Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd
26 yanvar 2024
# 11:14

Kulis.az İsa Məmmədin şeirlərini təqdim edir.

Gecə yarısı

Yenə gecə yarısı...
Üstü bağlı yaralar
Dan yeritək sökülür,
Yenə ölüm yuxusu
Gözlərimdən tökülür.

Gecənin bir yarısı
kaş ki, səni tərk edib
özümə gələ bilsəm...
Ayrılmazdıq bəlkə də
yalanlarından keçib
düzünə gələ bilsəm.

Yenə gecə yarısı...
Yenə də xatirələr
tavandan asılacaq.
Elə bir gün gələcək,
qapılar döyüləcək,
pəncərə qırılacaq,
Hər kəs öz danışdığı
yalandan asılacaq.
Amma heyif, hələ ki
gedənlərin verdiyi
sözlər, vədlər, ümidlər
paslanmış zəncir olub
qalandan asılacaq.

Axırda öləcəyik,
amma tezi-geci var.
Yaxşısı tez ölməkdir,
soruş, gör bu adamın
gec ölməyə gücü var?


Elə adam olur ki...

Dəyməyin, bu həyatın
incidib küsdürdüyü
adamların xətrinə.
Dəyməyin, bu həyatın
canından bezdirdiyi
adamların xətrinə.

Elə adam olur ki,
kənardan izləyəndə
gülə-gülə yaşayır.
Yaxınlaşıb baxırsan,
ölə-ölə yaşayır.

Elə adam olur ki,
yarı yolda qoyanı
kürəyində daşıyır.
Elə adam olur ki,
gözündə ölənləri
ürəyində daşıyır.

Elə adam olur ki,
Tanrıdan da yalnızdır,
yanında biri olmur.
Elə adam olur ki,
Vidalaşıb gedirsən,
getməyə yeri olmur...


Ümidsiz yaşamaq olmaz...

Gözümdən yuxu töküldüyü gecələrdə
yatmadım, səni vərəqlərə tökdüm.
Sıxıntılarımın arasında öz dərdimi çəkmədim,
sənin nazını çəkdim.
Və sən getdin...
Tək qaldım, insanlardan qorxdum, hürkdüm.
Səndən sonra "sevirəm" sözünü
dodaqlarımın arasına bükdüm.

Bir quru "sağ ol" oldu bu qədər göz yaşına səbəb.
İyirmi üç yaş oldu bir qurunun oduna yanan.
Gənclik getdi səninlə,
sağlıq getdi səninlə,
xəyalda qurduğumuz ev
dağılıb getdi səninlə.

Öyrəndim ki, bir eşqin sonu yaxınlaşanda
ilk ruhlar sağollaşar.
Onlar uzaqlaşdıqca başlayar insanlar
səsini ucaldaraq danışmağa,
çığıraraq özünü ifadə etməyə çalışmağa.
Bir az sonra bu hayqırışlar da eşidilməz,
ruhlar artıq biri-birindən çox uzaqdır.
Sən demə, biz
haqlı olmağa çalışdığımız hər mübahisədə sevgimizi uduzardıq.

Mən bilməzdim, həyatımda ilk dəfə
itirmək qorxusu duyduğum insanın
ilk gedəcəyi insanmışam.
Axı niyə belə etdin?
Mən ki sənlə görüşməyə gün saymışam,
Mən ki sənə öz ömrümdən il saymışam...

Ölsəm bir gün, torpaqlara qarışıb
o getdiyin yerlərdə toz olacam,
üzərinə qonmaq üçün.
Xəfif bir sığal çəkərsən,
məni ordan qovmaq üçün.
Sığal, "sağ ol"- dan daha yaxşı olar
sağalmaq üçün.

Yoxsa bu ağır əlvidanı daşımaq olmaz.
Nəysə... Sənə uğurlu gələcək arzu edirəm,
özümə isə bol-bol "o gələcək" ümidi.
Ümidsiz yaşamaq olmaz, yaşamaq olmaz...


