Yaralı qadın - Hekayə

Yaralı qadın - Hekayə
27 yanvar 2020
# 18:28

Kulis.az Təranə Arifqızının “Yaralı qadın” hekayəsini təqdim edir.

Maşın silkələdikcə qadının yarasından qan açılırdı. Üstünə əski basmışdılar. Xeyri yox idi. Şüursuz halda başlarına gələnləri xatırlamağa çalışırdı. Yadına qırıq-qırıq bir şeylər düşürdü. Kəndi qoruyan əsgərlərin tək-tək atdıqları güllə səsləri, vəhşilərin kəndə doluşması, yandırılan evlər, amansızcasına öldürülən qohumları, qonşuları, köməksiz qız-gəlinin qışqırığı...

Güclü təpiklə evin qapısı taybatay açıldı. Saç-saqqallı, gözləri qan çanağına dönmüş bir nəfər içəri hücum çəkdi. Dörd gözlə ətrafı boyladı. Ağzında it boğuşdura-boğuşdura:

- Başınızı hara soxmusunuz, it uşağı!

Mətbəxdəki krandan damcı-damcı su düşürdü. Sanki evdəkilərin həyəcandan, qorxudan döyünən ürəklərinin səsi idi. Qadın iki körpəsini qucaqlayıb çarpayının altına güclə girmişdi. Son döyüşlərdə üç oğlunu itirmiş, ağlamaqdan gözləri tutulmuş ana bu qəfil səsin xeyrə olmadığını anlayıb, susmağa üstünlük verdi. Onu düşündürən oturduğu çarpayının altında özlərini caninin gözündən gizlətməyə çalışan cavan gəlini və iki nəvəsi idi.

- Eyy, qoca kaftar, kim var evdə? Oğlun hardadı? Yoxsa, yorğanın altında gizlətmisən?

- Allah xatirinə, çıxın gedin. Məndən başqa bu evdə heç kim qalmır.

- Sonsuzsan, kaftar? Sizin kökünüzü kəsəcəyik, onsuz da! Az qalıb!

Ana içindəki nifrəti püskürtməmək üçün özünü güclə saxlayırdı.

- Allahdan qorxun, gedin, çıxın gedin...

- Allah? O kimdi, qarı?! - deyə, kinayəli, iyrənc təbəssümlə evi alt-üst eliyən saqqallının gözü birdən divardan ona qılınc kimi iti nəzərlərlə baxan komandirin şəklinə sataşdı.

İçindən titrəmə keçdi. Gözünün önünə on gün bundan qabaq tək canıyla onların əlliyə yaxın adamını öldürən, iki topunu, bir tankını məhv edən döyüşçü gəldi. Bu, o idi. Onlara qan udduran, ürəklərinə qorxu salan komandir. Son gülləsinə kimi onların gözünün odunu alan qəhrəman tankla bərabər özünü də məhv etmişdi. Qeyzlə anaya tərəf yeridi, nifrətlə onu süzüb, qəfildən onun ağ saçlarından yapışdı:

- Heç kimin yoxdu deyirsən, hə, həyasız qarı? Bəs, bəs bu kimdi, kimin oğludu?

Ağ saçları üz-gözünə dağılmış ana, vəhşinin ölmüş igid balasının şəklindən belə, qorxduğunu anladı, dodağında məğrur bir təbəssüm oyandı, qeyri-ixtiyarı ağzından:

- Ölüsündənmi qorxdun? - sözləri çıxdı.

- Mənə gülürsən? - Saqqalı böyründən xəncəri çıxarıb: - İndi, səni də oğlunun yanına göndərərəm! Get, orada onunla öyünərsən! Amma belə yooxx! Elə günə salım ki, o dünyada oğlun belə tanımasın!

Görməsə də, qarşısındakının nə hala düşdüyünü, özünün bu alçaqdan qat-qat güclü olduğunu hiss edirdi:

- Ölüdən qorxan alçaqlar! Onun ölüsü də sizdən şərəflidir! Şərəfsizlərin, dinsizlərin əlində ölmədi mənim oğlum! Murdarlar, oğlum kimilər yüzlərlə, minlərlədi! Qovacaqlar sizi it kimi, dayanın! Yurd-yuvası olmayan dilənçilər!

Qəfildən qadının hər iki ayağına xəncərlə vurdu:

- Diz çökəcəksən qarşımda, öldürmə, - deyə, yalvaracaqsan, qoca kaftar!

Sümüyə dəyən zərbənin ağrısı beynində əks-səda verdi. Gözlərini yumub, dişlərini qıcadı. Amma yıxılmadı, oğlunu düşündü: - “Sənin kimi oğulun anası diz çökməz!” - deyə, əlini yavaş-yavaş ortasına bağladığı ala yaylığın altına apardı. Keçən gün belində gizlətdiyi iti bıçağın dəstəyini var gücü ilə sıxdı. Vəhşinin gözləri ondan yayınan kimi, çıxarıb düz ürəyinin başına sancdı. Çarpayının altında iki cüt göz olanlara dəhşətli baxışlarla şahidlik edirdi. Biri isə dünyadan, xəbərsiz anasının südünü əmərək yatırdı. Gəlin dörd yaşlı oğlan balasını nə qədər özünə sarı sıxıb, gözlərini örtməyə çalışsa da, uşaq onun əlindən çıxıb:-

- Nənəə!- deyə fəryad edərək, çarpayının altından ox kimi çıxıb, qarının ayaqların sarıldı...

Artıq gec idi... nənənin barmaqları arasından süzülən qan yavaş-yavaş döşəmədə göllənirdi...

Qadının sinəsindən tükürpədici inilti çıxdı. Qəfildən sinəsinə vurulan dalbadal kəskin zərbədən səndirlədi. Dişi ilə alt dodağını necə sıxdısa... Bir anda al qanı xərmən oldu. Neçə gündü vəhşilərin verdiyi işgəncədən gözlərinin işığı sönmüşdü. Kölgəli baxışları ətrafı bir anlıq dolandı. Beş addımlığında qorxudan gözləri böyüyən yeddi-səkkiz körpə uşaqların arasında axtardığını görmədi. Taqətsiz bədəni daşların üstünə düşdü.

Ucadan vəhşi səslə qəhqəhə çəkib gülən əsgər geyimli adam etdiyindən ləzzət alırmış kimi ağzını marçıldatdı, yabanı səslə çığırdı:

- Bax belə!! Küçüyünü də at yanına, getdik!

- Bəs bunu doğramayaq? Ya da... -yoldaşı ədəbsiz-ədəbsiz güldü.

- Bu gün kefim çox yaxşıdı. Süngüyə sancdığım qız uşağı onun yalvarıcı, qan dolu baxışları yadıma düşdükcə özümlə qürur duyuram. Hələ, əllərini, ayaqlarını qızmış dəmirlə dağladığım o əkizlər... Gördün ki, necə çığırırdılar. Hələ başını “uf” demədən kəsdiyim dörd əsgəri demirəm. Bunlara işgəncə, əzab verməkdən zövq alıram mən, dünya mənim olur, bilirsən...

Onun vəhşiləşmiş sifətindən nifrət aşıb-daşırdı. Yoldaşı ayaqlarından başaşağı salladığı iki-üç yaşlarında, şaxtadan gömgöy göyərmiş uşağı daş parçası kimi qadının üstünə tulladı:

Qoy bu da anasının yanında it kimi gəbərsin! Onsuz da aclığa, soyuğa tab gətirməyəcək. Onun da işgəncəsi bu olsun!... Ürəkləri dağlayaraq ağlayan yazıq tifilin səsi xırp kəsildi.

- Öldünmü? Ölmə, anan sənə süd verəcək indi! - deyə, onlardan biri şit-şit gülərək bağırdı.

***

Üz-gözü qana bulaşan körpənin zəif iniltisi donmuş sükutu pozurdu. Qadın balasının hənirini hiss edib, şaxtadan ağaca dönmüş, parça-parça olmuş əlləri ilə onu axtarıb tapdı. Ağrıdan qıvrılaraq, bir əlini yerə dayaq verib dikəlməyə çalışdı. O biri əlilə onu özünə tərəf çəkdi. Anasının qoxusunu almış uşaq boş qalmış yaralı sinəni balaca əlləri ilə qucaqladı. Dəhşətli ağrıdan qadın şüurunu itirdi, amma körpəni buraxmadı. Körpə balaca, titrək dodaqları ilə axtardığını tapmasa da, təzə yaranın ortasından axıb paltarda laxtalanan süd qoxulu qanı acgözlüklə əmməyə başladı. O, qeyri-ixtiyari balasını bağrına basdı. Soyuq hava onu bir az özünə gətirdi. Amma, kaş ki, özünə gəlməsəydi. Qadının gözü biləyinə göy muncuq bağlanmış tək ələ sataşdı. Qan sağılmış gözlərini yumub, bir də açdı. “Demək...oğlumu da...” Onsuz da nə çığırmağa, nə də ağlamağa heyi qalmamışdı. Nitqi qurudu. Körpəsini bərk-bərk sıxmış qolları yavaş-yavaş boşaldı... Yenidən huşunu itirərkən – “Aman, Allah!”, “ Allah cəzanızı versin, vəhşilər, əclaflar!”- deyə, çığıran doğma səsləri eşitdi.

