Gözlərimi tutan yuxu

Gözlərimi tutan yuxu
9 sentyabr 2019
# 16:10

Mehti Kamiloğlu

Müəllif şeirləri sevdiyi Rüxsarə xanıma ittihaf edib.

Aşiqəm

Səni niyə sevdiyimi soruşma,

Qaş-gözünə, rüxsarına aşiqəm.

Məndən ötrü doğulduğun o qışın

Soyuğuna, yanvarına aşiqəm.

Yaman açdın bu şairin eynini,

Zəbt elədin ürəyini, beynini.

Lap qızıldan geyin indi əynini,

Mən göyrəngli paltarına aşiqəm.

Nə olsun ki, eşq yandırıb, közüm var,

Sevirəmsə, iradəm var, dözüm var.

Başqasında nə könlüm, nə gözüm var,

Ruhumun öz oxşarına aşiqəm.

Kimdir mənim könlümə yar? Sənsən, sən,

Aləmə qoy edim ki car, sənsən, sən.

İnandığım tək biri var - sənsən, sən,

Düz əhdinə, ilqarına aşiqəm.

O

Çiçəklərin ən gözəli - sevgilim,

Nəfəsimə hopan qoxu onundur.

Necə deyim: "Qızılgülümsən mənim"?

Qulağa xoş isim axı onundur.

Yazılmış o, bu könlümə yar mənim,

Doğulduğu qış mənimdir, qar mənim.

Bilməm, neçə illik ömrüm var mənim,

Nə qalmışsa, azı-çoxu onundur.

Yaranmışam, məhəbbətə dadanım,

Sevgi alovunda elə hey yanım.

Eşq yuxusu... İstəmirəm, oyanım,

Gözlərimi tutan yuxu onundur.

# 3804 dəfə oxunub

Müəllifin son yazıları

# # #