Xəyanəti birinci qadın edir

Xəyanəti birinci qadın edir
10 fevral 2015
# 16:13

Xəyanət bəlkə balaca məfhumdu, bəlkə də böyük... Kişilərin xəyanəti bioloji prosesdi, kim nə deyir desin...

Xəyanətin koordinatlarını qadınlar cızır. Addım-addım, pillə-pillə...

Kişilərin adətidi-baş barmaq mütləq o qara corabı cırıb tumurcuq kimi bəri boylanmalıdı... Gözünə döndüyüm bəzi qadınlar bunun yolunu tapıb. O balaca “tumurcuğu” skoçla bağlayıb ərini yola salırmış. Kimdi birdə corab tikən, tumurcuq yamayan...

Hələ açılmamış o “fidan” sonra nələrə yol açmır ki. Kişi barmağını skoçlayan qadın onun hər tərəfini də skoçlayası deyil a...

Bax belə, əzizlərim, kişi başqa corab geyinmək istəyir...

Bir dəfə qara corab, bir dəfə ağ corab, bir dəfə sarı corab...

Ayağını üşüdəsi deyil a...

Xəyanət planlarını qadınlar qurur beyinlərində... “Sabaha sup eləyib ataram, ya da kartoşkadan-zaddan bişirib tökərəm qabağına” deməklə...

Serialı bir pitiyə görə qaçırdası deyiləm a...

Kişi aş da yemək istəyir, bozbaş da... Hələ bunun desertini, tortunu-mortunu demirəm. Hə, başlayır bir gün aş yeməyə, sonra aş növləri axtarır. Cücə plov, mərci plov, ləvəngi plov...

Sənin supun indi onun çeçələ barmağını da isitmir...

Xəyanətə gedən yol bizdən keçir. Sonra başqalarını axtarırıq. Biz də əlimizdəkini qovuruq, sonra onu-bunu axtarırıq... Sonra baş barmaq üşüməsin deyə yun corab toxuyuruq, sonra axşamdan suya noxud qoyub piti bişiririk, sonra serilallara baxıb, öz günümüzə ağlayırıq.

Serial bitir, piti soyuyur, baş barmaq hələ də görünmür... Axı o “skoçlanmışdı”.

# 1392 dəfə oxunub

Müəllifin son yazıları

# # #