Yağır həzin bir yağış

Yağır həzin bir yağış,
isladır boz küçəni.
Mən də həmin yolları
gəzirəm qarış-qarış
ki, bəlkə tapdım səni.
Nə ümidsiz axtarış...

Sən payızda gəlmisən,
sən payızda yağmısan
qəlbimin çöllüyünə.
Sonra bir yay ayında
toparlanıb getmisən.
Təbiət qanunudur,
buxarlanıb getmisən.
İndi yenə payız, qış,
yağan hər həzin yağış
mən səni gözləyirəm.
Bəlkə yenə gələrsən.
Çox hüznlü yalvarış...

Bir vaxt ən doğma olan
olar köhnə bir tanış.
Bir vaxt könül isidən
gözlərdə soyuq baxış.
Od vur xatirələrə,
İçindən yanıb alış.
Ən sonda daxilində
Faciəvi partlayış...


Bu dünyanın yeri yoxdur

Yenə güzgü qarşısında
Biri ölüb, biri yoxdur.
İçim savaş meydanıdır,
Bir nəfər də diri yoxdur.

Açdım ki, əl dua edim,
Olmasa da çıxım gedim.
"Varsa, xoş bir gün ver" - dedim
Cavab gəldi - "kiri! Yoxdur."

Zaman-zaman hissizləşdim,
Qara bəxtimlə sözləşdim.
Quduz bir dərdlə üzləşdim,
Boynunda zənciri yoxdur.

Parçalayar aram-aram,
Heç bilmədim, yoxam, varam?
Başqa yerdə yaranaram
Bu dünyanın yeri yoxdur...


Sonuncu yalvarış

İllərlə göndərdiyim
duaları kəndir et,
mənə tərəf at, gəlim.
Sən də məni başa düş,
bu sonuncu yalvarış:
Əlini uzat, gəlim...

Yerdən qalxan dualarıma
göylər çətir açıbdır.
Nə dərəcə haqsızam?
Məni yoxdan yaradan
yoxa çıxıb, qaçıbdır,
kainatda yalnızam.

Bir ömürlük həbsi var
ruhumun bu həyatda.
Ötüb keçir fəsillər.
Azadlığa çıxmağa
bəlkə də son saatlar qalıb,
bəlkə də illər...
Bu dünya da zindandır,
dörd divarı çatışmır.
Bu adamın həyatında hər şey var,
intiharı çatışmır...


Gözümdən düşərək intihar etmə

Ağ günə çıxarmaq adıyla gəlib,
Ağ dəni salmısan qara saçıma.
Özüm öz sonumu gətirmişəmmiş
İllərlə su verib dar ağacıma.

Düşünmə, səninçün yas tutaram mən,
Çəkərəm dərdini bir siqaretlə.
Özünü öldürmək yolları çoxdur
Gözümdən düşərək intihar etmə.

Get, məndən uzaq ol, Allaha yaxın
Xoş sözlər ardınca səpim su kimi.
Eybi yox, sən mənim ağlımda qaldın -
Gənclik illərimin oğrusu kimi.


Özündən uzaq adam

Məndən çox uzağa getmə, əzizim.
Qayıtmaq yormazmı ayaqlarını?
Geydiyin çəkmə də haqqıma dönüb
Yolboyu vurmazmı ayaqlarını?

Ehh, bu səfər də səni düşündüm...
Doğmayam hər kəsə, yadam özümə.
Məndən gedərkən də mənə gəlirsən
Özümdən ən uzaq adam özüməm.

Elə çarəsizəm, bitən bir eşqə
Nöqtə bacarmıram, vergül qoyuram.
Beynimdə hər gecə öldürüb səni,
Qəlbdəki yerinə bir gül qoyuram.


Beş günlük həyatın dördüncü günü

Məndən inciməsin dağlar, dərələr,
Dənizlər, meşələr, xoş mənzərələr.
Ayağım altına dünya sərələr,
Bir addım atmaram qırağa səndən.

