Ayı doğmamış gecə kimiyəm – Şeirlər

Ayı doğmamış gecə kimiyəm – Şeirlər
13 may 2020
# 15:42

Kulis.az Fəxri Müslümün şeirlərini təqdim edir.

Bahara, yaza daşınnam

Ömrüm bir tut ağacıdı,
qızılı yarpaqları payıza daşıyar məni.
içimdə, siyah rəngli bir dəsmal sərgadan-sərgadan
dərər, ağlayan könlümün, dərin dərələrə uzanmış
həsrət dolu kədərini, qəmini.
Hərdən, gecənin gecə türküləri çaşdırar məni,
sanki açılmış Ay qabağıdı,
süzülər işığı kipriklərimdən incə-incə.
Dünya qitəqarışıq, Dünya səmaqarışıq
yığılar içimdə, içimdə dar bir küncə.
Çiçək-çiçək arzularım yaşar
ağaran bir danın danüzü boyunca,
əksinə,
ovqatım, əsim-əsim,
şehə nəfəs verən bir mehə meyilli,
didərgin kimidi, havalı kimidi
xatirələrin kölgəsində xəmirtək boyatımış,
acımış bir sözün boyunca.
Eşqim, sübhün toranı,
Ağardıqca, sanki sülh göyərçinidi,
dənlər qaranlıqları dən-dən.
Uzaqdan qızaran Günəşin sarı başaq şəfəqləri
hələ, istisi canımızı isitməmiş,
dəmir hasarların,
dəmir barmaqcıqları ucunda daranar, tellənər,
ürəyə bax, gül tutar güllənər gülündən.
Azalar, yox olar can ağrılarım,
yük düşər çiyinlərimdən.
Vaz keçərəm ölüm adlı bir son gedişdən
yenidən, bahara, yaza daşınnam,
yenidən, özümə, özə daşınnam

Quşlar çöp daşıyır

Şamxal Rüstəmin əziz xatirəsinə

Quşlar, çör-çöp daşıyır,
saman daşıyır Şamxal Rüstəm,
ağac budaqlarının qalın yarpaqlarının gizlin yerinə,
əlin-ayağın üzülən yerinə, görünməyən yerinə,
yuva qurmağa, yumurta qoymağa, bala qoymağa.
Hörüb, incə-incə divarlarını
yada, düşmənə qala qoymağa.
Neynəsin, onlar da, ömrünü belə yaşayır,
ömrünü sabaha, o biri günə belə daşıyır.
Quşlar, çör-çöp daşıyır,
saman daşıyır Şamxal Rüstəm,
yuva qurmağa,
və sonra qurulmuş yuvada dimdiyində yem daşıyıb,
balalarını oxşaya-oxşaya onlara yem verir,
dimdiyi ilə tükünü, telini daraya-daraya,
onlarla birgə, ömür-gün sürür Şamxal Rüstəm.
Havadan nəm ətri gəlir, yağış ətri gəlir.
Bulud bölük-bölük, tənha və qorxulu gecələr tək
səmanın qıraq-bucağından sallanır.
Gizlin desant, terror dəstələrinin
didərgin salındığımız yurd yerlərində
kürəyimizə saplanan xəncərlərdən
acıq verə-verə sallandığı kimi.
Yerdə, yerişiylə xanım, xatuna bənzər
qumrular dən dalınca, yem dalınca qaçır, qaçır.
Nədənsə, kasıb-küsub,
ələ baxan adamları xatırladır mənə.
Adam, abrından üşüyür Şamxal Rüstəm.
Quşlar, çör-çöp, saman daşıyır yuva qurmağa,
balalarını, yağışdan, soyuqdan, düşməndən qorumağa
və bir də, azmasınlar deyə,
dumandan, çisəkdən, nəmdən qorumağa.
Ağacın həndəvərində, quyruğu qısılmış pişiklər
pusquda durub, ağzı sulanan sallaqxana itləridi elə bil.
Hərdənbir, uğur gətirəsi ovları üçün
ağacın gövdəsinə sürtüb dırnaqlarını,
caynaqlarını itiləyirlər, düşmənin qılınc-qalxanı kimi.
Quşlar, çoxdan alıb düşmənin niyyətini,
havada dövrə vura-vura,
Səs-səsə verib sökür havanın sükutunu,
çaşbaş salır həyətin pişiyini, itini.
Biraz keçməmiş, ağır tonnajlı uşaqlar kimi
havanın hava meydançasına bulud eniş edir,
yağış eniş edir,
yarpaq novlarından süzülən ovuc-ovuc yağış suları
düşmən həmləsinin qarşısını alır.
Pişiklər gərnəşə-gərnəşə, quyruqlarını qısıb daşına-daşına,
başlayırlar, yeni, ov axtarışına.
Yenə səssizlik,
Yenə sükut adamı hövsələdən çıxarır,
itinə, pişiyinə, quşlarına, adamına şükür allahım.
Quşlar, çör-çöp daşıyır, saman daşıyır
Yuva qurmağa Şamxal Rüstəm.


Ölümə götürər məni

Sənin eşqinin şıltaqlığı
çiçəkdə bərq vuran şeh damlalarıdı
çöldə, çəməndə itirər məni.
Gözlərindən
mənə yönəlmiş bənövşəyi gülüşlərin
ömrümün
parçalanmış
qan qırmızı nar dənələridi
səhrada qərib düşmüş dərviş kimi itirər məni.
Sənin eşqinin şıltaqlığı
mənim gəncliyimin çinaraltı görüş yerlərimin
çiçək-çiçək xatirələridi
ya cənnətə,
ya əbədi ölümə götürər məni...

