Üzeyir Mehdizadə: “Qara millətin mahnısı olmamalıdır?”

Üzeyir Mehdizadə: “Qara millətin mahnısı olmamalıdır?”
2 fevral 2015
# 11:25

Kulis.az gənc ifaçı, meyxanaçı Üzeyir Mehdizadənin “Kaspi” qəzetinə verdiyi müsahibəni təqdim edir.

- Mahnılarınızı özünüz yazır, özünüz də ifa edirsiniz. Bəstəkar və söz yazarlarına verməyə pulunuz yoxdur, yoxsa “xeyir özümə qalsın” deyirsiniz?

- Mahnılarımın taleyini kiməsə etibar etmirəm. Mahnını özüm yazmasam, ifa edərkən onu yaşamaqda çətinlik çəkərəm. Əslində mənə bir çox söz yazarlarından və bəstəkarlardan təkliflər gəlib. Hətta mənə yaxınlaşıb, pulsuz olaraq musiqi və mahnının sözlərini də vermək istədiklərini bildiriblər. Həmin insanlara izah etmişəm ki, mən yalnız öz yazdıqlarımı oxuya bilərəm, başqalarının yazdıqlarını ürəkdən oxuya bilmərəm. Bu mənim içimdən gəlməlidir. Onu da deyim ki, musiqi savadım da var. Fortepiano sinfini bitirmişəm. Özümü bəstəkar saymıram, amma bir məqamı qeyd etmək istərdim. Sözsüz ki, bu gün sənətin yaşamasında ömürlərinin çox hissəsini bu yolda sərf edənlərin böyük əziyyətləri var. Amma sabah onlar həyatda olmayanda sənəti kim yaşadacaq? Təbii ki, biz cavanlar. Məncə, insanlar tərəfindən sevilən şəxslərin sənəti qəbul olunmalıdır.

- Ziyalı kütlənin sizə marağı azdır. Ancaq buna baxmayaraq, bəzi gənclər sizdən çox təsirlənirlər. Buna görə özünüzü günahkar hesab edirsinizmi?

- Siz hansı kütlədən danışırsınız?

- Qeyd etdiyimiz kimi, ziyalılardan, musiqi zövqü yüksək olanlardan və yaşlı insanlardan söhbət gedir.

- O, sizə elə gəlir. Bu tip xəbərləri qara piar kimi məni gözdən salmaq üçün söyləyirlər. Sevilirəm və məni camaatın gözündən salmaq üçün bilmirlər nəyə əl atsınlar. Bir ara Aygün Kazımova, Röya və Faiq Ağayevi də sıxışdırdılar. Amma onlar yenə də gündəmdə qaldılar. Gah “bozbaş”, gah da “qara millət” söhbətini ortaya atırlar. Meyxana sənətində “bozbaş” söhbəti yoxdur. Bəlkə “qara millət”ə mahnı oxunmamalıdır? Bunların hamısı şayiədir. Bildiyiniz kimi, bir çox tədbirlərə qatılıram və orada yaşlı nəslin nümayəndələri mənə yaxınlaşıb bildirirlər ki, heç kim bizim adımızdan danışmasın, biz səni bəyənirik. Xahiş edirəm ki, heç kim yaşlı nəslin adından danışmasın. Hətta onlar mənə bildirirlər ki, bu tip sözlər onların belə acığına gəlir.

- Mahnılarınızın çox sadə və primitiv olduğunu söyləyirlər. Bu fikirlərlə razısınızmı?

- Bəli. Sadəlik özü bir gözəllikdir. Onu düz deyirlər. Mənə elə gəlir ki, gözəlliyi üzə çıxaran məhz sadəlikdir. Bəzən mahnılarımda ağır sözlərdən istifadə edirəm. Ancaq görürəm ki, tamaşaçılar onu çətinliklə qəbul edir. Təcrübəmdən qaynaqlanıb deyə bilərəm ki, sadə mahnılara maraq daha çoxdur. Dinləyicilər həmin mahnını asanlıqla başa düşür və qəbul edirlər.

- Mahnılarınızda tez küsən, sevgilisindən ayrılan bir obraz var. Maraqlıdır, mahnılarınızın qəhrəmanı özünüzsünüzmü?

- Bəzən elə hallar olur ki, onları yaşayıb yazıram. Hərdən də elə olur ki, ətrafımda olan insanların başına gələn əhvalatlardan təsirlənirəm. Özümə yaxın bildiyim mövzulara daha çox toxunuram. Elə mövzular var ki, onlar mənə çox tez təsir edir və ilhamlanıb mahnının sözlərini yazıram. Mahnılarım bu şəkildə ərsəyə gəlir.

- Həyatınızda sevib, ancaq sevilmədiyiniz anlar olubmu?

