfərdən gəldiyin bəlli olur, ey səyyah! Haradan gəlib, haraya gedirsən? Yolun haradır belə?
– Özümədir yolum, atacan. Özümdən gəlib, özümə gedirəm.
– Maraqlı səyahətin varmış... Nə vaxtdır bu yoldasan?
– Dünyaya göz açandan bu yoldayam.
– Uzun imiş səyahətin... Nəyin axtarışındasan belə?
– Özümü axtarıram.
– Bəs getdiyin yollar səni aparıb özünə çıxarmırmı?
– Çıxardığı vaxtlar da olur, özümdən uzaqlaşdırdığı vaxtlar da. Yenicə bir işıq sezmişəm öz içimdə. İndi onun arxasınca gedirəm...

XIII əsr... Tarixin ən qaranlıq çağlarından biri... Dünyanı tək bir dövlət altında birləşdirməyə can atan Çingiz xanın növbəti qurbanı qarluq elləri olur. Monqol istilası nəticəsində yurd-yuvasından didərgin düşən gənc qarluq bəyi Çağrı dünyadan əl-ətəyini çəkib dərviş həyatı yaşamağa başlayır. O, dünyanı qarış-qarış gəzdiyi günlərin birində ən gözəl səyahətin insanın öz daxili dünyasına olan səyahət olduğunu anlayır və ruhuna aparan yolların axtarışına çıxır...

Çağrı

8. Corc Oruell - “Heyvan ferması”

Kitabdan qeyd olunan yeddi hökm:
1. Bütün ikiayaqlılar düşməndir.
2. Bütün dördayaqlılar, həmçinin bütün qanadlılar dostdur.
3. Heç bir heyvan paltar geyinə bilməz.
4. Heç bir heyvan mələfəli yataqda yata bilməz.
5. Heç bir heyvan qədərindən artıq spirtli içki içə bilməz.
6. Heç bir heyvan başqa heyvanı səbəbsiz yerə öldürə bilməz.
7. Bütün heyvanlar bərabərdir, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdir.

Heyvan ferması

9. Daniel Yergin - “Qənimət”

Hazırkı enerji böhranına birbaşa xitab edən yeni epiloqla nəşr olunmuş “Qənimət” dünyanın ən mühüm resursu olan neftin tarixini nəql edir. Daniel Yerginin bütün dövrlərdə aktual olacaq bu kitabı onilliklərlə nefti əhatə edən, hələ də qlobal rəqabəti alovlandırmaqda, dünya iqtisadiyyatını silkələməkdə, eləcə də insanların və millətlərin taleyini dəyişməkdə olan sərvət və hökmranlığın mübarizəsinin salnaməsini yaradır. Əsərin hazırkı yenilənmiş nəşri neftin XX əsr boyunca qətiyyən azalmayan əhəmiyyətini tam sübuta yetirir, bununla yanaşı XXI əsrdə də “qara qızıl” ucbatından baş verən iqtisadi və siyasi toqquşmaları təsvir edir.

Mövzuya dair hərtərəfli anlayışı və dərin araşdırmaları D.Yerginə enerji uğrunda hazırkı mübarizəni dəqiq təsvir etmək baxımından unikal mövqe qazandırır. Şübhəsiz ki, bu mübarizə dövrümüzün həyati əhəmiyyətə malik ən vacib məsələlərindən biridir. Müəllifin təhkiyə tarixinin mənzərəsi nəhəngdir. Pensilvaniyada ilk neft quyusunun qazılmasından iki dünya müharibəsinə, İraqın Küveyti zəbt etməsinə, “Səhrada fırtına” əməliyyatına, eləcə də İraq müharibəsi və iqlim dəyişikliyinə qədər bütün hadisələr bu əsərdə əhatə edilir. Neft mövzusunda qətiyyətli bir iş olan “Qənimət” qeyri-adi əhatə dairəsi, son dərəcə böyük həyəcan və nəhəng dəyər yaradan kitabdır.

Qənimət

10. Bill Klinton, Ceyms Patterson - “İtkin prezident”

Amerikanın başının üstünü qara buludlar alıb. Tezliklə şimşək çaxa, ölkəni yandıra bilər. Bu, baş versə, dünya siyasətinin məcrası dəyişəcək, dünya tamam fərqli bir yer olacaq. Prezident Dankandan şübhələnmək lazımdırmı? Heç kimin heç nədən xəbəri yoxdur, hamı qorxur, şayiələr sürətlə yayılır. Kiberterror hadisəsi baş verəcəkmi? Düşmən kimdir? Prezidentin yaxın adamları satqındırmı? Yoxa çıxan prezident Dankan ölüm döşəyindədirmi? Yoxsa başını tamam itirib, nə etməli olduğunu bilmir?

“Bu kitab birnəfəsə oxunacaq – mütaliə lap prezident təyyarəsi kimi sürətlə gedəcək. Klinton-Patterson yaradıcı dueti çox uğurlu əməkdaşlıq nümunəsi yaradıb. Hər ikisi zirvədə olan bu iki azman romançı siyasi mətbəxə yaxşı bələddir: biri içəridən, digəri çöldən. Onların bu əsəri oxucunu siyasət və hakimiyyət aləminin qaranlıq yolları və naməlum keçidləri ilə maraqlı bir səfərə çıxarır”.
Maykl Konnelli

İtkin prezident

11. Ziqfrid Lents - “Fərari”

1944-cü il... İkinci Dünya müharibəsinin sonuncu yayı... Məzuniyyətdən qayıdan əsgər Valter Proska yolda kiçik bir bölüyə rast gəlir. Proskanın dostları – ordunun unutduğu bu bölüyün əsgərləri yandırıcı günəşin və partizanların ardı-arası kəsilməyən hücumlarının altında ölümü arzulayan, dəliliyə sığınan biçarələrə çevrilir. Savaşın qanunları Proskanın gözündə yavaş-yavaş öz əhəmiyyətini itirir, daha sonra onu başqa-başqa suallar narahat etməyə başlayır. İnsan öz vəzifəsi uğrunda çarpışarkən vicdanını susdurmalıdırmı? Əslində, düşmən kimdir? Seçim azadlığı nə deməkdir? İnsan məsumiyyətini itirmədən tərəf tuta bilərmi? Əxlaqa daha çox maraq göstərmək lazımdır, yoxsa bizə faydası olana? Əxlaq hər yerdə işə yaramır. İşə yarayan isə həmişə əxlaqi olmur. Məsələn, dövlət nəzəriyyəsi... Yamanlıq yanlışlıq və zalımlıqdan bəhrələnir. Bu işlərə qol qoyan bəzi dövlətlərin özünə bəraət qazandırmaq cəhdi gülünc və heyrətamizdir. Bütün insanlar mələk olsaydı, dövlətin bu işlərə qol qoymağa ehtiyacı olmazdı... Şeytani ironiya... Despotizmin dialektikası...

Fərari

# 2144 dəfə oxunub

Müəllifin son yazıları

# # #