Zamanın kölgəsiylə

Arzu, istək yun kimi çözülsə də,
örkən kimi dolansa da,
qeyrət içində boğula-boğula,
səbrə dirəndik canımız üstdə.
Hal-əhvalımız, yer dəyişdi, göy dəyişdi,
yurd dəyişdi, öy dəyişdi qanımız üstdə.
Ərinə-ərinə atdan enib,
çorta gedən, noxtasız,
palansız eşşək mindik it günündə,
Sanki, kirəclənmiş kərpic-kərpic lay divarıq,
Çin səddi tək,
uğurlu-uğursuz cığırlar, yollar önündə.
İçi, çölü gözlərində göyərmiş
yarı canavar, yarı pişik,
yarı, tüpürcəksifət adamlar
arı, xəcaləti boynun dalında
misgər misi kimi qızara-qızara,
zamanın utanc yeriymiş,
ağırlığını çəkən biz.
Bu sifətlərin sərt, şillə acısına tutumundan,
nə yaxşı ki, murdarlığı yol açmadı,
su səpilə, hirsindən, susuzluqdan
gül açmış, çiçək açmış ürəklərə,
ümidinə, sarmaşıq tək sarılmış diləklərə.
Üstəlik də, zaman sifətləri dəyişmədi,
əksinə,
bu, murdar sifətlər zamanı dəyişdi,
zamanı yendi.
İndi, zamandan it qoxusu,
üfunət qoxusu, çözəm qoxusu gəlir.
ömrümüzə, canımıza bu üfunət, bu qoxu yeridikcə,
ömür qorxusu, yaşam qorxusu buludun,
dumanın kölgəsi ilə əlləşir.
Ağıllı-başlı, kişi kimi ölməyimiz vaxtın,
zamanın kölgəsiylə...

Ayı doğmamış gecə kimiyəm

Ayı doğmamış gecə,
Günəşi boğulmuş gündüz kimiyəm,
yarı zülmət, yarı boz.
Xəyalımla birgə sürünnəm boz-boz!
Sürünnəm, dərviş çuxalarının
daşa-kəsəyə ilişən ətəyinin
tikişi sökülmüş saplarının ucunda.
Sürünnəm, zaman-zaman, özümdən,
özümə qapalı qalmış cığırların,
yolların qırağında, bucağında.
Sürünnəm, qəzəbindən, hirsindən
soyuqlamış, buz bağlamış çalınçarpaz duyğularım,
yuvalanar xəyalımın kölgəsində,
canımın, bir küncündə,
və məcburdu, çırtım-çırtım od qoparsın,
köz qoparsın,
sahibsiz, it ürən yurd yerlərində,
için-için göynəyən, üşüyən,
şəhid düşmüş ruhlarmızı isitməyə.
Tanrı dağlarının diklərində
Dikəlib, zəhmli-zəhmli, ağır-ağır ulayaran
göy üzünə bayrağımı, türklüyümü
və məni daşıyan bozqurd kimiyəm.
Torpağımın sinəsinə həşərat kimi daraşıb,
bərəkətimə haram qatan çaqqalları püskürtməyə.
Elə, boğulub səsimdə, nəfəsimdə sıralanar,
çaqqal dişlərinə ilişib qalmış ümidlərin
qərib-qərib səssizliyinin əsir ömrü,
boyunu bükük, çiçək ömrü, gül ömrü.
Deyəsən zamanıdı, köpük verir çaylar, nəhrlər,
daşır okeanlar, daşır dənizlər.
indi, bizim zamanımızdı, Allahım,
güc qat gücümüzə,
yonaq dırnaqlarını göydəmir atlarmızın,
səfərbər olaq məmləkət savaşına,
yurd savaşına, Allahım.
İndi, bizim, özümüzə, qayıdan vaxtımızdı.
Biz, özümüzə qayıdanda, böyük oluruq,
ucalıb, uca oluruq, Allahım.

Kərküklü dostlara

Kərküklü qardaşım, qərib qardaşım,
Elə, öyrənmişik,
içimiz, çölümüz səbr yeridi.
Yaxşı ki, dağılmır sinəmiz dağdan,
Elə, məzar yeri, qəbir yeridi.

Kərkük yaddaşların kövrək göz yaşı,
Şeh tək, damcı-damcı dərib, iç etdik.
Yolotu göy qaldı bu yolda, izdə,
Neçə yurd yerini verib, köç etdik.

Elə, bənd olardıq durna köçünə
Düşən lələkləri,
Bağdada, Kərkükə bağlı bilərdik.
Əhval, pərvaz-pərvaz, payız, çəhrayı,
Nə vardı, əfsanə, nağıl bilərdik.

Kərkükün şeiri, sözü, söhbəti,
Eşqin köhlənində,
Ayda, aylanmağa çəkərdi bizi.
Əfsus, dolaşıq iş, qurtaran deyil,
Fürsət verildikcə, çökürdür bizi.

Ağrımız, tək, Kərkük olsa, nə vardı,
Təbrizim, Uyğurum, Qarabağım var.
Solunda, sağında, Bayır-Bucağım,
Gör, neçə iblisdən, qan sorağım var.

Hələ, buxarıya odun atırıq,
istisi, sifəti, üzü qarsıdır.
Elə, mürgü vurub, buxarlanırıq,
Odu, hənirtisi,
Ağızda, dodaqda sözü qarsıdır.

Kərküklü qardaşım, qərib qardaşım,
Elə, öyrənmişik,
içimiz, çölümüz səbr yeridi.
Yaxşı ki, dağılmır sinəmiz dağdan,
Elə, məzar yeri, qəbir yeridi.

525-ci Qəzet - Fəxri Müslümün şeirləri

# 7964 dəfə oxunub

Müəllifin son yazıları

# # #