Bir şair düşün ki, susar, səs etməz,
Sözü sən eyləyər, səni söz etməz.
Bir ömür yazsam da səni, bəs etməz
Zərrələr tökülər varağa səndən.

Beş günlük həyatda dördüncü günüm,
Qalan ömrümü də səninlə bölüm.
Ölümdən qorxmuram, qorxuram ölüm
Ruhumu aparar uzağa səndən...


Bu sözlər

Doldurub badəni dərd içirəm mən,
Ayıq başla yazılarmı bu sözlər?
Söz vermişdik, BİZ olmasaq, toz olaq.
Ayrılanda pozularmı bu sözlər?

Ümid vermək istəmirsən, qulaq as,
Düşünürsən, bəlkə düzgün anlamaz.
Zalım qızı, heç olmasa, "salam" yaz
Barışmağa yozularmı bu sözlər?

Lap belə də nə olar ki barışsan?
Yaxşı olar sözlərimə alışsan.
Ölüb getsəm, toz-torpağa qarışsam,
Mənlə birgə toz olarmı bu sözlər?


Sən və mən

Sən ən gözəl musiqisən
duymadığım yerlərdə.
Sən möhtəşəm mənzərəsən
gözlərimin uzağında.
Sən bir yağış damlasısan,
dənizlərə yağırsan.
Mən - kiçik qum dənəciyi
səhraların qucağında.

Sən gələcək zamansan,
insanları düşündür.
Mən sabahın dərdiyəm,
bugünlər keçmişimdir.
Sən xoşbəxtlik simvolusan,
sevinc sənin işindir,
Mən kədərəm, ölənlərin
yetim qalmış uşağında.

Sən sevgisən, saxtalıqdan,
xəyanətdən bezirsən.
Mən güvənəm, düzəlmirəm
bircə dəfə əzilsəm.
Sən cənnətsən, anaların
ayağında gəzirsən.
Mən bir tozam, zəhmət çəkən
ataların ayağında.

Sən doğruluq, həqiqətsən
dünyada ən az qalan.
Mən yalanam, üzərimdə
çox edirlər and-aman.
Sən qürursan, tez sınmırsan,
qoruyurlar çox zaman.
Mən dəyərəm, tapdanıram
pul-paranın qabağında.

Sən qüvvətsən, zorbaların,
güclülərin dizlərində,
Mən nifrətəm, haqsızlığı
dadanların gözlərində.
Sən gülüşsən, bu dünyadan
məmnunların üzlərində,
Mən qurumuş göz yaşıyam,
zorlanmış qız yanağında.

Sən qanunsan, elə ən çox
qoyanlar pozur səni.
Mən - yox olmuş ədalət,
hər kəs axtarır məni.
Sən bir qara buludsan,
ağ günlərin düşməni
Mən ağ dənəm, bəxtiqara
adamların darağında.

Sən güclünün biləyisən,
çətin-çətin əyilən,
Mən bir məzlum haqqıyam,
səhər-axşam yeyilən.
Sən xoş sevgi sözlərisən
hər adama deyilən,
Mən "yaxşıyam" kəlməsiyəm
yalnızların dodağında.


Allah səni unutsun

Nə sevincdən uçmuşam,
Nə xoş bir gün görmüşəm.
Biri çiçək uzatsa,
Sanaram ki, ölmüşəm.

Tərk edilmiş binatək
Toz basıb hər yanımı.
Torpağı çox sevirəm,
Bəlkə ala canımı.

Arada bir nəzər et,
Ortalıqdan itməyim.
Gəldiyin gün xəbər et,
O gün fikrə getməyim.

Sağol ki, əl tutursan
Çətin özgəsi tutsun.
Sən də məni unutsan,
Allah səni unutsun...


Yuxu

Elə bil yuxumda yuva qurmusan,
Aparım bax hara bilmirəm səni.
Düşmüsən fikrimin dərinliyinə
O yerdən çıxara bilmirəm səni.

Yuxu da yuxu tək fantastik deyil,
Toxuna bilirsən, duya bilirsən.
Həyatda aldığın xoşbəxtliyimi
Yuxuda yerinə qoya bilirsən.

Yuxuda ölənin ömrü uzanır,
Hər gecə yuxumda öləsən bəlkə...
Deyirlər, əbədi yuxudur ölüm
Əbədi yuxuma gələsən bəlkə...


Nolardı bir hərf artırmasaydın?

Quyunun dibindən gəlsə də səsin,
Çətin qürurumdan aşağı düşəm.
Düşünmədin, bu adamı atanda?
Gedər uçurumdan aşağı düşər.

Bəlkə də zamanın oyunudur bu,
Səni cüt atanda, məni tək atıb.
Sən bu gün kimləsə xoşbəxt olmusan,
Mənim xoşbəxtliyim kimdəsə yatıb.

Bir alın yazısı içində, Allah,
Belə cızma-qara niyə etmisən?
Nolardı bir hərf artırmasaydın?
"Yar" olanı "yara" niyə etmisən?


Boş adam

Deyirlər, boş adamam,
Bax işimə-gücümə.
Mən necə boş adamam?
Dolu yağır içimə.

Ürəyimdən razıyam,
Boş hisslərə qapılmır.
Elə boşluq açmısan,
Dolduran da tapılmır.

Başımı yuxularla
Qataram, görüşərik.
Nəysə, bu gün də boşam,
Yataram, görüşərik.


Bir damla sevgi

Səninləykən düşünürdüm, elə bil,
Qara olan bəxt ağacım ağarıb.
Qar da səndən sonra vaxtında yağmır
Ömrün baharında saçım ağarıb.

Əzəldən eqoist, dikbaş adamam
Bir müddət girmisən rola, getmisən.
Kölgəm də mənimlə birgə yol getmir,
Sən mənimlə necə yola getmisən?

Xəyalın gələndə ayaq saxlamır,
Fikrimdən sürətlə ötür, əzizim.
Unutsan, nə vaxtsa xatirələri
Gözümün önündən götür, əzizim.

Nə qədər şeirlər yanıb kül olur,
Neçə düşüncələr doğulub ölür.
Dərin fikirlərdə üzən adamlar
Bir damla sevgidə boğulub ölür.


Darıxmağı unutmaq

Unutmuşam təqvimi, ayı, ili, həftəni,
Bir yerdə olduğumuz günlər üçün darıxdım.
Unutmuşam ayrılıq adlanan bu zilləti,
Küsəndə bəslədiyin kinlər üçün darıxdım.

Unutmuşam gözündə kirpiklərin sayını
Bircə-bircə saydığım zaman üçün darıxdım.
Unutmuşam, gerçəklər acı olur, əzizim,
Danışdığın hər şirin yalan üçün darıxdım.

Unutmuşam nömrənin bütün rəqəmlərini,
Səndən gələn telefon zəngi üçün darıxdım.
Unutmuşam saçının boyasını bəlkə də,
Dəyişməyən gözlərin rəngi üçün darıxdım.

Unutmuşam, ikimiz bir cisimdə var olduq,
Ayrılan ruh deməzmi bədən üçün darıxdım?
Unutmuşam gələnin getmək üçün gəldiyin,
Gələni qucaqlayıb, gedən üçün darıxdım.

Darıxmışam xəyalın qurduğumuz ev üçün,
Dağıldı ayrılanda, mən çıxmağı unutdum.
Darıxmışam səninçün, dön nə qədər gec deyil
Bir də gördün, sevgilim, darıxmağı unutdum.


Səni bir gün unudardım

Səni bir gün unudardım,
Küçələr xatirələr basdırılan bir məzar olsa.
Səni bir gün unudardım,
Sən ayaq qoyduğun hər yer burada tarmar olsa.

Səni bir gün unudardım,
Səsinin hər tonun əzbərləməsəydi bu qulaqlar.
Səni bir gün unudardım,
Adını zikr eləməkdən doya bilsəydi dodaqlar.

