Mandela özü haqqında çəkilən filmin premyerası günü öldü

Mandela özü haqqında çəkilən filmin premyerası günü öldü
6 dekabr 2013
# 17:31

Nelson Mandela həyatı haqqında çəkilən sənədli filmin Londonda premyerası günündə vəfat edib. Kulis.Az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi xəbərə görə Mandelanın ölüm xəbərini qonaqlar “Mandela: Azadlığa gedən uzun yol” adlı filmin nümayişi zamanı eşidiblər. Qonaqlar arasında şahzadə Uilyams və xanımı Keyt də olub.

Premyeranın təşkilatçıları film nümayişini yarımçıq dayandırmaq istəyiblər, amma Mandelanın qızları iştirakçılara filmə sonadək baxmağa icazə veriblər.

Final titrlərindən dərhal sonra Mandelanın qızları zalı tərk ediblər. Mandela uzun müddətdir ki, xəstə idi və vəziyyəti olduqca pis idi. Premyeradan əvvəl Mandelanın qızlarından biri Zindzi atası haqqında bunları deyibmiş: “Atamın vəziyyəti yaxşıdır. Sadəcə 95 yaşda belə vəziyyət tipikdir.”

Filmin prodüseri Anand Sinqx nümayişdən sonra Mandelanın ölümünü zaldakılara elan edib və onun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Filmdə Nelson Mandelanın obrazını yaradan İdris Elba isə bunları söyləyib: “Mən bu hadisədən sarsılmışam və dünyadakı hər kəs kimi matəm içindəyəm. Biz dünyanın ən böyük adamlarından birini itirdik. Onunla tanışlıq mənim üçün böyük şərəf idi.”

# 2226 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #