Dünyanı işıqlandırmaq üçün doğuldun

Dünyanı işıqlandırmaq üçün doğuldun
23 avqust 2021
# 16:07

Nə olursa olsun, çalış ağlını hər an sakit tut, qəlbini də fərah.

Bu dünya bir hekayədir, hər günü bir hekayədir; macəra, uğur, qorxu və həyəcan dolu bir hekayə.

Özünə, ailənə və cəmiyyətə bir faydan toxunsun deyə, çalışırsan bu həyatda. Çalışmalar zamanı səni bir dram gözləməyi mütləqdir. Yox, mən əsla hər şeyin dramına qapılmıram.

Təbii ki, inkişaf və mübarizə anlayışı var;

Bu iki düşüncə səni yaşadır, irəliyə doğru aparır, uğurlar pəncərəsi açılır, rəqiblərin sənə hörmət etməyə və ya hesablaşmağa başlayır, digər tərəfdən uğurlar davam etdikcə haqqında çox danışılır, çox söz eşidirsən, bəzən adına mövcud olmayan hekayələr yaranır. Hətta bir müddət gündəm olur. Emosional insanları kənardan eşitdiyi mövzular rahatsız edir. Haqlı olduğunu belə unudurlar bəzən. Sənin inkişaf xəttinə, haqlı mübarizə yoluna kölgə salmağa çalışan insanlar həmişə olacaqdır, buna görə soyuq olma, soyuma.

Bu yalnız onların həyatının boş olması deməkdir, bütün günü səni danışacaq qədər boş.

Əslində onlara icazə ver, lakin görmə və eşitmə.

Boş ürəklərdə gəzən söz söhbətləri maraq etmiş kimi geriyə dönüb baxma. Sən həyatını nə qədər gözəl və cəsarətli yaşayırsan. Unutma arxaya baxmaq üçün bu qədər uzağa gəlmədin!?

Aşağıya baxmaq üçün bu qədər yüksəlmədin!?

Savaşdığın meydanları, haqsızlığa sinə gərdiyini unutma.

Çətin anlarını unutma. Qalib gələcəyini də!

Bir başqa vaxt bəzən özümü çox yorğun hiss edirəm, insanların yersiz məsləhətindən də çox yorulmuşam. Özünü ifadə etmə, istəklərini həyata keçirmə məqamlarında insanlar mənə yardımçı olmaq əvəzinə məsləhət edir. Nə yalan deyim, məsləhət dinləyəcək əhvalım yoxdur daha.

Uğurlara gedilən yol hamar deyil ki. Kələ-kötür, enişli-yoxuşlu, yarı torpaq, yarı daş. Əyər sən bu yolda axsayırsan, hiss edirsən ki itirirsən gücünü. O zaman xatırla ağac da itirir hər il yarpaqlarını, amma onlar yenə də hündür, əzəmətli dayana bilir və daha yaxşı günlərin gələcəyini gözləyir.

Özünə qarşı belə qəddar olma.

Hər şeydən əvvəl, Sən sadə bir insansan, çox sadə, mükəmməl deyilsən.

Xətalar edəcəksən hələ. Etdiyin xətalar inkişafını və mübarizəni artıracaq.

Gerçəkdən önəmli olan bu xətalardan sonra nə etməli olacağını düşünməkdir.

Uğur qazanmaq üçün ruhun ilə dünya turuna çıx, nəticədə öz ruhundan yaxşı səyyah yoxdur.

Düşün və bil, dünyanı işıqlandırmaq üçün doğuldun.

Cavid Musa

# 7958 dəfə oxunub

Müəllifin son yazıları

# # #