Ceyms Bond filmlərinin sabiq kastinq direktoru Debbi Makvilyams yeni Agent 007 rolunu hansı aktyorun canlandıra biləcəyinə dair mühüm məlumatlar verib.
Kulis.az xəbər verir ki, "Bondiana" üçün 40 il ərzində aktyor seçimi etmiş britaniyalı mütəxəssislə müsahibəni "Independent" nəşri dərc edib.
Makvilyamsın sözlərinə görə, casus kinosaqasının yeni qəhrəmanı az tanınan bir aktyor olmalıdır. Çünki Bondun özü də elə az adamın tanıdığı adamdır. Məsələn, Timoti Dalton, Pirs Brosnan və Deniel Kreyq kimi məşhurlar məhz çox az tanındıqları üçün onun təsdiqini ala bilmişdilər.
"Timoti və Pirs o qədər də yaxşı tanınmırdılar. Denielin isə müstəqil kinoda karyerası və olduqca parlaq romantik həyatı var idi, lakin o, daim gündəmdə olan biri deyildi. Bu amil isə işimizə çox kömək etdi".
Deniel Kreyqin "fəlakətli" başlanğıcı
Mütəxəssis əlavə edib ki, franşizanın fanatları heç vaxt Deniel Kreyqi supercasus roluna seçməzdilər. Hətta onun Kreyqi layihəyə gətirmək təklifi əvvəlcə nə studiya, nə də rejissor tərəfindən dəstəklənmişdi. O, aktyorun növbəti Bond kimi elan edildiyi mətbuat konfransını "fəlakətli" adlandırır. Jurnalistlərlə görüşə Kreyq Temza çayı ilə "Royal Marine" sürətli qayığında, zərif kostyum və xilasedici jiletlə gəlmişdi, ancaq bu, heç də gözlənilən effektli gəliş olmamışdı.
Debbi Makvilyams o günləri gülərək belə xatırlayır:
"O gün Deniel qədər özünü yöndəmsiz hiss edən ikinci bir adam görməmişdim. Bu, dəhşətli idi. Sonra isə onun maşın sürə bilmədiyi, onu və ya bunu bacarmadığı barədə xəbərlər yayılmağa başladı. Mənim belə bir nəzəriyyəm var ki, bu tənqidlər onu çox güclü şəkildə həvəsləndirdi. O, içində 'Mən sizə kim olduğumu göstərərəm' deyə düşündü və bunu həqiqətən də sübut etdi".
Yeni filmdən ilk detallar: Rejissor və ssenarist bəllidir
Qeyd edək ki, yeni Bond filmi ətrafında artıq böyük bir komanda formalaşmaqdadır. Yeni ekran işinin rejissoru qlobal miqyasda səs küy yaradan "Dune" filminin müəllifi Deni Vilnöv olacaq. Ssenari üzərində isə əfsanəvi "Peaky Blinders" serialının yaradıcısı Stiven Nayt çalışır.
Baş rolu kimin ifa edəcəyi hələlik rəsmən məlum olmasa da, "Variety" nəşrinin mənbəsi olduqca maraqlı bir iddia irəli sürüb: məlumata görə, 26 yaşlı gənc aktyor Tom Frensis artıq rolla bağlı sınaq çəkilişlərindən keçib.