"Vizontele" film seriyasının 3-cü hissəsi çəkiləcək.
Kulis.az xəbər verir ki, bu haqda türkiyəli məşhur aktyor və rejissor Yılmaz Ərdoğan qonaq olduğu verilişlərdən birində məlumat verib.
O, "Vizontele 3" layihəsiniin 2027-ci ildə nümayiş olunacağını açıqlayıb.
Kinoteatrlara marağı yenidən bərpa etmək istədiklərini bildirən sənətçi növbəti il filmin çəkilişlərinə başlanacağını diqqətə çatdırıb.
Ərdoğan həmçinin hələlik layihənin aktyor heyəti və süjet detallarının bəlli olmadığını vurğulayıb.
Qeyd edək ki, rejissorluğunu Yılmaz Ərdoğan və Ömər Faruk Sorakın etdiyi seriyanın ilk filmi 2001-ci ildə, davamı olan "Vizontele Tuuba" isə 2004-cü ildə nümayiş olunub.
Yılmaz Ərdoğan kimdir?
Yılmaz Ərdoğan 4 noyabr 1967-ci ildə Hakkari şəhərində anadan olub.
Onun yaradıcılığı həm kütləvi auditoriyanı, həm də sənətsevərləri özündə birləşdirən xüsusi bir ironiya, ictimai mesaj və poetik dilə sahibdir.
Karyerasının ilk illərində Ferhan Şensoyun "Nöbetçi Tiyatro" heyətində yer alıb. Daha sonra Necati Akpınar ilə birlikdə Türkiyənin ən böyük mədəniyyət ocaqlarından biri olan Beşiktaş Kültür Mərkəzini (BKM) qurub. "Bir Demet Tiyatro" televiziya layihəsindəki "Mükremin Çıtır" obrazı onu bütün Türkiyəyə sevdirib.
O, "Vizontele", "Organize İşler", "Ekşi Elmalar" kimi geniş tamaşaçı kütləsi toplayan filmlərin müəllifi və rejissorudur. Onun kino dili əyalət və şəhər həyatının kontrastını, ictimai transformasiyaları həm komik, həm də dərin dramatik notlarla çatdırır.
O, həm də yaradıcılığında bədii mətnlərə böyük yer ayıran bir şairdir. "Kayıp Kentin Yakışıklısı", "Anladım" və "Sahilerinde" kimi şeir kitablarının müəllifidir.
Onun rejissoru olduğu və ssenarisini yazdığı "Kelebeğin Rüyası" (Kəpənəyin yuxusu) filmi türk ədəbiyyatının iki gənc şairinin — Rüştü Onur və Müzəffər Tayyip Uslunun həyatından bəhs edir. Bu ekran işi poeziya ilə kinematoqrafiyanın vizual baxımdan ən uğurlu birləşmələrindən biri kimi qiymətləndirilir.
Yılmaz Erdoğan həm fərdi yaradıcılığı, həm də gənc aktyor və ssenaristlərin yetişməsi üçün qurduğu "Çok Güzel Hareketler Bunlar" (BKM Mutfak) layihəsi ilə müasir Türkiyə mədəniyyətində məktəb formalaşdırmışdır. Son dövrlərdə isə ssenarisini yazdığı və baş rolunu ifa etdiyi "İnci Taneleri" serialı ilə yenidən diqqət mərkəzindədir.