Mənim ömrüm Tanrı ömrü – Şeirlər

Mənim ömrüm Tanrı ömrü – Şeirlər
17 sentyabr 2020
# 15:44

Kulis.az Əli Rüzgarın şeirlərini təqdim edir.

Yaşayamamaq

Gün olur ki ömür qədər,
Ömür də var bir an deyil.
Nə qədər ki dönür dünya,
O qədər də duran deyil.

Nə gecəsi, nə günü var,
Hər an gəlib tapır məni.
Milyon-milyon adamların,
İçindən dərd qapır məni.

Həsrət çökür üzərimə,
Ürəyimdə sözüm qalır.
Bu dünyada ola-ola,
Bu dünyada gözüm qalır.

Heç şey

Hər anın bir ömür,
Hər ömrün yaşanıb.
Ruh candan əl üzüb,
Eşq, qəlbdən boşanıb.

Yaşamaq pasiyent,
Ölmək də bir vərdiş.
Ya acı heç şeysən,
Ya da ki xoş bir düş.

Məcburam sənləşəm,
Sən də ki, mən indi.
Nə sən bu şeirsən,
Nə şeir mənimdir.


İlahi dua

Yoxluğunla var elədin,
İmtahan et çoxla məni.
Mənim ömrüm tanrı ömrü,
Hesablama vaxtla məni.

Dözənmərsən gözyaşıma,
Hər damlada qəm yaşanar.
Göz gəzdirmə üst başıma,
Ruhumacan yoxla məni.

Açılmayan gizli sirəm,
Həm sultanam, həm əsirəm.
Tanrılaşmaq istəmirəm,
İnsan kimi saxla məni.

# 6267 dəfə oxunub

Müəllifin son yazıları

# # #