- Ümumiyyətlə, mən şəxsi suallara cavab vermirəm. Bu tip suallardan xoşum gəlmir.

- Mahnılarınızı eşitsək də, kliplərinizi görmürük. Klip çəkdirmək üçün pulunuz yoxdur?

- Bir il bundan qabaq klip çəkdirmişdim və onun 3 milyondan artıq baxış sayı oldu. Azərbaycan kimi çox da böyük olmayan bir ölkə üçün bu böyük uğurdur. Mənə elə gəlir ki, klipi izləyən 3 milyonun hamısı Azərbaycan vətəndaşları deyildi. Bu klipə xarici ölkələrdən də baxıblar. Ona görə də bu qədər baxış sayı toplayıb. Adətən ən çox baxılan video bir milyonu keçir. Gələcəkdə tam başqa bir formatda klip çəkdirmək istəyirəm. Bəlkə də Azərbaycanda elə bir “kino” çəkilməyib. Allahın köməkliyi ilə qeyri-adi bir klip çəkdircəyəm.

- Gənclərin nəbzini necə tutursunuz?

- Mən daha çox gördüyüm, yaşadığım həyatı səmimi şəkildə dilə gətirirəm. Hesab edirəm ki, hər bir sahədə səmimiyyət olsa, daha çox sevilər. Qarşındakı insanla söhbət etdikdə, ondan səmimiyyət görmədikdə həmin insanın söhbətini dinləmək istəmirsən. Gənclər hər zaman səmimi sözlərə üstünlük veriblər və mənim mahnılarımda da səmimiyyət özünü bariz şəkildə göstərir.

- Deyirlər, gənclər arasında ən çox pul qazanan ifaçılar sırasındasınız.

- Ən çox qazanan ifaçı deyəndə ki, mənim heç kimin cibindən xəbərim yoxdur. Ola bilər ki, məndən də yaxşı qazanan ifaçılar var. Hamı bilir ki, ölkədən kənarda ən çox çıxış edən ifaçılardan biri mənəm. Hazırda elə bir vəziyyət yaranıb ki, Azərbaycanda çox nadir hallarda tədbirlərdə iştirak edirəm. Daha çox xarici ölkələrin konsert salonlarında oxuyuram. Elə ölkələr var ki, bizim dilə tamamilə yaddır. Mahnılarımızın sözlərini anlamırlar. Ancaq mahnılarımı o qədər sevərək dinləyirlər ki… Türkdilli ölkələrdə mahnılarımı başa düşdükləri və anlayaraq mənimlə bərabər oxuduqlarının şahidi olmuşam.

- Xaricdə çoxsaylı konsertlər verdiyinizi deyirsiniz. Nə üçün Azərbaycanda konsert proqramı ilə çıxış etmirsiniz?

- Konsert verməyi düşünürəm, ancaq istəyirəm ki, hər şey tamam başqa bir formatda olsun. Müəyyən məqamlar var ki, onların olmasını gözləyirik. Necə ki, xaricilər Azərbaycan mahnılarının sözlərini başa düşməsələr belə, dinləyirlər, sevdikləri müğənninin konsertinə gələ bilərlər, istəyirəm ki, xaricdə yaşayan pərəstişkarlarım konsertim olan zaman Bakıya gəlib, məni məhz buradan dinləsinlər.

- Maraqlıdır ki, efirlərə çox az çıxırsınız, klipləriniz də çox deyil. Necə olur ki, mahnılarınız sərhədləri aşır?

- Bu mənim seçdiyim mahnılardan və oxunuş tərzimdən qaynaqlanır. Mənim özümdən asılı deyil. Artıq bu mənim canıma hopub. İlham gələn zaman beynimə bədahətən sözlər gəlir. Həmin sözləri avtomatik olaraq dostlarımın yanında qısa bir zümzümə edəndə onların dilinə düşür. Mahnı hazır olmamış sözləri dillər əzbərinə çevrilir. Bu, Allahın işidir. Allah kimi istəyir qaldırır, kimi istəyir endirir. Kimə istedad verir, kimdənsə onu əsirgəyir.

- Üzeyir Mehdizadə hazırda hansı layihələr üzərində çalışır?

- Bu yaxınlarda dinləyicilərə yeni mahnımı təqdim edəcəyəm. Mahnını həm Azərbaycan, həm də rus dilində ifa etmişəm. Qarşıda yeni duetlərim də olacaq. Bildiyiniz kimi, mənim üçün məşhur insanla oxumaq vacib deyil. Əsas odur ki, gözəl bir iş ortaya çıxsın. Səs tembrimə uyğun olan ifaçı olarsa, gələcəkdə həmin müğənni ilə də duet oxuyaram.

# 1302 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #