Nağıl qəhrəmanı olduq özümüz

Nağıl qəhrəmanı olduq özümüz
8 sentyabr 2021
# 16:25

Kulis.az Zərraf Təhməzoğlunun şeirlərini təqdim edir.

Həsrət-həsrət baxıram

Bir zamanlar Dəlidağda dolaşan,
Quşdum, indi həsrət-həsrət baxıram.
Tufan oldu, vaxtsız isti yuvamdan,
Uçdum indi həsrət-həsrət baxıram.

Dəli oldum, dürüst ağıl olmadım,
Mən nənəmə şirin noğul olmadım.
O dağlara yaxşı oğul olmadım,
Qaçdım indi həsrət-həsrət baxıram.

Zaman-zaman içirtdilər ağını,
Tanımadım dostu, yadı, yağını,
Düşmən güc gələndə Murov dağını,
Aşdım indi həsrət-həsrət baxıram.

Zərrafam zəhmətim zay olmaz, ellər,
Namərdəm bizə hay olmaz, ellər.
Torpaqdan düşmənə pay olmaz, ellər,
Çaşdım, indi həsrət-həsrət baxıram.

Heç

Elin gözü tərəzidir deyiblər,
Bəxşişlə, rüşvətlə əyilərmi heç.
İşi isti-isti görəsən gərək,
Dəmir soyuyanda döyülərmi heç?!

Tanrı rəvac versə dərman tapılar,
Açılar çox bağlı, sirli qapılar.
Reklam subyektidir şilxor yabılar,
Qarabağ, dilboz at öyülərmi heç?!

Alqış Oğuz, Qıpçaq, Sibir boyuna,
Torpağına, havasına, suyuna!
Zərraf, hər kəs hörmət qoysun soyuna,
Ər oğlun atası söyülərmi heç?!

Sevgi nağılı

Bizim ulduzumuz barışan gündən,
Mən sənə sevgidən danışdığım nağıl.
Nağıl qəhrəmanı olduq özümüz,
Qazandıq bircə qız, iki də oğul.

Göynədər içimi “Yanıq Kərəmi”,
Gəl anaq Əslini, anaq Kərəmi.
Günahkar saymasaq yazıq Kərəmi,
Sevda yetişəndə itərmiş ağıl.

Əzizim, bil, ürək oğrusu şirin,
Sevginin acısı, ağrısı şirin.
Sonuncu məhsulu, doğrusu şirin,
Övladlar, nəvələr şip-şirin noğul.

Eşqinlə yaşadım, duymadın məni,
Zərrafam, özgəyə qıymadın məni.
Gözümü açmağa qoymadın məni,
İnsan da bu qədər olarmı “paxıl”?!


Gördüm

Yenə cuşə gəldi könül,
O, gül camalını gördüm.
Kəhkəşanın ulduzunu,
Göyün hilalını gördüm.

Yolçusuyam sədaqətin,
Namus-arın, həm qeyrətin,
Mənə olan məhəbbətin,
Cahı-cəlalını gördüm.

Bəxtim “gülsün-oynasın”da
Gözəl yarın laylasında,
Gələcəyin aynasında
Ömrün iqbalını gördüm.

Zərraf, ucalt avazını,
Bu dilbərin çək nazını.
Alqışla alın yazını,
Gözəl maralını gördüm.


Dünya

Qabilnən Habilin davası bitmir,
Şahidsən günahsız ölümə, dünya.
Haqqdan, ədalətdən yaranmısansa,
Niyə rəvac verdin zülümə, dünya.

Mənim yurdum dağ başında qəsrdi,
İndi işğal altda, da ya əsirdi.
Havam, suyum, yolum-izim kəsildi,
Zülm oldu obama-elimə, dünya.

Yaşım alovlandı, közüm qurudu,
Göynədi, göyərdi sözüm, qurudu.
O qədər ağladım gözüm qurudu,
Tək özüm boğuldum selimə, dünya.

Bəşər mutant oldu, bu nə nəsildi,
Bilinmir kim əsil, kim bədəsildi.
Müsəlmanam deyə başım kəsildi,
Sığal çəkilmədi telimə, dünya.

Bu dağlarda

Yetkin olur, aqil olur,
İnsan, sərən bu dağlarda.
El gücündə selgücü var,
Sınır kərən bu dağlarda.

Yağıya verməyib aman,
Qovğa açıb, uddurub qan.
At oynadıb zaman-zaman,
İgid, ərən bu dağlarda.

Şeiriyyət mülkündə kamil,
Bəhmən, Əli, Məmməd, Şamil...
Qəlbə, ruha var çox amil,
Şəfaverən bu dağlarda.

Şəmşir babam yenə yaşar,
Xoş təbilə şeir qoşar.
Gündən-günə cavanlaşar,
Ömür sürən bu dağlarda.

Çiçəkləyib bağ çiçəyi,
Kəklikotu, dağ çiçəyi,
Xatırladır, bax, çiçəyi,
Çiçəkdərən bu dağlarda.

Seyrinə çıx açan yazın,
Dinlə quşların avazın.
Görəcəksən dağlar qızın,
Zülfün hörən bu dağlarda.

Unudarmı səfasını,
Dəlidağın havasını,
İstisuyun şəfasını,
Gəzib-görən bu dağlarda?

Məhəbbət

İnsan olan on beş yaşa çatanda
Ürəyində coşub çağlar məhəbbət.
Kimsə kama yetər, vüsala yetər,
Nakam olar, sinə dağlar məhəbbət.


Əslini, Kərəmi döndərib külə,
Leylini, Məcnunu salıbdır çölə.
Şirin öz andına sadiqdir belə,
Fərhada çapdırır dağlar məhəbbət.

Bir düşün, Abbası hara yetirib?
Gülgəzi nə sayaq yara yetirib.
Çox ürəyi intizara yetirib,
Çox gözləri qoyub ağlar məhəbbət.

Füzuli eşqində pərişan oldu,
Səhnəbanu Ələsgərdən yan oldu.
Qayadan atılan Xuraman oldu,
Neçə qəmli dastan bağlar məhəbbət.

# 7909 dəfə oxunub

Müəllifin son yazıları

# # #