Gec də olsa, onları qurtarmağa gələnlər gördükləri mənzərənin önündə qurumuşdular. Baxmağa ürək lazım idi. Baxanlar ya başını aşağı salır, qəzəblə dişini qıcayır, ya da ürəkləri tablamayıb yerə çökürdülər. Beş-on addımlıqdakı dəhşətli mənzərə cəhənnəmi xatırladırdı. Otuz-qırx insan meyiti üst-üstə qalanmışdı. Bəzilərinin başı yoxdu, bəzisinin əli, qolu, ayaqları doğranmış, gözləri çıxarılmış, dili, qulaqları, burnu kəsilmişdi. Ürəkləri soyumamışdı. Dar ağacı qurmuşdular. Dörd nəfərin başsız meyiti havada ağır-ağır yellənirdi. Çılpaq bədənləri qızmar dəmirlə dağlanmış, sinələrinə xaç şəkli çəkilmiş, əyri-üyrü xətlə “Böyük İmperiya” sözləri yazılmışdı.

Gələnlərdən biri üzü üstə düşən qadının üzünü ehmalca döndərdi. Sol qolunun üstündə, dodaqlarında qan qurumuş iki yaşlı qız uşağı deyəsən ölmüşdü. O biri qolu ilə biləyində göy muncuq nişanəsi olan, kəsilmiş balaca bir əli sinəsinə basmışdı... Onları onun soyuqdan qurumuş qollarının arasından güclə qopartdılar. Nəfəsi titrəyən qadının üstünə köhnə bir adyal atıb, bükdülər. Köməkləşib xərəyə qoydular. Bu yarımcan bədəndən başqa orada sağ adam yox idi. Bəlkə də qaçıb qurtaran olmuşdu. Amma harada idilər, bilən yoxuydu. Kimsəsiz, qar uçqunları ilə dolmuş dərə bir kəndin camaatına bir günün içində dərin bir məzar olmuşdu. Meyitlər elə tanınmaz hala salınmışdı ki, heç kimi tanımaq olmurdu. Amma onları orda qoymaq olmazdı. Vəhşilərin buraya qayıdıb-qayıtmayacağı bəlli deyildi. Doğranmış, hissə-hissə olmuş bədənləri köhnə bir yük maşınına yığdılar.

Vəhşi qəhqəhələr buz kimi havada it zingiltisinə bənzəyirdi. Amma çox uzağa getməyərək xərəkləyib yaprıxmış qarın içində itib-batırdı. Onların durduğu dərədən yuxarıya ensiz cığır uzanırdı. Cığırın ətrafında qar döyənək olmuşdu, tökülmüş qan izləri kənardan qırmızı qərənfilləri andırırdı. Tək-tək görünən qarağan kollarının budaqları soyuq küləyin təsirindən bir-birinə dəyərək vahiməli səs çıxarırdı. Axşamın qaranlığı yavaş-yavaş dərəyə çökürdü. Ac qurdların körpə quzuları parçaladığı dumanlı bir qış günü idi...

On-on iki nəfər qadın, bir-birinə qısılmış halda qarın üzərində oturmuşdu. Əyinlərindəki kör-köhnə paltarlar cırıq-cırıqdı. Soyuqdan və qorxudan hamısının dişi dişinə dəyirdi. Başlarına nə gələcəkdi, hələ bilmirdilər. Amma gözləri önündə sıralarından zorla, sürülərək aparılanların vəhşilərin nifrətinə necə qurban getdiyini gördükcə gözləri daha da böyüyürdü. İndi ölüm onlar üçün ən yaxşısı idi...

# 5350 dəfə oxunub

Müəllifin son yazıları

# # #