Milli kinomuz afişalarda sərgisi açılıb - FOTOLAR

Milli kinomuz afişalarda sərgisi açılıb - FOTOLAR
3 aprel 2018
# 17:49

Aprelin 3-də Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, sərgidə milli kinomuzun yaranma tarixindən bu günədək ekranlaşdırılmış filmlərin 50-dək fotoplakatı nümayiş etdirilir. Kinoplakat sənətinin 1950-ci ildən etibarən yeni qrafik təsvir vasitələrinin axtarışlarını özündə əks etdirdiyini deyən natiq vurğulayıb ki, kinoplakatlar filmin yaradıcı heyətinin obrazlı təfəkkür üsulunu yox, həm də kadrların statik təsvirini tamaşaçıya təqdim edə bilir. “Azərbaycan kinosu 120 yaşını qeyd edir. Bu illər ərzində ekranlaşdırılan filmlərdə kinorəssamlarımız müxtəlif janrlı ekran əsərlərinə kinoplakatlar çəkib, fotomontajlar hazırlayıblar. Sərgidə nümayiş etdirilən plakatlarla tanış olduğumuz zaman bütün bunları rahat görə bilirik”, - deyə C.Quliyev söyləyib.

Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə və Xalq Rəssamı Arif Hüseynov sərgidə yer alan kinoplakatların yaranma tarixindən danışıblar. Bildirilib ki, kinoplakatlar ilkin mərhələdə ziyarətçilərdə filmlərin mövzusu, rejissor ideyası, aktyor ansamblı haqqında ilkin təəssürat yaradır. Bu mənada ustalıqla yaradılan kinoplakatları filmlərin təbliği və sevilməsi baxımından əsas amil kimi qiymətləndirmək olar.

Sonra qonaqlar sərgi ilə tanış olublar. /azertag.az/

# 1519 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #