Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri
3 aprel 2024
# 11:30

Kulis.az Şəlalə Adilqızının şeirlərini təqdim edir.

Gedişin də möhtəşəmdi ürəyimdə;
Gedən sənsən...
Tufan qopur gözlərimdə;
Gedən sənsən...
İstəmirəm, söyləmə də
Gedişinin səbəbini...
Sus!
Səmtini də göstərmə mənə
Gedəcəyin uzaq yerin...
Tüpürərəm
Hər kəsə, hər şeyə;
Mən də gedərəm səninlə.
Gedərəm...
“Sənsiz yaşamaram!” sözümə
Sahib çıxaram!
Dolayaram dikdabanıma dünyanı,
Çiynim üstdən arxaya ataram...
Və...
Və harda olsan,
Gəlib səni taparam!

***

Zirvələrə qar tez düşər,
Zirvələrdən qar gec düşər...
...Dərddi zirvə,
Dərddi qar bəzən...
Çəkir dağın sinəsinə cığır-cığır naxışlar...
...Çəkilir dərdlər,
Ağarır saçlar,
Bir-birinin başına sığal çəkmək üçün
Üst-üstə qalaqlanır yaşlar;
İnsan qocalır...
Ot basan cığırlar insan ömrünə dolandıqca
Dərd də candan bac alır;
Və bir gün, sadəcə,
Xatirəyə dönür insan...
Bir gün də onu xatırlayanların
Yaddaşında itir insan...

***

Gözlərimə mil çəkərəm;
Əksin görən olmasın...
Dilimdə tikan əkərəm;
Adını bilən olmasın...
...Külli-aləm nakam qalsın
Sevgimiz boyda sirdən...
Sus!
Sən də pıçıldama eşqimizi dənizə...
Büküb-bürmələyib əmanət etmişəm
Eşqimizi ömür düyünçəmizə...
Sus!
Adını dilimdən,
əksini gözlərimdən,
səni ürəyimdən oğurlayan
pisniyyət fələk oyanar birdən...

***

Adına şəhadət gətirdim,
Rəsminə tapındım sənin...
Bir ağac əkdim adına,
Bir arzu kəsdim qurbanlığına...
Belə sevdim səni, əzizim;
Belə aldandım sənə...
Üzgünəm...
Günahkaram,
Bidətçiyəm, bilirəm...
Səni gözəl sevdiyim üçün
Allah babadan üzr istəyirəm...

***

Qapımı açıq qoymuşam,
Pəncərəmdən qəfəsləri sökmüşəm...
Gözlədiyim oğrunun
Uğruna dua əkmişəm
Ovcumun çat yerində...
Oğru üçün “əl kitabı” da yazıb qoymuşam
Ömrümün bir küncündə...
Gülüşlərin divarların yaddaşında,
Addımların həyətimin hər daşında,
Baxışların əl güzgümdə,
Eşqin də ürəyimdədi...
...Bir heybə də tikmişəm oğru üçün,
Naxışları sənin “dərd” dediyindəndi...

***

Cənab yeməkpaylayan,
Menyunuzda eşq varmı?
Ədviyyatı səadətdən,
Sousu azadlıq olsun...
Əlimi silməyə kağız gətirmə,
Göz yaşı bəsimdi; sevincdən olsun!
Eşq bulağının suyundan dəmlə çayı,
Süz ovcuma;
Ömrə gəlib-gedənlərə
Yetməz fncan sayı...
Şokolad kağızından qəhqəhə çıxsın,
Dişləyim, ruhuma cüt qanad taxsın...
Uçum-uçum göylərə,
Ömür də Tanrı payı...
...Cənab yeməkpaylayan,
Hesabı yaz... Oldumu?
...Bir ömür xərcləmişəm,
Hesabın düz oldumu?

***

Qolumda tapammıram,
Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın...
...Nə gözəl yaşayırdıq ömrü...
Nə gözəl “hesablayırdıq” vaxtı...
“ Quşlar uçanda...”
“Kəpənək qanadında...”
“Lalələr qızaranda...”
“Sərçə içib doyanda...”
... Nə qocalığa işləyir,
Nə yarısı olurdu günümüzün...
Nə ölümə az qalır,
Nə gözü doyurdu ömrümüzün...
... Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın...

***

İtirilmiş krallıqdı uşaqlıq...
“Cızza” sözünə gülən,
Palçıqda ayaqyalın yüyürən,
Qumda yuvarlanan,
Şirni üçün ağlayan kral idik biz...
...Cığallığımız “Beşdaş”dakı
Beşinci daş boydaydı...
Küskünlüyümüz çəkilən
çeçələ barmaq qədər...
Kədərimiz boyumuzdan kiçikdi...
Gülüşümüz göy qədər...
...Nənəmin corabının başından çıxardığı
“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz...
Böyüdük...
...İtirdik krallığımızı...
...Əcəl aldı nənəmizi...
Böyüdükcə yanlış çıxdı
Həyata dair bütün bildiklərimiz...

# 4232 dəfə oxunub

Müəllifin son yazıları

# # #