Qoy düşmən düşünsün, düşmən ağlasın - Vətən şeirləri

Qoy düşmən düşünsün, düşmən ağlasın - Vətən şeirləri
8 fevral 2023
# 12:40

Kulis.az Aydın Tağıyevin yeni şeirlərini təqdim edir.

"Vətən Marşı"

Söylə qardaş, Vətən nədir?
Üç rənglinin dalğasında məğrur duran igid torpaq!
Bu torpağın dərdi nədir?
Bağrı qanlı, şəhid oğlu Qarabağ!
Bu diyarın qızıl səsi haradır?
Qalib torpaq, xan qalası Şuşadır!
Nağıl kimi xoşbəxt şəhər, qədim diyar haradadır?
Yerlə-yeksan olmuş Ağdam indi xəyallardadır!
Bu diyarın köksündə canı haradır?
Ağrı dağdan boylanan, Zəngəzura meylin salan, qədim diyar Naxçıvan!
Vətənimin bədənindən bir əsirlik ayrı düşən canı kim?
Arazın sağ tərəfində gözü yolda Təbrizimdir, Təbrizim!
Bu millətin sağalmaz yarası varmı?
Var! Viranə Xocalı, günahsız körpələr, yazıq qocalar,
Haqqın gözü sənin üçün bir ömür ağlar!
Göy üzündə qarlı dağlar haradır?
Ay Laçındır, Böyük Murov, can Kəlbəcər, çılğın, cavan Dəlidağ!
Ana Vətən övladıdır bu dağlar!
Bizdən qopan tarixin gözün oyan, haqları kor qoyan səhv hansıdır?
O İrəvan, eh İrəvan köksündə yan, dönəcəkdir Azərbaycan!
Qədim paytaxt, məğrur şəhər haradır?
O Gəncədir, Cavad xandan yadigar!
Odlar yurdu, baxan gözün haradır?
Xəzərin qoynundakı əziz şəhərdir Bakı!
Aydın!
Bu torpaqlar Vətən üçün can deməkdir!
Yaşlanıb ölmək üçün arzu-kam deməkdir!
Üç rənglinin günəşi Azərbaycan deməkdir!

Ana

Ana, sən mənim dövləti-mal xanimanım,
Ana, sən mənim ruhi-cavidanımsan!
Ana, sən mənim vari-mülküm, hər an var olma imkanımsan!

Ana, ruhum duyar hər halını, hər qayğını,
Gözümün nuru, canımda cansan, ana!
Bütün bəşərin özü-sözü ana,
Böyütdün bizləri çətinliklə yana-yana.

Bütün dünya mənim ola, unutmaram, səni ana.
Saçının ağına, qarasına qurbanam,
Dediyin hər sözünə, kəlmənə heyranam,
Ayağının altındakı cənnətində mən qulam!

Yaxşı əməlinlə xaniman qurdun,
İlahi qəlblərdə ucaldın ana,
Çəkdin nə çox dərdi-cəfamı,
Sən nə tez qocaldın, mehriban ana?!

Yeri- göyü yaradanın lütfü ana,
Dünyaya dünyanı gətirdin ana.
Səni sığdırmaq olarmı bütün cahana?!
Misradan-misraya əziz, can ana.

Sevginə, qayğına, himayənə, borcluyam.
Canıma can qatan ilahi varlıq
Sən haqdan var olan anasan ana!


Dərviş

Qocaman dünyanı bir yox olan heçə saydı o dərviş!
Var-mülkü gəlib keçən səs-küylü köçə saydı o dərviş!
Şeytan işin uduzanın oyununa bənzədərək, boşa saydı o dərviş!
Soruşdum ki, o şeytan kim?
Halalına haram qatan, gecə-gündüz rahat yatan,
düz yollara heç baxmayan, əyri işi yolu sayan
olmayanın vicdanıdır həmin şeytan dedi o dərviş!
Faydasız nakəsləri olmayanın, yazmadığı heçə saydı o dərviş!
Haqqı var, nahaqqı qeylü-qal sandı O dərviş!
Bəşəri tək, hüsünü tək, özləri tək, gözləri tək Tanrı sandı o dərviş!
Halalı düz, haramı üz, düz yolu düz, sorğu üçün sorumludur iki göz mənə dedi o dərviş!
Qəlbləri pak, gözləri saf, üzləri nur insan oğlun, var olanın izi sandı o dərviş!
Soruşdum ki, Bəs insan kim?
Ağıllı ali məxluq, həmdəki günahlı saysız çoxluq dedi i dərviş!
Dəyişən fəsilləri, yaşaran o otları, saralan çiçəkləri,
bozaran boz payızı, ağaran qarlı qışı rəbbimin özü sandı o dərviş!
Keçib gedən insan ömrün, axan çayın sularında üzən çöpün yolu sandı o dərviş!
Soruşdum, cəhənnəmdir
fani dünya yaxşı üçün?
Cahan yalan, ölüm haqdır,
yalanlar içində tək gerçək ol ki, cəhənnəmin cənnət olsun dedi o dərviş!

Ölüm adlı haqq işini, haqdan gələn var edənin zirvəsinin özü sandı o dərviş!
Soruşdum ki, tanrı harada?!
Uca tanrı hər nöqtədə, hər cizgidə, hər gizlində, hər aşkarda,
Var olanı qanmaq üçün ağıl adlı tərzindədir o dərviş!
Bəs bu qədər haqqı tapan o dərviş kim?
Cavabımda deyərdim ki, yazdığıma ilham verən Tanrıdadır o dərviş!

"Zəfər Marşı"

Qarabağ çağırır müzəffər ordum
Başqa yol qalmadı, bir yol var - savaş!
Yeni nəsillərə qalmasın deyə...
Bu ağrı, bu acı, bu qan qalx savaş!


Səbrimiz tükəndi bax innən belə.
Qoy düşmən düşünsün, düşmən ağlasın.
Açsın qaraları başından Şuşa,
Müzəffər ordumuz zəfər qazansın.


Axı sən qocaman türk oğlu türksən.
Sənin baban igid olub, mərd olub.
Qılıncınız niyə parlamır daha?
Bir ovuc erməni sizə dərd olub?


Adam bu sualdan, sözdən utanır.
Adam hər baxışdan, gözdən utanır.
Şəhid balasının göz yaşlarından,
Şəhid anasının ağ saçlarından,
Anam Qarabağın hay-harayından
Utanır, utanır, utanır adam.

Artıq haqq günüdür, qisas vaxtıdır.
Düşmənin başına kül ələnəcək.
Qalxıb Azərbaycan ayaq üstədir.
Bu gecə yer qopub, göy dillənəcək!
Sən bizim fəxrimiz, həm qürurumuz.
Zəfərin mübarək şanlı Ordumuz!

Açıklama yok.

# 5527 dəfə oxunub

Müəllifin son yazıları

# # #