Səni bir gün unudardım,
Sənlə ayrıldığımız gündən, əzizim, min il ötsə,
Səni bir gün unudardım,
Külək əssə, od içində alışan ruhu üşütsə.

Səni bir gün unudardım,
Masamın çəkməcəsində rəsminin üstü toz olsa.
Səni bir gün unudardım,
Bir ağır yol qəzasında yaddaşım təmiz pozulsa.


Hədiyyəlik can

Baxmalı olduğun evdən
Çölə atmaq olmur canı.
Bədənlər satılır pula,
Heyif, satmaq olmur canı.

Ucuz həyatlar içində
Kimə lazım ölüm,dirim?
Tanrım, uzat əllərini,
Canımı hədiyyə verim.


Mən sərxoş deyildim

Mən sərxoş deyildim,
yerlə bərabər günəş ətrafında dönməkdən fırlanırdı başım.
Öz oxumdan çoxdan çıxmışdım,
gördükcə insanların bir qarış torpaq üçün savaşın.
Atmosfer təzyiqindən daha çox sıxırdı bunlar məni.

Mən sərxoş deyildim,
sadəcə həyata sizinlə eyni baxmaq istəmirdim.
Siz içərkən məni görürdünüz, mən içimdəki savaşı,
siz xumarlanan gözlərimi görürdünüz, mən o gözlərdəki təlaşı,
siz səkkiz yazan ayaqlarımı görəndə mən gəzirdim beynimdəki saysız mənlərlə yanaşı.
Ehh, heç biriniz gəzdirə bilməzdiniz bu məndəki başı...

"Mən sizinlə eyni dünyadan deyiləm" -bağırmaq istəyirdim, dəlil istəyəcəkdiniz.
Məni isə yalnız dəlilər anlayacaqdı dəlilsiz.

Həyatın Marian çökəkliyindən daha dərin və daha qaranlıq yerlərində etdiyim duaları
səmanın nur və işıqdan yaradılmış yeddinci qatında bir mələk duyub Tanrıya çatdıracaq əlbət bir gün.
Bax, həmin gün olacam tərki-dünya, daxilimdəki bütün mənlərdən qurtulub olacam bir quş qədər yüngül.
Yığacam arxama bütün sərxoşları, uçurumun kənarında dayanacam.
Sərxoş olmadığınızı isbat edin deyəcəm,
üfürəcəklər, uçacam...


Gözdən itdim...

Bir zamanlar aldım çiynimə kədər yükünü,
boyandım şəhərin boz rənginə,
Bir dahinin fikirləritək qarma-qarışıq olan küçələrdə gözdən itdim...

İçimdə tərk edilmiş adam çarəsizliyi,
canımda döyüşdən çıxmış qoşun yorğunluğu,
gözlərimdə məhrəmliyini itirmiş dünya dərdi,
bir əlimdə bir ovuc yurd xatirəsi, digərində əbədiyyət xəritəsi, gözdən itdim...

Gördüm insanların zülmə qarşı korluğunu,
duydum bəşərin məzlum ahına karlığını.
Dindim haqsızlıq görən bir toplumun lallığına,
çəkildim adını daşıdığım İsanın çarmıxına, gözdən itdim...

Səhvən təkrarlanan səhvlər, həmçinin
düz ikən yalnız qalmaq qədər mənasız bir dünya üçün yormuşdu özünü göz qapaqlarım.
Məhz bu səbəbdən, onları son dəfə yumdum, gözdən itdim...

Bədənlərin adiləşdiyi yerdən gəldim ruhların aliləşdiyi məkana,
çox uzaqlardan gələn bir səs kimi - qırıq-qırıq.
Fəda etdim hər şeyimi bir heçlik uğruna,
artıq belə düşünməyə başlamışdım ki,
qəfil qalxdım Tanrı hüzuruna, gözdən itdim...

# 4885 dəfə oxunub

Müəllifin son yazıları

# # #