Gecikmiş məktub

Gecikmiş məktub
19 dekabr 2019
# 17:20

Lamiyə Məmmədova

Hər gecə eyni yuxunu görürəm. Eyni həyəcanı keçirərək oyanıram yuxudan. Yerimdən dik atılaraq qalxıram. Hər səhər eyni hislərlə yuxudan oyanmaq məni yorur.

Yuxu olduğunu anlayıb yenidən yatağıma uzanıram. Ürəyimin səsini elə aydın eşidirəm ki, elə bil bu dəqiqə yerindən çıxacaq. Baş vermiş hadisədən 3 il ötür artıq. Amma hər şey ilk gündəki kimidir. Eyni hislərdəyəm. Belə yaşamaq çox kədərlidir. Çarpayıda üzü tavana uzanmışam. Bu yuxunu görüb oyanandan sonra bir siqaret yandırmaq mütləqdir. Səhər-səhər ciyərlərinə çəkdiyin tüstü insanın daxilində acılıq yaradır. Bir, iki, üç... belə siqaret tüstüsünü çəkdim ciyərlərimə. Sonra astaca yerimdən qalxıram. Otağım buz kimi soyuq və tüstülüdür. Sobanı yandırmaq barədə heç düşünmürəm də. Çarpayımın yanındakı çəkməcənin üstündəki kül qabım siqaret kötükləri ilə doludur. Bir ikisi yerə də düşüb. Ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Pəncərəni açanda çöldəki soyuq hava otağa doldu. Mən üşüyürdüm. Amma buna baxmayaraq nə pəncərəni bağladım, nə də ondan uzaqlaşdım. Gözlərimi yumub bir neçə dəqiqə burada beləcə qaldım. Soyuq hava üzümü buz kimi edib. Sonra pəncərəni bağlayıb masama yaxınlaşdım. Yazı masamın üstündə bir neçə kitab və köhnə dəftərlər var. Bundan əlavə cızma-qara etdiyim bir yığın vərəqlər masanın üstünə səpələnib, bir neçəsi döşəmənin üstünə düşüb. O gedəndən sonra birlikdə yaşadığımız evdən çıxdım. Bir otaqlı mənzilimdə illərdir ki, tək yaşayıram. Mətbəxim belə yoxdur. Çay qoymaq üçün suyu hamamdakı su kranından götürürdüm. Evim həmişə belə dağınıq və siqaret qoxulu olur. Başımda küt ağrı var. Otağı yığışdırmağa hövsələm çatmır. Baş ağrısı məndə halsızlıq və əsəb yaratmışdı. Balaca çaydanımı əlimə götürüb hamama girdim. İçinə su almaq üçün kranı açdım. Amma su gəlmirdi. Çaydanı küncə tulladım. Tez-tez əyinimi geyinib çölə çıxdım. Hava soyuq olsa da günəşli idi. Heç bilmirdim hara gedirdim. Addımlarımı yöndəmsiz ata-ata evdən uzaqlaşdım. Ac olduğumu anlayıb yolumu həmişə getdiyim bir kafeyə saldım. Yaşadığım yerdən çox da uzaq deyildi. Bura balaca və isti idi. Bu kafedə rəngli peçeniyalar, çay, kofe, isti şokolad və müxtəlif yağlı qoğallar olurdu. İsti şokolad, iki peçeniya və bir yağlı qoğal 5 manat pul etdi. Səhər yeməyindən sonra əsəblərim bir qədər sakitləşdi. Baş ağrım nisbətən azalmışdı. Evdə yemək çox az hallarda yeyirdim. Buna görə də pulumun çoxunu yeməyə sərf etdiyimi deyə bilərəm.

Axşama qədər şəhərin küçələrində dolaşdım. Evə getmək istəmirəm. Sanki ev məni sıxır. İş orasındadır ki, şəhərdə də gəzə bilmirəm. Hər küçədə, hər tində xatirələr var. Üzləşməkdən qorxduğum xatirələr. Nə qədər qorxsam, nə qədər qaçsam da getdiyim hər yerdə qarşıma çıxır.

Axşam düşürdü artıq. Yolumu köhnə qəbiristanlıqdan saldım. İki ildir ki, bura gəlmirdim. Əvvəllər bura tez-tez gələrdim. Buna səbəb küçədə tanış olduğum qocanın qəfil ölməsi oldu. Biz onunla hər gün görüşüb dərdləşərdik. Sonra düz bir həftə onu görmədim. Hər dəfə görüşdüyümüz parka gəlsəm də onu tapa bilmədim. Bir həftədən sonra yenə həmin parka gedəndə küçəni təmizləyən qadın qoca dostumun öldüyünü dedi. Bunu eşitdiyimdə çox pis oldum. Halım tamam dəyişdi. Özümü tək, kimsəsiz kimi hiss etdim. Çünki, həqiqətən belə idi. Daha dərdləşəcək kimsəm yox idi. Qoca dostuma ən çox ondan danışardım. Daha danışacaq bir kimsəm yox idi. Bundan sonra mən daha parka yox, bu qəbiristanlığa gəlirdim. İki il bura gəlməmə səbəbim isə psixoloji vəziyyətimlə bağlı idi. Bu qoca öləndən sonra lap tək qaldığımı hiss edib bu şəhərdən uzaqlaşdım. Amma hara getsəm də qarabasmalar, hər gün təkrarlanan yuxular məni tək qoymurdu.

