Regionların kino dərdi – RƏSMİ TƏDBİR

Regionların kino dərdi – <span style="color:red;">RƏSMİ TƏDBİR
23 avqust 2017
# 12:42

Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə Bakıda və ölkəmizin regionlarında film nümayişi işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində atılan addımlardan danışıb.

Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib: “Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir”.

Görülən işləri yüksək qiymətləndirən nazir müavini bununla yanaşı regionlarda film nümayişinin çox aşağı səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevtərəfindəm əmr imzalanıb: “Bundan sonra, hər il sentyabrın 15-də ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu tarixdən başlayaraq, regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək”.

Ədalət Vəliyev qeyd edib ki, regionlarda filmlərin nümayiş etdirilməsi prosesində Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da yaxından iştirak edəcək. Nazirlik tərəfindən təmin ediləcək filmlər ilk mərhələdə pulsuz nümayiş olunacaq. Gələcəkdə milli filmlərlə yanaşı, xaricdə istehsal olunan ekran əsərlərinin də nümayişi nəzərdə tutulur.

Nazir müavini kino mövsümünün açılşına az müddət qaldığını diqqətə çatdıraraq hazırlıq işlərinin sürətləndirilməsi və qarşıya çıxan çətinliklərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verib.

# 2077 dəfə oxunub

Müəllifin son yazıları

# # #