Biz necə xilas ola bilərik?!

Biz necə xilas ola bilərik?!
26 yanvar 2015
# 15:39

Zaman fərdin şəxsiyyətində, genetik yaddaşında, naqislik və kamillik keyfiyyətində dəyər qazanır və bu nisbətdə xarakter sərgiləyir. Nəsillərarası ünsiyyətin əsas vasitəsi, göstəricisi, ölçüsü olan insan yaşadığı dövrü öz cəmiyyətinin, coğrafiyasının, təbiətinin, inancının kanonları ilə ifadə edə bilməyəndə fəlakət baş verir. Bu fəlakət hər bir fərdin topluma inteqrasiyasında, milli-mənəvi dəyərlər sistemində, hətta məişət baxımdan insanların zirvə və dib mübarizəsində, acgözlüyündə (Çünki belə bir cəmiyyət həyatı yalnız və yalnız mübarizə kimi qavrayır. Ən azından Tanrının yardımlaşma qanununun təbii təzahürlərinə belə baxmağa macalları olmur! Bu elə bir bəladır ki...) əks olunur və həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən hər hansı cəmiyyətin maddi-mənəvi yaşantısı, dəyərləri fərdlər səviyyəsində daha dərin tədqiqat predmetinə çevrilir.

Fərdin yaşayış tərzi, taleyi, xarakteri şairlərin, yazıçıların, fikir adamlarının araşdırma predmetinə çevriləndə isə, fərd-toplum münasibətləri təcəssüm etdirilir və keçmişlə indi arasında sarsılmaz əlaqə yaradılır. Belə olduğu təqdirdə keçmiş yalnız informativ xarakteristika, illüstrativ xronika kimi xatırlanmır, hər səhifəsində “CANLI TARİX”in özü yazılaraq nəsillər arasında ünsiyyət vasitəsi olur. Bəs bu günümüz?! Bu günümüz... Bu günümüz isə, dəyərlərin, zövqlərin bir-birinə qarışdığı, fərdlərin toplumla əvəz olunduğu, istehsalın istehlakla yer dəyişdiyi (İstər mənəvi: fikri yöndən, istərsə də maddi: sosial-iqtisadi məişət baxımdan) informasiyaların virtuallaşdığı, şəxsi həyatların vizuallaşdığı bir dövrü əks etdirir. Bütün faydalı dəyərləri, yenilikləri mənimsəmək, həyatımıza tətbiq etmək, əlbəttə ki, təqdirə layiqdir. Amma və lakin icadlar, yeniliklər, nailiyyətlər bizləri maddi-mənəvi baxımdan müflisləşdirdi. Hər yeni texniki nailiyyət zəruri ehtiyac səviyyəsində təzahür etdi və yaxud bizlər zəruriləşdirdik.

Və hər bir texniki yenilik həyatımızı da texnikiləşdirdi, mənəvi aşınmalara, mənəvi cılızlaşmaya gətirib çıxardı. Qərbin icad etdiyi alətlərin alətinə çevrildik. Başımız bu yeniliklərə o qədər qarışdı ki, düşünüb icad etmə qabiliyyətini itirdik. Axı, ən öncə milli kimliyimizi itirdik. Bəs nədir bu milli kimlik? Milli kimlik bəzi “millətpərəstlər”in gəlişigözəl nitqlərlə tərif verdikləri yalançı, toxunulmaz “dəyərlər” sisteminə sahib olmaq deyil.

Misal üçün almanların milli kimliyinin əsas göstəricisi bir millət olaraq məntiqi təfəkkürə sahib olmalarıdır. Mənfur ermənilərin genetik kodunda saxtakarlıq öz əksini tapır və nəsildən-nəsilə ötürülür. Buna bütün tarix şahiddir. Biz də isə, bəzi gəlişigözəl söz sahibləri “şəxsi” mənafelərini “millət”in mənafeyindən üstün tutmaqla milləti öz kimliyindən uzaqlaşdırmaq arzusundadırlar. Təbii ki, bu daha böyük fəsadlar doğurur və texnoloji vasitələrlə bu proses daha da güclənir...

Vizuallıq təfəkkür qabiliyyətimizi itiləşdirmək əvəzinə onu daha da kütləşdirdi. Zahiri görkəm və ədaya önəm verəsi olduq. Görünmə, göstərmə xəstəliyinə yoluxduq. Yəni, necə və nə şəkildə olursa, olsun, məndə görünüm müsbət və ya mənfi buna nə hacət?! Ən əclaf adam belə tanınmaq intizarı ilə dəridən - qabıqdan çıxdı. Böyük mütəfəkkir U.Ekonun təbirincə desək “Tanrı yoxdur, televizor var” anlayışı gündəlik məişət hadisəsinə dönüşdü. Filosof bu fikiriylə bildirmək istəyir ki, əgər əvvəllər insanlar tanrının nəzarətində olmaq, onu hər zaman daxili aləmlərində hiss etmək istəyirdilərsə, indi televizorun, internetin nəzarətində olmağı daha məqbul hesab edirlər, televizoru, vizuallığı bir növ özləri üçün bütləşdirirlər. Və yavaş-yavaş özünü göstərmə ehtirası hər kəs də baş qaldırır.

Əlbəttə ki, gözəl davranışların, qabiliyyətlərin göstərilməsi faydalıdır. Lakin bu hal getdikcə o qədər kütləviləşir, məişət hadisəsinə çevrilir ki, artıq ən məhrəm, ən çirkin hadisələr belə ekranlaşdırılır. İnsanlar üçün pis və yaxşı, gözəl və çirkin qavramı vizual aləmdə yoxa çıxır, unudulur, həqiqi, tarixi, milli-mənəvi yaddaşın yerini yalanlar, intiriqalar, çirkinliklər tutur.

Bu günümüzlə sabahımız arasındakı mənəvi bağlar qoparılır. Uşaqlığımızla, yetkinliyimiz, gəncliyimizlə qocalığımız arasındakı mənəvi ünsiyyət, əxlaqi dəyərlərimiz şou aləmində, Ümumdünya Hörümçək Torunda can verir. Çünki bizlər öz dəyərlərimizdən uzaq düşmüşük, düşürülmüşük. Ən öncə öz dəyərlərimizin sahibi olmalıyıq ki, xaricdən gələn bilgiləri özümüz olaraq qəbul edək. O zaman dünyada sürətlə cərəyan edən proseslərə təsir etmə iqtidarında olarıq.

Niyə hər bir sahədə bizim sözümüz, bizim dəyərlərimiz üçüncü dərəcəli hesab olunur? Axı, bizlər özümüzdən, öz milli kimliyimizdən təcrid olmuşuq! Təcrid olunma?! Allah bilir hansısa it ilində təcridlik bir də onu ifadə edirdi ki, hər hansı sənətkar cəmiyyətdən təcrid olaraq fikri və mənəvi baxımdan müəyyən bir səviyyə qət edirdi. Bu cür təcridlik millətin gələcəyi və maariflənməsi yolunda yeni və parlaq şəxsiyyətlərə, bədii və elmi mətnlərə çevrilirdi. Nəsillərarası ünsiyyət bu tərzdə fərddən-fərdə ötürülürdü.

Təbii ki, tarixin müəyyən dövrlərində bu cür bağların qopduğu hallarda baş veiridi. Lakin indi XXI əsrdə bu proses çox sürətlə cərəyan edir. Özü də “elmi tərəqqi dövründə”. Əvvəllər insanın mənəviyyatdan təcrid olmasına səbəb cəhalət idi, indi isə elmi-texniki tərəqqi, informasiya bolluğundakı xaosdur. Bu illüziya milli-mənəvi yaddaşsızlığa, manqurtlaşmağa, müəyyən patetik ifadələrlə söz israfına, saxtakarlığa aparır bizləri. Cəmiyyəti müşahidə etdikcə belə bir mənzərəylə qarşılaşırsan: uşaqlar, uşaqlığımız, yeniyetmələr, yeniyetməliyimiz, gənclər, gəncliyimiz, qocalar-qocalığımız mənəvi böhran içindədir, təbii ki, bu hal maddi böhranlara da səbəb olur.

Necə deyərlər, arif olan anlar! Bu böhran uşaqların şirin məsumluq dövrünü yaşamadan yeni-yetmə olmaq istəyindən başlayır, yeniyetmə isə, dünyadakı ahəngdarlığı dərk etmədən “gənc” olmağı arzulayır. Gənc isə, ona verilən müsbət enerjini “qocalmaq”, “varlanmaq” ehtirasına xərcləyir. Bütünlükdə sadaladığımız amillər bir millətin tənəzzülünə səbəb ola biləcək amillərdir. Bizlər elə bir texniki tərəqqi dövründə yaşayırıq ki, radio dalğalar vasitəsi ilə belə bir millətin psixologiyasına təsir etmək mümkündür. Bəzən isə, görüntünü verib ixtiyarı əldən alırlar ( Gündəlik auditoriyaya hesablanmış şou verilişlər, xəbərlər, seriallar kütlə psixologiyasını formalaşdırır). Belə bir dövrdə ancaq özümüzü milli-mənəvi kimliyimizi qoruyub saxlamaqla dünyaya həqiqi mənada inteqrasiya ola bilərik. Bu isə, yalançı vətənşüvənliklə, populist çıxışlarla olmur. Öz daxili dəyər ölçülərimizi dünya sivilizasiyasıyla birləşdirə biləcək ədəbi mətnlərin təzahürüylə ola bilər. Elmi kəşflər dövründə ən öncə təfəkkür dünyamız dəyişməlidir ki, istənilən gənc nəsil yetişsin. Bu isə predmeti insan olan ədəbiyyatla mümkündür bu riyakar dünyada.

Ədəbi informasiya fikrə, ruha və qəlbə eyni zamanda təsir etmə qabiliyyətinə malik olduğundan yazarlarımızın üzərinə çox böyük məsuliyyət düşür. Gündəlik məişət dərdinin çözümündən, sosial-iqtisadi, ictimai-siyasi həyatımıza qədər bütün uğurlarımız; dünya miqyasında söz sahibi olmağımız, elmi-texniki tərəqqimiz, internet sisteminə, informasiya bolluğuna belə nəzarət edə bilməyimiz buna bağlıdır. Məişət dərdiylə sərsəmləşən Azərbaycan insanının sözün gücünə, sehrinə ehtiyacı var, biz yalnız və yalnız həqiqi ədəbiyyatla xilas ola bilərik. Zaman özü hal dili ilə ədiblərimizə səslənir: Bizi xilas edin!

# 1424 dəfə oxunub

Müəllifin son yazıları

# # #