Göyün üzü göy rəng olmuşdu. Evlərin damına yavaş-yavaş duman çökürdü. Günün bu vaxtı çox insanlar üçün ürəksıxıcı sayılır. Amma mənim üçün tam əksinə. İçimdə yaranan boşluğu dumanda qarışan siqaretimin tüstüsü ilə doldurmağa çalışırdım. Qəbiristanlığa girəndə məni vahimə bürüdü. Heç vaxt belə olmamışdım. Qəbiristanlıq heç vaxt məni qorxutmamışdı. Amma gördüyüm mənzərə məni qorxutdu. Həm də həyəcanlandırdı. Bu mənzərəni mən 3 il hər gecə yuxumda görmüşəm. Ağ baş daşları dumanın içində yarımçıq görünürdülər. Bura köhnə qəbiristanlıq sayılırdı. Amma son illər yeni qəbirlər də salınmışdı. Əyilmiş qəbirlər insana bənzəyirdi. Alaqaranlıq və dumanlı havada dostumun qəbrini axtarmağa başladım. Bu bir az vaxt aparacaqdı. Hansı səmtdə olduğunu xatırlamağa çalışdım. Amma yadıma düşmürdü. Bir xeyli qəbirlərin arasında gəzişdim. Amma hələ də tapa bilməmişdim. Çünki heç diqqətlə baxmırdım. Fikrim dağınıq idi. Tələsik qəbiristanlıqdan çıxmağa can atdım. Sanki addım-addım kimsə məni izləyirdi. Addımlarımı tez-tez atırdım. Qaçırdım artıq. Hərdən çevrilib arxaya baxırdım. Təngnəfəs olmuşdum. Nəfəsimin səsi qulaqlarımda küy yaratdı. Bu səs məni daha çox vahimələndirdi. Üzüm arxaya çevrilmiş vəziyyətdə qaçarkən ayağım büdrədi və üzü üstə yıxıldım. Qəbrin üstünə yıxılmışdım. Çox təzə sayılmayan qəbrin sadəcə ağ rəngli baş daşı var idi. Üstündə də balaca şəkil və ad. Şəkil mənə tanış gəldi. Adı oxuya bilmədim. Titrədim. Durub qəbrin lap yanında dizlərim üstə oturdum. Əlimlə şəkilə və ada toxundum. Bu o idi. Onun qəbri idi. Köynəyimin qolunu dartaraq ovcuma çəkdim. Əvvəl şəkli, daha sonra adı sildim. Bir daha diqqətlə baxdım. Hə səhv etməmişdim. 3 il axtardığım sevgilimi tapmışdım. Heç ağlıma gəlməzdi ki, onu burda taparam.

***

Sonuncu siqareti yandırdım. Yenə səbəbsiz kədər var içimdə. Yalnızlığım oturub masamın o başında. Xatirələr sarıb ətrafımı. Evdə sobanın, çöldə yağışın səsi melodiya yaradıb. Göz yaşlarım rəqs edir üzümdə. Əlimdə saralmış məktub. Bilmirəm neçənci dəfədir oxuyuram.

“...Xəstəliyim sürətlə irəliləyir. Qarşısını heç bir dərman, müalicə vasitəsi ala bilmir. Gözünün qabağında şam kimi əriyirəm. Amma sən bunu görmürsən. Bu gün çıxıb getsəm heç nə anlamayacaqsan. Məni günahkar biləcəksən. Və mən gedirəm, əzizim. Xəstəxanada yatacam bir müddət. Düzdü ordakı müalicə məni sağaltmayacaq. Amma ağrılarımın nisbətən azalmasına kömək edəcək. Məni görmək istəsən gələrsən. Yaşananların sənin üçün bir qiyməti varsa, gələrsən. Mən səni gözləyəcəm yenə də... İndi isə mənə yaşatdığın bütün qəlb qırıntılarımla dolu xatirələri çantama yığıb çıxdım həyatından. Sənə qoyacaq heç nəyim yoxdur. Bir ömür yoxluğumu bağışlayıram. Və sənə üzülürəm. Mənsizlik acı və soyuq qəhvə kimidir.”

Gör mən onu nə qədər incitmişəm. Məktubu qəbiristanlıqdan qayıdarkən evimin qapısında tapdım. Köhnəlmiş, saralmış məktubu çox güman ki, poçtalyon gətirmişdi. Burada belə hallar tez-tez olurdu. Yaddan çıxmış məktublar ünvanına gec çatırdı. Əgər məktub mənə vaxtında çatsaydı bəlkə də hər şey tam fərqli ola bilərdi. Amma budur, bu kağız parçası onun ölümündən sonra mənə çatıb. Və artıq hər şey çox mənasızdır. Onu üzmüşəm. İndi o yoxdur. Geri qaytarmağın heç bir yolu da yoxdur. Məktubda çox şey yazılmışdı. Bütün həqiqətlər sillə kimi üzümə dəyirdi. İçim parçalanırdı. Mən ona bu qədər laqeyd olmuşdum. O haqlı idi. Amma indiki peşmanlığım heç nəyi dəyişmirdi. Nəticə olaraq o yox idi. Geri dönməyəcəkdi. Lakin mən ona gedə bilərdim. Onu çox sevirdim. Çox axtardım gedişindən sonra amma tapmadım. Bunu ona deməli idim. Onunla mütləq görüşməli idim. Ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Məktub hələdə əlimdə idi. Yaşlı gözlərimlə bir daha məktuba baxdım. Onu qoxlayıb öpdüm. Pəncərəni açanda tez-tez və narın yaz yağışı üzümə dəydi. Məktubu ovcumda sıxıb sonuncu addımımı atdım. Yağışa qoşulub torpağa qarışdım.

# 3978 dəfə oxunub

Müəllifin son yazıları

# # #